Məzhəb davası: nifrət nədən körüklənir?

Məzhəb davası: nifrət nədən körüklənir?

Hazırda oxunan: Məzhəb davası: nifrət nədən körüklənir?

47840

Azərbaycan sünni-şiə savaşına səhnə olmamalıdır...

Azərbaycan insanı İslam dünyasında sünni-şiə qarşıdurmasının hansı həddə olmasından xəbərsizdir. Etiraf edim ki, əgər mən də İsveçrədə mühacir həyatı yaşamasaydım, bu münasibətlərin incəliklərindən xəbər tutmayacaqdım. İş orasındadır ki, qonşularımın çoxu müsəlmandır. Və onlar Avropada yaşamalarına baxmayaraq, hələ də məzhəbə görə bir-birlərinə nifrət edirlər. İlk dəfə bu nifrətin şahidi olanda dəhşətə gəlmişdim...

Deməli, müsəlman qonşum deyir ki, bizim binaya köçən də İraqdandır. Mən də deyirəm ki, həmyerlin səninlə qonşu olacaq, sevinməyə haqqın var. Əslən İraq türkmənlərindən olan və bir müddət Bakıda yaşamış qonşumun sir-sifətində sevinc əlaməti görünmədi. Onunla aramızda belə bir dialoq oldu...

- Gələnlər iraqlıdır,amma bilmirik ki, onlar şiədir, yoxsa sünni.
- Canım, nə dəxli var? Bir torpağın adamısız...
- Yox. Bizdə Azərbaycandakı kimi deyil. Sünnilərə biz nifrət edərik, heç onlar da bizi sevməzlər. Bax, mən sənə bir misal çəkim, özün qərar ver. İraqda belədir, sünnilər gecə ilə bir şiə kəndinə girərlər. Bələkdəki körpəni də sağ buraxmazlar. Üstündən bir az keçən kimi şiələr sünni köyünü basarlar. Biz də kimsəni sağ buraxmarıq ki. Bakıda belə şey yoxdur. Amma İraqda mən gözümü açandan belə gördüm...

Məişət səviyyəsində olan başqa bir misala da diqqətinizi çəkmək istərdim. Oğlum 5-6 aylıq olardı. Qonşu müsılman qadın onu xanımımdan alıb xeyli əzizlədi. Körpə də bu nəvazişə sevinclə cavab verdi. Xanımım qadına dedi ki, körpə sizə çox maraq göstərir, amma o biri qonşu qadını görən kimi ağlayır. Çünki həmin qadın körpəni çox öpür, arada dişləyir də. Qadınınsa bu bəsit olaya şərhi bizi heyrətdə qoydu. Dedi ki, bilirsizmi, bu körpə mənə niyə belə mehribanlıq göstərir? Çünki o, bilir ki, mən də şiəyəm, o, da şiə balasıdır. Amma körpənin xoşlamadığı qadın sünnidir, ona görə ona qanı qaynamır...

Mən İsveçrədə müsəlmanlar arasında belə eybəcər münasibətlərin dəfələrlə şahidi olmuşam. Düşünün, bir qərib məmləkətdə iki müsəlman məhz sünni və şiə olduqlarına görə bir-birlərinin qanını tökməyə hazırdı...

İslam dünyasında da bu qarşıdurmanın doğurduğu fəlakətlər ortadadır. Və ən pisi odur ki, bu fəlakətin sərhədləri sürətlə genişlənir...

İraqa hücum edib böyük bir ərazini nəzarət altına alan silahlı qrupun lideri əslən Bağdaddan olan Əbubəkr əl-Bağdadidir. Mahiyyət çox sadədir. Suriyada Əsədə qarşı döyüşən sünni müsəlmanlardan təşkil olunmuş yarım-hərbi birliklər orada uğur qazana bilmədilər. Baxmayaraq ki, Suriyada müsəlmanların 80 faizi sünnidür. Bəşər Əsəd isə ələvidir və şiəliyi dövlət ideologiyasına çevirmiş İrana bir köynək yaxın hesab olunurdu. O da sirr deyil ki, Hizbullah hərəkatının lideri Şeyx Həsən Nəsrallah məhz Livan şiələrinin lideri kimi Əsədə hərtərəfli dəstək verir...

Doğrudur, sünni qruplaşmalar hazırda Suriyanın da bir hissəsinə nəzarət edirlər, amma iddiaları daha böyük idi. İndi həmin qrup İraqı işğal etməkdədir. Bu isə o deməkdir ki, sünnilərlə şiələr arasında öncə Suriyada başlamış qırğın yeni bir müstəviyə sıçrayıb...

Bu işdə maraqlı bir məqam da var. İşğal edilmiş ərazilərdə rəsmən kürd muxtariyyəti mövcuddur. Göründüyü kimi, ara-sıra rəsmi Bağdada barmaq silkələyən kürdlər də hay-küylərinə baxmayaraq, bu hücumun qarşısını ala bilməyiblər...

Xatırladaq ki, Səddam Hüseyn də sünni idi. Və əhalisinin əksəriyyəti şiə olan İraqa rəhbərlik edirdi. O, devrildikdən sonra iqtidar avtomatik şiə çoxluğun əlinə keçdi və İraqda sünni azlığa qarşı repressiyalar gücləndi.  Buna cavab olaraq ”žəl-Qaidə“ İraqda şiələrə qarşı güclü terror əməliyyatları həyata keçirməyə başladı. İndi Əbubəkr əl-Bağdadi də eyni ssenari üzrə sünnilərin qisasını almağa gəlib. Baxın, İraqdakı müsəlmanlar hücuma kecmiş müsəlmanlardan qaçırlar. Çünki əmindirlər ki, gələnlər onları məhz məzhəb fərqinə görə məhv edəcəklər...

Yəni İslam dünyası belə sarsaq şavaşlara səhnə olub. Və sünni-şiə davası getdikcə intensivləşir. Pakistanda, Əfqanstanda bu davanın dərin kökləri var. Və tez-tez bu ölkələrdə baş verən terror aktları məhz məzhəb davasından irəli gəlir...

Ən pisi odur ki, Azərbaycanı da bu vəhşiliyin içərisinə soxmaq istəyirlər. Kəsilmiş insan başları ilə foto-görüntülərini yayımlayan bu barbarlardan olmağa bizim İNSAN olaraq haqqımız yoxdur. Hazırda Suriyada hər iki cəbhədə vuruşan soydaşlarımızın olması bir daha deməyə əsas verir ki, hazırda kənardan izlədiyimiz bu təhlükə artıq evlərimizə, ailələrimizə hücum çəkib. İslam adına, cihad adına beyni yuyulmuş gənclərimiz məzhəb savaşçılarının girovuna çevirilib. Bu, son dərəcə təhlükəlidir. Əminəm ki, Azərbaycan onillərlə davam edə biləcək məzhəb savaşına səhnə olmamalıdır. Hər bir azərbaycanlı məzhəb fərqini bir tərəfə qoyub imperialistlərin bizə ixrac etmək istədiyi bu murdarlığı rədd etməlidir. Əks təqdirdə Suriya və İraqda yaşanan vəhşət vətənimizdə də təkrar olunacaq. Bu isə yüz minlərlə, bəlkə də milyonlarla insanın məhvi deməkdir. Bizə belə bir gələcək gərəkməz,heç gərəkməz...

Maraqlıdır ki, İslama qarşı xaricdən də ciddi basqılar var. Təbii ki, xristian dünyası İslam dünyasının daxilində gedən bu savaşın qızışdırılmasına da gizli töhfələr verir. Dinimizi gözdən salmaq üçün min cür oyundan çıxırlar. Bir daha xatırlatmaqda fayda var: Qurana vaqif olanlar yaxşı bilirlər ki, “islam” söz olaraq əsasən sülh və Allaha təslim olmaq  anlamını ehtiva edir. Ancaq 11 sentyabrda (2001) Nyu-Yorkdakı qoşa qüllələr ”žəl-Qaidə“ tərəfindən yerlə-yeksan ediləndən sonra Qərb aləmində “İslamafobiya”- "İslam qorxusu" mənasını verən yeni bir termin dövriyyəyə daxil oldu. Bununla da hələ “Səlib yürüşləri“ndən başlayan xristian-islam qarşıdurması yeni mərhələyə qədəm qoydu...

Bu qarşıdurmada dünyanın böyük siyasi liderləri də yer aldı. 1988-ci ildə Salman Rüşdi yazdığı  "Şeytanın ayələri" romanına görə müsəlman dünyasında qəzəblə qarşılandı. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verdi...Və 2008-ci ildə Londonda Bukinhem sarayında II Elizabet şəxsən “Cəngavər titulu“nu Salman Rüşdiyə təqdim etdi...

Qərbdə Hantinqton kimi  ideoloqlar daha da irəli gedərək  xristian-islam münasibətlərini “sivilizasiyaların savaşı” kimi səciyyələndirdi. Elə islam aləmində də xristianları söyməklə nüfuz qazananlar sürətlə çoxalmağa başladı...

Onu da deyim ki, məzhəb davası xristanlıqda da mövcud olub. 24 avqust 1572-ci ildə Parisdə baş vermiş və tarixə Varfolomey gecəsi kimi daxil olmuş olay indi də damarlarda qanı döndürur. Şahidlər yazırdılar ki, Sena çayına o qədər meyit atılmışdı ki, su görünməz olmuşdu.... Bu dəhşətli gecədə  Parisdə təqribən 3 min, bütün Fransada isə 10 minilə 50 min arasında protestant katoliklər tərəfindən qətl edilmişdi. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqori bu faciəni alqışlayaraq Vatikanda fişəng atılmasına və medal təsis edilməsinə dair göstəriş vermişdi. Düzdür, 425 il sonra Roma Papası II İoann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdı...

Elə mən yaşadığım İsveçrədə də katolik-protistant savaşı dəhşətli izlər qoyub. Bir faktı deyim ki, bu ölkənin 2 kantonunda dini zəmində parçalanma baş verib. Müfaviq olaraq hər iki kanton protestant və katoliklər arasında ikiyə bölünüb. Düzdür, bunlar çox əski tarixdir. İndi isə katoliklərlə protestantlar arasında belə davalar ara-sıra İrlandiyada qeydə alınır...

Yaşadığım Sürixdə isə məhlənin bir tərəfində protestantların, o biri başında isə katoliklərin kilsəsi var. Daha qoca Avropada məzhəb savaşı dəbdə deyil...

Biz də Azərbaycan olaraq, dövlət və millət olaraq bu vəhşiliyi birdəfəlik rədd edək...
Elbəyi Həsənli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO