Avropada mühacirətdə yaşayan tanınmış hüquqşünas Ataxan Əbilov ANS-in efirində talış xalqının bir diktor tərəfindən təhqir olunmasına etirazını bildirib:
"Talış dili Azərbaycanın dillərindən biridir. O, bütün mənalarda Azərbaycanın fundamentində dayanan xalqlarından biri - talışların ana dilidir. Bir qadın özlərinin dediyi kimi 9 milyonluq auditoriyada (yəqin məni də nəzərdə tutublar, amma mənim onlara axırıncı dəfə nə vaxt baxmağım yadıma gəlmir) bir yeniyetməyə əcaib tərzdə məsləhət görür ki, "get talış dilini ağzından təmizləyəndən sonra gəl". Bir sıra talışlar bu ifadəni ana dillərinin təhqir olunması kimi dəyərləndirir. Mən də ümidli idim ki, bu cümləni deyərkən həmən qadının məramı, məqsədi, motivi talış dilini təhqir etmək olmayıb. Buna aydınlıq gətirmək üçün həmən qadına həmən 9 milyonluq efirdən (içi mən qarışıq, amma mənsiz) yaxşı imkan yaradıldı, amma o, "it hürər, karvan keçər" deməklə bir növ bir az da irəli gedərək, motivinin məhz "təhqir etmə" olduğuna işarə etdi.
Ey mənim türk bacı və qardaşlarım, belə məsələləri talışlar qaldıranda istəsək də, istəməsək də müəyyən qıcıq yaradır. Bunun olmaması üçün bu barədə Sizlər danışmalısınız. Onda Azərbaycan özünü daha yaxşı formada bütün mənalarda ayaqda hiss edər. O, qadını məzəmmət etmək, onu haqq yoluna dəvət etmək əvəzinə burda bu statusun müəllifinə olan iradlar isə təəssüf doğurur.
Müxalifətçi-demokrat xanımlarımızdan biri deyir ki, "bu ölkədə heç bir etnik azlıq, o cümlədən də talışlar diskriminasiyaya məruz qalmırlar". Məgər diskriminasiyanın buynuzu olur. Diskriminasiya insanlar arasında münasibətlərin ifadə olunmasının bir əcaib formasıdır. Axı necə ola bilər ki, insan cəmiyyətinə xas olan bütün problemli sahələr üzrə dünya üzrə ilk yerlərdən birini bölüşən Azərbaycan milli münasibətlərin necəliyindən dünyaya dərs keçsin? Bu daha çox Qorbaçov yenidənqurmasının ilk illərində Sovet-Amerika canlı teledebatların birində səslənən "SSRİ-də seks yoxdur" məsəlinə oxşadı. Gürünür elə ona görədir ki, Avropa Şurasına üzv olanda qabağına şərt qoyulan və indiyə kimi yerinə yetirilməyən 3 öhdəlikdən ikisini (Reqional və azlıqların dilləri haqqında Avropa Xartiyasına qoşulmaq və milli azlıqlar haqqında qanun qəbul etmək) Azərbaycan indiki rejim sahiblərinin simasında qulaq ardına vurur.
Bəlkə bu məsələləri Azərbaycan Ermənistana tapşırıb. Yəqin ki, elə bu səbəblərdən Ermənistan özünün ağır sosial durumu ilə talışlara əvvəlcə radio, sonra isə televiziya yayımlayır. Ola bilsin ki, belə məsələlər burda yazann türk qardaş və bacılarımın vecinə deyil. Əgər belədirsə mənə ancaq təəssüf etmək qalır.
Və bir də "problem yoxdur" deməklə yaxamızı problemdən qurtara bilmərik. Səlahiyyətlilər problemin üstünə getməli, onu müasir dünyamızda çoxdan mövcüd olan sivil qaydalarla həllinə çalışmalıdır. Müxaliflər isə, xüsusən onun özünü demokrat hesab edən qanadı problemi dilə gətirməkdən qorxmamalıdır. Bunu çoxluqda olanlar etdikdə onda biz daha möhkəm, daha səmimi, daha üzüağ olarıq..."































































































