İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədli və “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Dünən vəkili Bəhruz Bayramov da MTN-in istintaq təcridxanasında Pərviz Həşimli ilə görüşüb. O bildirib ki, Pərviz Həşimlinin dişi ağrıyır. “Həkim baxıb bildirib ki, mütləq MTN-in poliklinikasına aparılmalıdır. Ancaq mən MTN-dən çıxana qədər hələ də onun aparılması təmin edilməmişdi”. Vəkil bildirdi ki, ailəsi ilə görüşə və telefon əlaqəsi yaratmağa, qəzet oxumağa icazə verilməməsi ilə bağlı problemlər davam edir.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.


































































































