Tanınmış hüquqşünas Aslan İsmayılov baş prokuror Zakir Qaralova açıq məktubla müraciət edib. Moderator.az həmin müraciəti oxuculara təqdim edir:
“Azərbaycan Respublikası
Baş Prokuroru, I dərəcəli Dövlət Ədliyyə müşaviri Zakir Qaralova
A Ç I Q M Ə K T U B
Cənab Baş Prokuror!
Son dövrlər mətbuatda Sizə qarşı irəli sürdüyüm
ittihamlarla yəqin ki, tanışsınız. Ən azından Siz bilirsiniz ki, Sizinlə heç
bir ədavətim, şəxsi qərəzim yoxdur. Biz-birimizi 1989-cu ildən, AR
Prokurorluğunda işə başladığım gündən tanıyırıq. Sizi çox "bacarıqlı",
məni isə "bacarıqsız", həyatı başa düşməyən kimi tanıyırdılar. Heç
vaxt rüşvət almasam da, məhkumlara təyin olunmuş cəzanın ağırlığı ilə
razılaşmadığıma görə bu barədə hamıdan çox protest layihəsi hazırladığımdan mənə
ləqəb verilməsindən, kollektivə qaynayıb qarışmamağımdan da yəqin ki, xəbəriniz
var idi. Heç bir ədavətim olmadığı halda nə üçün 15 nəfərin ölümü ilə nəticələnən
yanğın hadisəsində birbaşa Sizi ittiham etməyim çoxları, o cümlədən Sizin üçün
maraqlı olacağından açıq məktubla müraciət edirəm. Bu gün ölkədəki hərc-mərclik,
cəzasızlığın hökm sürməsi, məmur özbaşnalığı, korrupsiyanın tüğyan etməsi nəticəsində
artıq insan ölümlərinin baş verməsi (tək sonuncu yananları yox, buna qədər məmur
özbaşnalığından həyatlarına qəsd edən Qarabağ qaziləri və digərilərini də daxil
edirəm), kriminogen vəziyyətin günü-gündən pisləşməsi hamı kimi məni də çox
narahat edir. Hüquq mühafizə orqanlarına və məhkəmələrə son söz deyən şəxsin
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olduğunu hamı kimi mən də
bilirəm. Məhkəmələr və Prokurorluq orqanlarında Ədliyyə naziri Fikrət Məmmədovun
tapşırığının qanundan da üstün olduğu da sirr deyil. Bu gün başımıza gələn
bütün bəlaların (tüğyan edən korrupsiya, insan haqlarının, mülkiyyət
hüquqlarının pozulması və s.) məhz məhkəmə və prokurorluq sistemində olmasında
heç bir şübhəm yoxdur. Əgər Siz obyektiv, hərtərəfli, ədalətli istintaq
aparsanız, məhkəmələr tapşırıq və maddi maraqlar əsasında yox, qanun əsasında qərar
qəbul etsəydilər əminəm ki, Azərbaycanın adı bu gün dünyada insan haqlarının, məmur
özbaşınalığının ölkələri siyahısında lider kimi hallanmazdı. Vətəndaşlarımız
haqsızlıqlardan fəryad qopartmaz, özlərinə qəsd etməz, insanlar diri-diri
korrupsiya tonqalında yanmazdılar. Özüm hüquqşünas olduğumdan baş verənləri
birinci növbədə qanunların icra olunmamasında görürəm. Azərbaycan
Respublikasının əsas qanunu olan Konstitusiyanın 133-cü maddəsinin 1-ci bəndində
deyilir: “AR Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda
qanunların icra və tətbiq olunmasına nəzarət edir”x9d. Eyni qayda daha geniş
formada “Prokurorluq haqqında”x9d AR Qanununda təsbit olunub. Deməli, ölkədə baş
verən bütün qanunsuzluqların qarşısını almaq birinci növbədə Sizin 2000-ci ildən
bu günə qədər başçılıq etdiyiniz prokurorluq orqanlarının vəzifəsidir. Əvəzində
nə baş verir?
Ölkədə vəzifəli şəxslər ancaq öz ölçülməz nəfsləri
ucbatından heç bir müqaviləsiz, insan həyatı üçün təhlükəli olan üzlüklərlə az
qala ölkənin yarısını bürüyür, büdcədən yüz milyonları talayır, bu dərəbəylik nəticəsində
15 nəfər həlak olur, onlarla insan xəsarət alır, minlərlə insanın həyatı təhlükəyə
qoyulur, prokurorluq orqanları isə susur. Mən hələ o milyonların Maliyyə
Nazirliyi tərəfindən necə ayrıldığını, Versal qəsrinə bənzər iqamətgahda
oturan, nadir hallarda maliyyə pozuntuları barədə, sonda heç bir nəticəsi
olmayan, bəyanatlar verən Hesablama Palatasının da bu dəfə susmasını demirəm. Məni
dəhşətə gətirən faciənin baş verəcəyi barədə 1 ay əvvəl bütün ölkəyə, o cümlədən
şəxsən Sizə ünvanlanmış 14 aprel tarixli məktub da deyil. Dəhşətə ondan gəlirəm
ki, AR Prezidenti yanında faciədən dərhal sonra keçirilən müşavirədə hansı
soyuqqanlıqla son iki yanğından əvvəl hələ 2012-ci və 2014-cü ilin fevralında
da Sizdə “siqnal”x9d olduğunu bəyan etdiniz. Çox təəssüf edirəm ki, orada heç kim
Sizə “Bəs niyə tədbir görməmisiniz”x9d sualını vermədi. Başçılıq etdiyiniz
prokurorluq o qədərmi acizdir? Doğrudanmı bu gün həbs etdiyiniz RİH-nin şöbə rəisindən,
JEK müdirindən qorxdunuz? Bu yazını yazarkən moderator.az saytının müxbiri zəng
edib sökülən 42 villa ilə bağlı Bakı şəhəri İH başçısı Hacıbala Abutalıbovun bəyanatına
münasibətimi soruşdu. Cavabım, müxbiri qane etməsə də, qısa oldu: “Bu gün ölkədə
baş verənlər qarşısında qanun və məntiq gücsüz olduğundan heç nə deyə bilməyəcəm”x9d.
Bəli, artıq baş verənlərə cavab vermək iqtidarında deyiləm. Prokurorluqda işləsəm,
orada çalışan çoxlu sayda peşakarları tanısam, qanunlara bələd olsam da bu gün
prokurorluq orqanlarının mövqeyini, nə işlə məşğul olduqlarını başa düşə bilmirəm.
Doğrudanmı Sizin vəzifəniz 200 manat rüşvət alan müəllimi, həkimi, 10 min manat
mənimsəyən iş icraçısını, 100 min manat dələduzluq edib insanların pulunu mənimsəyən
ev tikənləri tutmaqdır? Həqiqətənmi məhz Sizin dövrünüzdə yaranmış Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının talan edilən milyardlardan xəbərləri
yoxdur? Beynəlxalq Bankdan 6 milyard manatın talanması birbaşa həmin idarənin səlahiyyətinə
aid olsa da nə üçün istintaq bu tip işlərə heç bir aidiyyatı olmayan DİN-də
aparılır? Yoxsa səlahiyyətiniz 10 min manat vergidən yayınmış müxalifətçini
tutub hay-küylü bəyanatlar verməyə çatır? Hələ keçmiş əsrlərdə Çar Rusiyasında
prokurorluğa “hakimiyyətin gözü”x9d (ока гоÑx81ударьевo) deyirdilər. Ancaq o dövrlərdə də prokurorluq bu qədər
biabırçı vəziyyətdə olmamışdır. Məndən rüşvət tələb edən Reyestr Xidmətinin
sıravi bir əməkdaşının cinayət məsuliyyətinə alınması üçün Sizin idarənin çox
mühüm vəzifə tutan bir əməkdaşına etdiyim müraciətimə verilən “biz o xidmətdən
kimi isə tutsaq özümüzü həbs edərlər”x9d cavabı bu günki prokurorluğun göstəricisidir.
Heç bir Baş Prokuror dövründə prokurorluq belə aciz olmamış, Sizdən əvvəlki heç
bir Baş Prokurorun da adı Sizin qədər biznes aləmində hallanmamışdı.
Yazı masasına oturanda çox nizamlı, əhatəli bir yazı
fikirləşmişdim. Baş verənlər gözümün önünə gəldikcə beynim tamam qarışdı. Ona
görə bütün ölkədə baş verənlər, KİV-lərdə dərc olunan minlərlə cinayət
xarakterli məlumatlardan deyil, haqqımda görüləcək tədbirlər üçün konkret
faktlar tələb edəcəyini bildiyimdən özüm haqqımda imza atdığınız
qanunsuzluqları sadalayacam.
Cənab Baş Prokuror!
Yazının əvvəlində bildirdim ki, Sizə qarşı heç vaxt qərəzim
olmayıb və bu gün də yoxdur. Siz Baş Prokuror təyin olunduqdan sonra heç vaxt məni
qəbul etmədiniz. Hərçənd ki, Sizə qədər olan Baş Prokuror, digər güc
strukturlarının rəhbərləri qanuna uyğun olaraq xahiş etdiyim vaxt məni qəbul
ediblər. Sizin məni qəbul etməməyinizin səbəbləri bəllidir. Biz bir-birimizi
çox yaxşı tanıyırdıq, bir də Sizdə olan qorxu idi ki, birdən deyərlər
“yerlisini qəbul etdi”x9d. Baxmayaraq ki, Siz də gözəl bilirsiniz ki, mən heç vaxt
özümü haralı isə saymamışam. Ədalət naminə qeyd edim ki, Siz məni bircə dəfə qəbul
etdiniz. O da AR Prezidenti İlham Əliyev məni qəbul etdikdən az sonra. Yəqin
ki, Siz də başqaları kimi hesab etdiniz ki, artıq mən də bir çoxları kimi
“hakimiyyətin adamı”x9d oldum.
İndi isə Sizin haqqımda etdiyiniz qanunsuzluqları
sadalayım. 2000-ci ildə Baş Prokuror təyin olunduqdan bir ya iki gün sonra şəxsən
Siz “Monitor”x9d jurnalının və bütün müxalifət qəzetlərinin çap olunduğu, mənə məxsus
olan “Baku Printing Press”x9d mətbəəsi haqqında cinayət işi qaldırdınız. Cinayət
işinin qaldırılmasına əsas həmin gün Sizə ünvanlanmış Vergilər Nazirinin bir səhifədən
ibarət məktubu olmuşdu. Həmin məktubda heç bir məbləğ göstərilmədən, araşdırma
aparılmadan qeyd olunmuşdu ki, guya mətbəə vergidən yayınıb. Sizin iştirakınıza
heç bir ehtiyac olmadığı halda, cinayət işinin qaldırılması haqqında qərarı
özünüz imzaladınız və istintaq aparılması üçün Xətai rayon prokurorluğuna göndərdiniz.
“Monitor”x9d jurnalının təsisçiləri - mən və rəhmətlik Elmar Hüseynov idi. Elmarı
yazıya görə həbs etdirdiniz. Mənim həbsimə zəmin yaratmaq üçün isə bacımın həyat
yoldaşı, dayımın oğlu haqqında cinayət işi qaldırtdınız, həbsinə nail oldunuz.
2005-ci ildə Zülfüqarlı qardaşlarının vəkili olduğum
dövrdə Sizin tapşırığınızla idarə rəisi Kamal Qılıcov guya cinayət işində
maraqlı olduğumdan mənim istintaqdan kənarlaşdırılmağım barədə DİN-in MCMBİ-nə
məktub göndərdi. Elə həmin gün mənə bəlli oldu ki, heç vaxt üzünü görmədiyim,
N.Zülfüqarlının yanında işləyən Haqqı adlı birisindən ifadə alınıbdır. İfadədə
göstərilimişdir ki, guya heç vaxt üzünü nə özümün, nə də ki, iş yoldaşlarımın
görmədiyi həmin şəxs təsisçisi olduğum “VİZA”x9d hüquq firmasında işləmiş, mənim
tapşırığımla Zülfüqarlıların yanında işə götürülmüş, sonra onun şahidliyi ilə mən
İqtisadi İnkişaf Naziri olmuş F.Əliyevlə yaxın münasibətlərimdən istifadə edərək
dəyəri milyonlarla ölçülən “Bakı Poladtökmə”x9d, “Elektroştamp”x9d zavodlarını özəlləşdirmişəm
və həmin zavodların səhminin 30 %-i mənə məxsusdur. Tələskənlikdən dəfələrlə, o
cümlədən həmin hadisələrdən az əvvəl KİV-lərdə F.Əliyevi qanunsuzluqlarda
ittiham etməyim də nəzərdən qaçmışdı. Elə həmin gün də mənə bəlli oldu ki,
haqqımda həbs qətimkan tədbiri seçilib və həbsim həftənin beşinci gününə
planlaşdırılıb. Dərhal vəkillə müqavilə bağladım. O dövr məni həbsdən xilas edən
AR Prezidenti İlham Əliyevlə az əvvəl görüşməyim və bu əsasda haqqımda baş verənləri
ona çatdırmaq imkanımın olması oldu. Bir gün sonra elə həmin idarənin istintaq
şöbəsinin rəisi, şəxsən mənə və ANS TV-dən bütün ölkəyə qərarı elan etmiş
F.Süleymanov mənə zəng edib, heç nə olmamış kimi, yenidən istintaqa dəvət etdi.
Bu gün də həmin idarədə işləyənlər hər dəfə məni görəndə onlara “zavodlarımın
30%-ini mənə qaytarın”x9d zarafatımı yada salırlar.
Dəfələrlə Sizə Baş Prokuror kimi haqqımda baş verənləri,
Zülfüqarlı qardaşlarının qanunsuz həbsindən, zavodlarının əllərindən alındıqdan
sonra həbsdən azad olunmaları barədə müraciət etsəm də bu günə qədər cavab almamışam.
2013-cü il may ayının 18-də qanunsuz olaraq DİN-in
BMCMİ-nin qarşısından vəkillik fəaliyyətimi həyata keçirərkən Nərimanov RPİ-nə
aparıldım, mədəni formada tənqidi fikirlərimdən vaz keçməyim tələb olunmaqla xəbərdar
edildim. Bu barədə də Sizə şikayət etdim. Cavab vermədiniz.
2013-cü il may ayının 30-da DİN-in BMCMİ-nin istintaq
şöbəsinin müstəntiqi Canpolad Daanov (az sonra həmin şöbənin rəis müavini, hal
hazırda isə rəisi) tərəfindən aldadılma yolu ilə idarəyə dəvət olundum,
tanımadığım idman cüssəli başqa bir şəxsin iştirakı ilə vuruldum, bir daha
hakimiyyət haqqında tənqidi fikir səsləndirəcəyim təqdirdə öldürüləcəyimlə təhdid
olundum. DİN-in birinci müavini Vilayət Eyvazov, nazir Ramil Usubov tərəfindən,
müraciət etməsəm də qəbul olundum, dinlənildim, Sizə isə haqqımda cinayət törətmiş
şəxslər haqqında cinayət işi qaldırılması barədə onlarla dəfə müraciət etsəm də
nəinki qəbul etdiniz, heç bu günə qədər cavab da vermirsiniz. Doğrudanmı hesab
edirsiniz ki, mən, artıq həyatının önəmli hissəsini yaşamış bir şəxs,
haqqımdakı təhqiri, zorakılıqları kimlərə isə bağışlayacam?! Əgər belə hesab
edirsinizsə çox səhvsiniz! Mən şəxsi ləyaqətini qoruyan bir insanam!
Az sonra Səbail rayon məhkəməsinin hakimi Elnur Həsənovun
böhtan xarakterli məktubuna əsasən vəkillikdən xaric edildim. Bu barədə də Sizə
müraciət etdim və bildirdim ki, haqqımda yazılanlar böhtandır və bunu çox
asanlıqla yoxlamaq olar. Çünki, Səbail məhkəməsinə girişdən hakimin otağına qədər
beş ədəd videokamera baş verənləri daim qeydə alır. Ondan başqa mən hakimin
otağına özbaşına girə bilməzdim, çünki onun qapısı xüsusi, ancaq hakim tərəfindən
işə salına biləcək, açarla təchiz edilib və izi itirmək üçün gecə ilə həmin
qapı yenisi ilə əvəz edilib. Qapı yenidən qoyulduğundan, divar və ətrafa yeni rəng
vurulduğunu çox asanlıqla müəyyət etmək olardı.
Burada Sizə və oxuculara maraqlı gələcək bir faktı da
göstərmək istəyirəm. 1999-cu ildə eyni qaydada vəkillikdən xaric olunmağımdakı
xidmətlərinə görə o vaxtlar vəkil olmuş 6 nəfər məhkəmə sədri, hakim və digər
yüksək vəzifələrlə mükafatlandırıldılar. Məni təhqir etmiş, ölümlə təhdid
etmiş, vurmuş, C.Daanov az müddət sonra istintaq şöbəsinin rəisi, haqqımda
böhtan yazmış Səbail məhkəməsinin hakimi isə bir ay sonra Apellyasiya məhkəməsinin
hakimi vəzifəsinə yüksəldilər. Artıq bu yöndə mənimlə zarafat da edirlər ki, “sənə
bir pislik edə bilsək, heç olmasa vəzifə alardıq". Zarafatla deyirəm, həqiqətdə
isə ağlamalı bir haldır, çünki tək mənə qarşı deyil, digərilərinə qarşı da
haqsızlıq edənləri tez bir zamanda mükafatlandırırlar. Fəvvəralar meydanı ərazisində
insanlıqdan uzaq davranışınlı polis leytenantı tanıyırdım. Bu günlərdə isə onu
insanları qovan yerdə artıq mayor rütbəsində gördüm.
Nəhayət,
Zülfüqarlı qardaşlarının zavodlarını mənimsəyən, dəfələrlə məni pulla almaq istəyən,
bu alınmadıqda hədələr göndərən, bu günə qədər heç bir ittihamımaza cavab verməyən,
yeganə tək-tük qısa cavablarında isə KİV-lərə adıçəkilən zavodlara heç bir
aidiyyatı olmadığını tirajlayan Rasim Məmmədov haqqın.az saytında adıçəkilən
zavodların yeganə sahibi kimi peyda olub. Həmin müsahibədən öncə isə
L.Zülfüqarlı ilə görüşdə zavodları geri tələb edəcəkləri təqdirdə ölüm təhdidləri
yağdırıb. Bu tipli təhdidlər mənim haqqımda da dəfələrlə olub. R.Məmmədovun
müsahibəsi barədə ətraflı fikir bildirəcəyimdən geniş yazmaq istəmirəm. Müsahibədə
yer alan bəzi məqamlar onu göstərir ki, R.Məmmədov və himayədarları ətrafında
ciddi proseslər gedir və onlar istənilən ağlagəlməz addımları ata bilərlər.
Söhbətin yüz milyonların mənimsənilməsindən və ciddi klanlararası mübarizədən
getdiyindən bir daha Sizə müraciət edirəm, R.Məmmədovun fəaliyyətinin ciddi
araşdırılmasına və haqqında tədbir görülməsinə göstəriş verəsiniz.
Sonda
isə qeyd edirəm ki, Dövlətim, Millətim üçün ömür boyu bacardığımı etmişəm, bundan
sonra da edəcəm, gördüklərimi söyləmişəm, yazmışam bundan sonra da söyləyəcəm və
yazacam. Hər zaman ölkəmdə əmin amanllığın tərəfdarı olmuşam və bu gün də
stabilliyin tərəfdarıyam. Bulanlıq suda balıq tutmaq istəyənlərin olmasının fərqindəyəm.
İmkanım çərçivəsində insanları hər zaman dövlətimizin suverenliyi məsələsində
diqqətli olmağa çağırmışam. Heç vaxt qanunları pozmamışam və pozmayacam. Bundan
sonra haqqımda baş verə biləcək hər hansı hadisə və qanunsuzluğa görə Siz və
hüquq mühafizə orqanlarının rəhbərləri cavabdehsiniz.
P.S.
İmkanınız olsa əvvəlki ərizələrimi də cavablandırın”x9d.
Aslan İsmayılov
25 May 2015-ci il.








































































































