Moderator.az xəbər verir ki, Ümid Partiyası həbs edilən jurnalist Seymur Həzi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Azərbaycan hakimiyyəti
ictimai-siyasi fəallara qarşı repressiyaları davam etdirir. Avqustun 29-da yaşadığı Ceyranbatan qəsəbəsində təxribatla
üzləşən və daha sonra guya tanımadığı adamı döyməkdə şübhəli bilinərək
saxlanılan “Azadlıq” qəzetinin şərhçisi və siyasət
şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin
üzvü Seymur Həzi avqustun 30-da təqsirləndirilən şəxs qismində məhkəmə
qarşısına çıxarılıb. Abşeron rayon məhkəməsində ona
qarşı Cinayət Məcəlləsinin 221.3 (silah
və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə
ittiham irəli sürülərək, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Seymur Həzi siyasi və
jurnalist fəaliyyətinə görə dəfələrlə müxtəlif psixoloji, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına şikayət etsə də onun
şikayəti tədqiqat aparılmadan kənara qoyulub. Təsadüfi görünən bir hadisə nəticəsində
onun dərhal həbs edilməsi və barəsində 2
aylıq həbs qətimkan tədbirinin seçilməsi hadisənin öncədən planlaşdırılmasına şübhə
yaradır.
Ümid Partiyası Seymur Həzinin həbsini ictimai-siyasi aktivlərə
qarşı repressiyaların davamı olduğunu bəyan edir və onun həbsini qəti şəkildə
pisləyir, hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq
təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, siyasi
sifarişli təqib və həbsləri dərhal dayandırmağa, məhkəmələrdəki siyasi mühakimələrə
son qoymağa, Seymur Həzi və digərlərinin barəsində seçilmiş həbs qəti-imkan tədbirinin
dəyişdirilməsinə, istintaqın
ədalətli və şəffaf aparılmasına çağırır”.


































































































