«Bizim Yol» qəzetinin əməkdaşı, jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək, MTN-in İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddianın təmin edilməməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.
Səbail rayon məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə Pərviz Həşimli bildirmişdi ki, işgəncəyə məruz qalması ilə bağlı edəcəyi çıxışın qeydlərini məhkəməyə gətirməyə icazə verməyiblər. Vəkil həmin qeydlərin gətirilməsi ilə bağlı vəsatət versə də, təmin edilmədiyi üçün etiraz edərək prosesi tərk edib. Pərviz Həşimli də qeydlərinin gətirilməməsinə etiraz olaraq, üzü divara dayanaraq, kürəyini məhkəməyə çevirib. Hakim bunu məhkəməyə hörmətsizlik kimi qiymətləndirərək, onu zaldan çıxarıb. Məhkəmə faktiki olaraq nə Pərviz Həşimli, nə də müdafiəçisi olmadan işə baxaraq, şikayətin təmin ediməməsi ilə bağlı qərar verib.
Bu arada Pərviz Həşimlinin atası Kamran Həşimov da Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxül-İslam Hacı Allahşükür Paşazadəyə müraciət edərək, oğlunun saxlanma yerinin dəyişdirilməsi ilə bağlı milli təhlükəsizlik nazirindən xahiş etməsini istəyib. “Sizdən xahiş etdim ki, üzərinizdə gəzdirdiyiniz “Qurani-Kərim”in xatirinə milli təhlükəsizlik naziri Eldar Mahmudov cənablarından xahiş edin ki, çoxsaylı müraciətlərimizi nəzərə alaraq övladımın Bakı İstintaq Təcridxanasına köçürülməsini təmin etsin”.
QMİ mətbuat xidmətindən bildiriblər ki, Pərviz Həşimli ilə bağlı onun özü və yaxud yaxınları tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə yalnız mətbuat vasitəsi ilə müraciət olunub, rəsmi müraciət məktubu daxil olmayıb. Məsələ ilə bağlı yalnız rəsmi məktub vasitəsi ilə müraciət olunduqdan sonra Şeyx yardım göstərə bilər. “Həbsdə olan jurnalistlə bağlı QMİ-yə rəsmi məktub göndərilmədiyi üçün müraciətin aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilməsi mümkün olmur. Müraciət məktubu daxil olduqdan sonra Şeyx məsələyə yardımçı ola və müraciət məktubunu aidiyyəti üzrə müvafiq yerlərə yönləndirə bilər” - deyə APA-ya verilən açıqlamada deyilir.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.


































































































