"Dəyərli dostlar, əziz həmkarlar!
Çox düşündüm ki, bu haqda indi yazım, ya yox və ümumiyyətlə yazdıqlarım, fikirlərim doğru-düzgün anlanılacaqmı, ya əksinə bəzi çaşqınlıq, anlaşılmazlıq, narahatçılıq yaradacaq? Amma, hesab etdim ki, bəzi mətləbləri mütləq buradan yazmalıyam.
Cəbhədə bizim uğurlarımızın davamının gəlməsi, məkrli düşməni, havadarlarını yerində oturtmaq üçün, Qarabağımızı tam olaraq özümüzə qaytarmaq üçün mütləq hörmətli müdafiə nazirimiz Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkov bəzi radikal və təcili addımlar atmalıdırlar. Xüsusən də, bu gün çox təcrübəli zabitlərimizdən və generallarımızdan bəzilərini ön xəttə təyin etmək vacib və lazımdır. Bu məsələni qətiyyən gecikdirmək olmaz. İlkin variant kimi bir vaxtlar birləşmə və briqada komandirləri olmuş polkovniklər Şair Ramaldanovu, Rüfət Əmirovu, Murad Həmidovu, Elnur Məmmədovu, Mübariz Rzayevi, Bədir Quliyevi və adını yazmadığım bəzi dəyərli, təcrübəli və ən əsası birinci Qarabağ savaşı vaxtı barıt qoxusu görmüş dostları TƏCİLİ xüsusən strateji əhəmiyyətli istiqamətlərə təyin etmək gərəkdir. Hesab edirəm ki, bu addım həm doğru və düzgün olardı, həm də hörmətli Müdafiə Nazirliyinin rəhbərliyinin qarşıya qoyulmuş çox önəmli tapşırığların daha yüksək keyfiyyətli yerinə yetirməsinə köməklik göstərərdi.
Mən bəzi vacib məsələləri açıq şəkildə yazmaq istəməzdim, amma hesab edirəm ki, aprelin əvvəllərində bizim qoşunların təmas xəttində müdafiə zolağına cavabdehlik daşıyan bəzi birləşmə və briqada komandirlərinin və xidmət rəislərinin qəbul etdikləri qərarlar daha çevik, daha operativ olsaydı, sizi inandırım ki, bu gün bəlkə də ən azından daha bir neçə strateji əhəmiyyətli yüksəklik və hətta rayonlar düşmən tapdağından azad edilmişdi. Elə yeri gəlmişkən müdafiə nazirimizin son döyüşlərlə bağlı bəzi komandirlərlə bağlı qəbul etdiyi qərarlar da dediklərimizə sübutdur.
Buradan bir daha hörmətli müdafiə nazirimizə səslənərək deyirəm ki, cənab general-polkovnik Zakir Həsənov, onsuz da Qarabağ savaşının tarixinə 2016-cı ilin aprelin əvvələrində şanlı əsgər və zabitlərimizlə bərabər yazdığınız TARİX uzun illər xatırlanacaq və hər birinizə bədnam qonşularımızın yekəbaşlığına, özündənrazılığına son qoyduğunuza görə, "ƏHSƏN!" və "Çox var olun!" sözləri deyiləcək. İndi bu böyük uğurun davamının gəlməsini bütün Azərbaycan xalqı və Türk dünyası Sizlərdən gözlüyür.
Onu da hiss edirəm ki, Ermənistan Silahlı Qüvvələri və onların birbaşa havadarları yeni planlar üzərində baş sındırırlar. Məhz ona görə də, bu gün ordumuzun xüsusən ön xəttdə yerləşən bəzi hərbi birləşmə və briqadalarının RƏHBƏR ŞƏXSLƏRİ gücləndirilməlidir. Mən əsla ində ön xəttdə düşmənlə üzbəüz dayanan zabit və əsgərlərimizin şücaətinə, hazırlıqlarına şübhə ilə yanaşmıram. Sadəcə uzun illər məkrli düşmənlə savaşda təcrübə toplamış, döyüş ərazilərimizi daha yaxından, daha yaxşı tanıyan, hər təpənin, hər yamacın belə əhəmiyyətini dərindən bilən bəzi zabitlərimizin təcili olaraq yenidən ön xəttə təyin olunmasını düzgün addım hesab edirəm. Bu mənfur düşmənlə savaşdır və heç kim hələ dəqiq deyə bilməz ki, bu savaşın müddəti nə qədər olacaq.
Ona görə də, bütün irili-xırdalı məsələləri kənara qoyub, hörmətli müdafiə nazirimiz general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini- Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu gün TƏCİLİ gücləndirmə işlərini həyata keçirməlidirlər.
Allah Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət eləsin!!
Döyüşlər zamanı düşmənin fitnə-fəsadının qarşısını alarkən yaralanan igid qardaşlarımız isə Tanrıdan şəfa diləyirəm!!
Tanrı Azərbaycanımızı və onun şanlı Silahlı Qüvvələrini qorusun!!"
Üzeyir Cəfərov, hərbi ekspert






























































































