M.Ə.Rəsulzadənin İran saxtakarlarına cavabı - Nəsiman Yaqublunun təqdimatında...

M.Ə.Rəsulzadənin İran saxtakarlarına cavabı - Nəsiman Yaqublunun təqdimatında...

Hazırda oxunan: M.Ə.Rəsulzadənin İran saxtakarlarına cavabı - Nəsiman Yaqublunun təqdimatında...

592343
Bu yazını təqdim etməkdə məqsədim odur ki, bizim hazırda İran dövlətindən gördüyümüz xəyanətlərlə M.Ə.Rəsulzadə və onunla birgə Cümhuriyyət qurmuş silahdaşları hələ ötən əsrin əvvələrində qarşılaşmışdılar.  İmkan daxilində bu qüvvələrə qarşı  mübarizə aparmışdılar.1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhiriyyətinə və bu dövlətimizin adına qarşı da İran yetərincə müqavimət göstərmişdi.M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyim,1923-cü ildə İstanbulda  nəşr edilən “Yeni Qafqasiya” jurnalındakı “Zəruri bir izah” yazısında çox maraqlı məqamlar açıqlanır.
 
 
Zəruri bir izah
(İdarəyə məktub)
 
Tehranda müntəşir(nəşr edilən) “Mihən”-i - yövmiyyə (gündəlik) qəzeti, Ruşəni bəyin keçənlərdə İran haqqında verdiyi bir konfransdan bəhs edərkən “Azərbaycan Cümhuriyyəti” nam(adlı) risalənin(nəşrin) müəllifi olmaq hesabilə, acizlərini də təhdi-müaxizəyə(sorğu-sual)  almışdır.
     
“Azərbaycan Cümhuriyyəti”ndən bəzi iranilərin naməmnun qaldıqlarını ağızdan-ağıza eşidirdim. Fəqət ədəmi-məmnuniyyətin Ruşəni bəyin “Türk Ocağı” heyəti-idarəsinin də mucibi-təəssür(bir şeyin təsiri altında olma) və infial(coşan) olan  heysiyyəti şikən nitqindən daha ziyadə mucibi-təəssür və əndişə olduğunu qətiyyən xatir və xəyala gətirməmişdim.
       
Ruşəniyə müqabilə edən “Mihən” qəzeti Türkiyə və türklük haqqında qullandığı lisanı(dili) təhqirdə tərəfi müqabilinə rəhmət oxutduracaq bir məharət göstərdikdən sonra bir taqım(bir hissə) şikayətlərdə bulunaraq, əz-zümlə deyir ki:
“... axirən maarif nəzarətinin müsaidəsilə Rəsulzadələr tərəfindən İran əleyhinə yazılan kitablar və İran azərbaycanlılarının türk olduqlarını tərənnüm etdirmək məsələyə başqa bir əhəmiyyət verməkdədir”.
       
Bu surətlə, münaqişəni Ruşəni bəhsindən Rəsulzadə məbhəsinə(mövzusuna)  nəql etdikdən sonra “Mihən” qəzetinin mühərriri bir az da bizi oxucularına tanıtmaq zəhmətinə qatlanmışdır.
         
Əbdi(hesablama)  aciz “ilk dövreyi-məşrutiyyət”də Tehranda bulunmuş, İran bayrağının himayəsinə sığınmış, ən böyük “İrani-nov” qəzetəsinin baş mühərrirliyi(redaktorluğu, baş yazarı) mənə tövdi(həvalə etilmək,tapşırılmaq) olunaraq məmləkətin siyasətinə müdaxiləm caiz görülmüş və sonra İranı tərk ilə bir müddət İstanbulda oturduqdan sonra Qafqasiyaya avdət(əvvəlki yerə dönüş) eyləndıyimdə ilk işim “İran ilə ziddiyyətdə olmuş və Bakıdakı Müsavat hökuməti zamannında bu ”müqəvva" hökumətin rüasəsində(rəhbərliyində) bulunmuş, Azərbaycan ismini(adını) İrandan çalmış(almış), indi də İstanbuldakı türk əfəndilərimə xoş gəlmək üçün “Azərbaycan Cümhuriyyəti” namında(adında) bülənd(böyük) və balə(qosqoca,tarixi) bir kitab təlif(kitab yazmaq), bu kitabda Azərbaycan ismini hər iki Azərbaycana təşmil edərək(aid etmə), ismi(adı) kimi İran Azərbaycanının ismini çalmanın da qolay bir iş olduğunu təsəvvür etmişdir".
       
Məntiq zəifini, söyüş qüvvətilə təviz(əvəz edən)  edən mühərririn təzyiflərinə(saxtakarlığına)  qarşı müqabilə etməyi bittəbii(təbii olaraq) özümə rəva görməm. Yalnız, zikri(adı) keçən vəqayenin(mövzunun) surəti-cərəyanına aid xüsusatın pək yanlış olaraq təsbitini caiz görənmədiyimdən bəzi təshihata(asanlaşdırma,izahat) lüzum hiss edirəm.
       
Əvvəla, münsif iranilərin də təsdiq edəcəyi vəchilə(surəti ilə), Tehran mənə böyük bir qəzetin mühərrirliyini həvalə etmədi. Biləks(əksinə), mən ilk dəfə olaraq böyük, Avropa karı və yövmi(gündəlik) bir qəzeti - “İrani-nov” təsis edərək Tehranı tərk etdim.
       
Saniyən (ikincisi), qüvvətim yetdiyi qədər İran istiqlalına hizmət eylədiyim halda, maətəəssüf(təəssüflər ki), İran bayrağı məni himayə edəmədi. Və rus səfarətinin cəbiranə müdaxiləsi üzərinə, bir həftə əsnasında İranı tərk etmək zərurətində qaldım, İstanbula isə rus təzyiqindən sığınmaq üçün gəldim.
     
Salisən (üçüncüsü), “Azərbaycan Cümhuriyyəti” nam(adlı) kitabımı Maarif nəzarətinin müsaidəsi ilə yazmadım. Biləks(əksinə), senzor tərəfindən müsaidə edilib edilmiyəcəyi üzərinə pək çox düşündüm.
     
Bir neçə  kəlmə də əsl mövzu üzərinə söyləyəlim:
       
Bu məqalədən də anlaşıldığı vəchilə(surətilə) iranlı dostlarımızın ən çox qızdıqları şey mənim azərbaycanlıların türk olduqlarını iddia edişimdir. “İran əleyhindəki iqdanmantım” da qaliba bundan ibarət olacaq. Fəqət bu iddiaya qızmaqdan daha bayağı bir şey təsəvvür etməm. Bir xalqın milliyyətini tədqiq edərkən qonuşduğu lisanın əhəmiyyəti varsa, bu etibarla Azərilər türkdür. Azərilərin fars ikən lisanları cəbrən alınıb da yerinə türkcə qonulduğu iddiasının vəxim(çətin qəbul edilən,dəhşətli)  olduğu aşikardır.
     
“Mihən” qəzetəsinin də zikr etdiyi vəchilə nə Bakı ətrafındakı “tat köyləri”(kəndləri), nə də Suraxanıdakı Atəşgədə Təbriz ilə ətrafının türkcə qonuşulduğunu inkar etməzlər. Təbrizlilər bir çox saiqlər(mal-mülk)  taxtında kəndilərini(özlərini) iranlı bilirlər. Sözün mənayi-siyasisi ilə iranidirlər də. Fəqət heç kimsə İran türklərinin də mövcud olduğunu inkar edə bilməz. Bir İran türklüyü vardır, azərbaycanlılar türkcə söyləyirlər. Təbriz ilə həvalisindəki(ətrafındakı) xalq ədəbiyyatı, folklor, xalq lisanı, xalq adət və əxlaqı Bakı ilə Gəncə ətrafındakılardan başqa deyildir. “Aşıq Kərəm” ilə “Koroğlu” dastanları Qafqasiya ilə Anadoluda olduğu kimi, İran Azərbaycanında da mütədavildir(gəzib-dolaşandır). “Dədə Qorqud”un lisanı bu gün Yerevan ilə Təbrizdə söylənən lisandan pək də fərqli deyildir.
     
Bütün bunlara cavab almaq üzrə “Çingizin təbrizliləri fars ikən türk yapmağını” söyləmək qədər qeyri-ciddi bir cavab təsəvvür olunamaz. Hələ “kəndilərini Çingizə mənsub bilənlərin təbrizlilərin intiqamından (kəndilərini türk ədd(hesab) etməzlərsə) qorxduqları” kimi mülahizələr məntiqi bir cavab olmaq üzrə on para etmədiyi kimi bir “şahıya” da dəyməz.
       
Vaxtilə qardaş İran xalqının hürriyyət və istiqlalpərvəranə mücadilatına əlimizdən gələn qədər müavinətdə bulunduq. Sıra kəndi məmləkətimizə gəldi. Onun xilası üçün çalışırıq. Bildiyimiz və bacardığımız kimi mübarizə etdik. Bu mübarizədə iranlı qardaşlarımız bizə ümid etdiyimiz müavinəti göstərmədilər. Bəlkə də mənzur(diqqətli olmaq, nəzərdə tutmaq) idilər. Fəqət zülüm və istibdadını pək çox daddıqları və hələ də dadmaqda olduqları Rusiya kimi ənud(çox inadcıl) bir düşmənə qarşı məruz qaldığımız fəlakət üzərinə “Mihən”lərin yaralarımıza duz tökəcəklərinə də qətiyyən ümid etməzdik.
       
Fəqət İran əfkari-ümumiyyəsi(ictimaiyyəti) üzərindəki mövqeyinin nə olduğunu bilmədiyimiz “Mihən” qəzetəsinin nəşriyyatı zənn etməyiz ki, mütəfəkkir iranilərin də iştirak edəcəyi bir lisan(dil) olsun. Nasıl ki(necə ki), Ruşəninin lisanı da “Varlıq” qəzetinin söylədiyi kimi, ciddi türk əfkari-ümumiyyəsinə(ictimaiyyətinə) tərcüman ola bilməz.
 
“Azərbaycan Cumhuriyyəti”  nam(adlı)  əsərin müəllifi
Rəsulzadə Məhəmməd Əmin
 
“Yeni Qafqasiya”, 6 rəbiyülaxər 1342/15 təşrini - sani 1339,
 il:1, №4, s. 12-14
 
Red: 6 rəbiyülaxər 1342/15 təşrini - sani 1339 - 15 noyabr 1923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO