SSRİ-nin süqutundan sonra formalaşan yeni dünya nizamında beynəlxalq təşkilatların və vasitəçilik institutlarının “ədalətli arbitr” missiyası da ciddi suallar doğurmağa başladı.
Xüsusilə böyük dövlətlərin maraqlarının toqquşduğu münaqişələrdə beynəlxalq hüquq çox zaman selektiv şəkildə tətbiq edildi, qəbul olunan qətnamələr isə ya icra olunmadı, ya da siyasi alətə çevrildi.
Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində ATƏT-in Minsk qrupunun fəaliyyəti də həmin ikili standart siyasətinin ən açıq nümunələrindən biri kimi tarixə düşdü.
ATƏT-in “ölü doğulan” mexanizmi
Bu bədnam qrup haqqında ilk müzakirə ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixlində Helsinkidə keçirilən görüşündə aparılır. Həmin görüşdə Ermənistan-Azərbaycan arasındakı münaqişə vəziyyəti müzakirə olunur və ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilir.
Qrupun tərkibində 11 ölkə təmsil olunur. Qısa zaman sonra həmsədrlik ideyası ortaya atılır. Beləcə, 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Fransa və Rusiya başçılıq edirlər. Bununla da qrupun digər üzvləri oyundankənar saxlanılır.
Bu qərar Minsk qrupunun mahiyyətini və hədəflərin açıqlamış oldu.
SSRİ dağılandan sonra ABŞ dünyanın təkbaşına idarə etmək istəyirdi. Amma həm Rusiya, həm də Avropa dövlətləri Vaşinqtonun istəyinə qarşı çıxış edirdilər. Fürsət düşdükcə Beynəlxalq məsələlərdə Rusiya və Avropa dövlətləri öz maraqlarını ortaya qoyurdular. Eyni zamanda beynəlxalq təşkilatlarda təmsilçiliklə bu ölkələr dünyanın idarə olunmasında iştirak etmək istəyirdilər.
Fikrimizin sübutu üçün bir faktı yada salaq. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Errmənistanın işğalçılıq siyasətini pisləyən 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul etdi. Bəziləri bunu BMT TŞ-nin münaqişəyə ədalətli yanaşması kimi göstərməyə çalışır. Amma bu zamana kimi bu məsələyə çox az diqqət edilib. BMT TŞ-nin bir ildə münaqişə ilə bağlı dörd qətnamə qəbul etməsinin tək səbəbi Təhlükəsizlik Şurasında dost Pakistanın sədrlik etməsi idi.
Yada salaq ki, TŞ-yə sədrlik rotsiya qaydasında hər il dəyişir. 1993-cü ildə TŞ-na Pakistanın sədrlik etməsi sayəsində BMT ilk və son dəfə Ermənistanın təcavüzkar olmasını təsdiqlədi. Ondan ötən 27 il sonra BMT TŞ bir də heç zaman Ermənistanı işğalçı kimi pisləmədi.
Bu da onu göstərir ki, Beynəlxalq təşkilatlar qlobal güclərin əlində sadəcə təzyiq mexanizmidir. O cümlədən də ATƏT-in Minsk qrupu... Belə olmasa idi həmsədrlik institutu təsis olunmaz, digər üzvlər oyundankənar saxlanılmazdı.
Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinə baxışı
Həmsədrliyin fəaliyyətdə olduğu 28 ildə həmsədrlər heç zaman Ermənistanı işğalçı kimi tanımadı. Halbuki anoloji proseslərdə həm ABŞ, həm Fransa, həm də Rusiya çox zaman daha qətiyyətli görünüblər. Məsələn, İraq Küveytə hücumu zamanı ABŞ və bəzi Avropa dövlətləri BMT TŞ-nin qətnaməsini gözləmədən Fars körfəzinə qoşun çıxartdılar, İraqı geri çəkilməyə məcbur etdilər.
Amma nədənsə nə ABŞ, nə Fransa, nə də Rusiya Ermənistanın işğalçılıq siyasətini durdurmq üçün hər hansı qətiyyət göstərmədilər. ATƏT-in Minsk qrupunda danışıqlara vasitəçilik etmiş həmsədr ölkələrin işğalçının Ermənistan olduğunu çox yaxşı bilə-bilə qətnamələrdə Ermənistanı işğalçı kimi göstərməmələri onların problemin həllində maraqlı olmadıqlarını sübut edir.
Bədnam həmsədrliyin utancverici pərdəarxası
Minks qrupu həmsədrlərinin məsələyə tam fərqli yanaşması vardı. Bu yanaşma imkan vermirdi ki, həmsədrlər sülhün əldə olunması üçün Ermənistana hansısa təzyiq mexanizmi tətbiq etsin. Ermənistan hər zaman Rusiyanın forpostu olub. Bu ölkədə Rusiyanın hərbi bazası və Azərbaycan torpaqlarının işğalında həmin hərbi bazanın xüsusi rolu var. Belə bir vəziyyətdə Rusiya heç zaman ədalətli mövqe nümayiş etdirə bilməzdi və etdirmədi də.
ABŞ və Fransada güclü erməni diasporu var. Bu diaspor çox asanlıqla bu ölkələrin siyasətçilərini və dövlət rəsmilərini ələ ala bilir. Hətta bu iki ölkədə seçkilərdə erməni diasporu xüsusi güc kimi qəbul edilir. Belə vəziyyətdə hansıa Amerika və yaxud Fransa rəsmisinin korporativ maraqları bir yana qoyub ədalətli mövqe nümayiş etdirəcəyi təbii ki, inandırıcı gəlmir.
Minsk qrupu həmsədrliyindən geri qalan iyrənc xatirələr
ATƏT Minsk qrupu həmsədlərinin nümayəndələri fəaliyyətdə olduqları dövrə ildə iki dəfə münaqişə tərəfi olan ölkələrə səfərə gəlirdilər. Təbii ki, onların gəlişi, qarşılanması və yerləşdirilməsi xüsusi xərc aparan prosedur idi. Səfərə gələn nümayəndələr çox zaman mətbuat qarşısına içkili vəziyyətdə çıxır, nə danışacaqlarını bilmədikləri üçün çox zaman gah saqqallarını əlləşdirirdilər, ya da burunlarını eşirdilər.
Yəni “xüsusi nümayəndə”lər regiona problemin həlli üçün yeni təkliflərlə yox, istirahət üçün gəlirdilər. Xüsusi nümayəndələrdən biri Anjey Kasprşikin öz fəaliyyətinə əla maaş yeri baxması və bunu etiraf etməsi Minsk qrupunun əsl simasının ifşasıdır.
ATƏT Minsk qrupunun əsl hədəfləri
Minsk qrupunun həmsədr ölkələrinin hər biri Ermənistan-Azərbaycan münaqişəsinə öz maraq prizmasından baxırdı. Həmin maraqların içərisində münaqişənin ədalətli həlli yox idi. Həmsədr ölkələr çalışırdı ki, münaqişə onilliklər boyu uzansın.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı təəssüflə bildirmişdi ki, bu gün Ermənistanda hələ də yüksəkvəzifəli şəxslər Minsk qrupu haqqında sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub.
“1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb”.
Azərbaycan ATƏT Minsk qrupunun planlarını necə iflasa uğratdı?
Təbii ki, Azərbaycan ATƏT Minsk qrupu həmsədrlərinin ikili oyunu və Ermənistanın işğalı ilə uzun müddət barışa bilməzdi. Və belə də oldu. 2020-ci ilin payızında Azərbaycan BMT və ATƏT-in həll edə bilmədiyi problemi cəmi 44 günə çözdü.
Halbuki həmin günlərdə həmsədr ölkələrdən Azərbaycan güclü təzyiqlər görürdü. Prezident İlham Əliyev Zəngilan şəhərinə qayıdan sakinlərlə görüşündə bu məsələni xüsusi vurğulayıb:
“O vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr, hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.
Görün biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər".
Minsk qrupunun həzin sonu
Hətta 44 günlük müharibənin nəticələrindən sonrakı reallığı da həmsədr ölkələr bir müddət qəbullanmaq istəmədilər. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti bunun sonunu gətirdi. 2025-ci ilin avqus ayının 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Azərbaycan lideri davamlı sülhün təminatı üçün əsas şərtlərdən birinin Minsk qrupunun ləğv edilməsi olduğunu irəli sürdü.
Məhz bundan sonra 2025-ci ilin sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edildi. Minsk prosesinin bağlanması haqqında qərara Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv 57 ölkə tərəfindən yekdilliklə səs verildi.
Beləliklə Azərbaycanın qətiyyəti hesabına daha bir bədnam təşkilat beynəlxalq siyasət səhnəsindən silindi...
Surxay Atakişiyev, Bizim.Media







































































































