Baş beynin sağlamlığına dəstək verən yeddi superməhsul.
Baş beyin elə bir orqandır ki, qəbul etdiyimiz qida ona təsir edir. Koqnitiv funksiyaların işinə dəstək vermək üçün müəyyən ərzaqlardan istifadə etmək lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyet" nəşrində baş beyin, sinir sistemi və onurğa beyni cərrahiyyəsi üzrə mütəxəssis, doktor İsmayıl Bozqurd bu məlumatı bölüşüb.
Su
Orqanizmin çox hissəsini su təşkil edir. Susuzluq kortizol hormonunun ifrazına səbəb olur. Bu hormonun miqdarının artması ona gətirib çıxarır ki, baş beynin informasiyaya cavabdeh olan hissəsi azalır. Bu zaman hafizə zəifləyir. Kortizol həmçinin adrenalin ifrazını artırır, bu da beynin funksiyasına mənfi təsir edir və hafizə ilə bağlı problemlər yarada bilər.
Soğan
Tərkibində çoxlu miqdarda antioksidant olan soğan özünün probiotik xassələrinə görə immun sisteminin möhkəmlənməsi üçün faydalıdır. O, həmçinin hafizəni möhkəmləndirir, qavrama və hafizə ilə bağlı, məsələn, Altsheymer xəstəliyi və ağıl zəifliyi zamanı yaranan problemlərdən qoruyur.
Yumurta
Yumurtanın tərkibində beynin hafizəyə cavabdeh hissəsinə lazım olan A, D, B12 vitaminləri var. Yumurta orqanizmi gümrah saxlayır, tərkibində tirozin amin turşusu var ki, bu da baş beyin siqnallarının ötürülməsi üçün lazımdır.
Kivi
Bu, antioksidantlarla zəngin olan məhsul qan damarları və baş beyin üçün böyük əhəmiyyət kəsb edir. Kivi beynin iş qabiliyyətini yüksəldir və hafizəni yaxşılaşdırır. Bundan başqa, tərkinində çoxlu miqdarda C vitamini və kalium var.
Tərkibində B qrupu vitaminləri olan məhsullar
B qrupu vitaminləri yoqurtda, ətdə, balıqda, paxla bitkilərində, yaşıl yarpaqlı tərəvəzlərdə var. Bu məhsullardan mülayim miqdarda istifadə edilməsi baş beynin sağlamlığı üçün vacibdir. B qrupu vitaminlərinin çatışmazlığı baş beynin və sinir sisteminin zədələnməsi ilə nəticələnə bilər. B qrupu vitaminləri eyni zamanda sinir sisteminin işində iştirak edir. Şəkərli diabetin törətdiyi nevropatik ağrıların müalicəsində müsbət təsir edir.
Tərkibində Omega -3 olan məhsullar
Omega-3 baş beynin funksiyaları üçün mühüm qida maddəsidir. Belə ki, beynin quru kütləsinin böyük hissəsi piy toxumalarından ibarətdir. Omega-3 yağ turşuları davranışa və koqnitiv fəaliyyətə təsir edir. Qızılbalıqda, skumbriyada, sardinada, tubada, siyənəkdə, yunan qozunda, fındıqda, avokadoda, soyada var.
Qaragilə
Tərkibində çoxlu miqdarda antioksidant olan qaragilə baş beynin sağlamlığı üçün faydalıdır. Stresdən qoruyur, hafizəni yaxşılaşdırır, unutqanlıqda kömək edir.



































































































