Təxminən 2 300 il əvvələ aid papirus parçası Homerin məşhur “Odisseya” dastanının bir vaxtlar bu gün oxuduğumuz variantdan fərqli formada yayıldığını ortaya çıxarıb.
Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinin kolleksiyasında saxlanılan kiçik papirus parçasının üzərində Homerin “Odisseya” əsərindən misralar aşkar edilib. Papirusun Misirdə Ptolemeylər dövrünə, təxminən e.ə. 285-250-ci illərə aid olduğu müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, tapıntını xüsusilə əhəmiyyətli edən məqam papirusda dastanın 20-ci kitabından bu gün istifadə olunan standart mətndə yer almayan üç misranın olmasıdır.
Bu kəşf “Odisseya”nın e.ə. III əsrdə müxtəlif variantlarda mövcud olduğunu göstərir. Başqa sözlə, Homerin əsərləri bugünkü sabit formasını almamışdan əvvəl müxtəlif şəhərlərdə fərqli misralarla yayılıb.
Həmin dövrdə papirus yazı üçün ən çox istifadə olunan materiallardan biri idi. Papirus bitkisinin gövdəsindən hazırlanan bu materialın üzərinə nikah müqavilələrindən tutmuş ədəbi əsərlərə qədər müxtəlif mətnlər yazılırdı. Yazı üçün ucu itilənmiş qamış və ya metal qələmdən, mürəkkəb üçün isə əsasən his və su qarışığından istifadə olunurdu.
“Odisseya”nın müxtəlif variantları necə yaranmışdı?
Məsələnin əsas səbəblərindən biri qədim dünyada Homerin əsərlərinin müxtəlif şəhərlərdə fərqli nüsxələrinin mövcud olması idi.
E.ə. III əsrin əvvəllərində Ptolemey hökmdarları tərəfindən yaradılan İsgəndəriyyə Kitabxanası həmin dövrdə Homerin əsərlərinin əsas mətn mərkəzlərindən birinə çevrilmişdi. Kitabxanada Xios, Arqos və Sinop kimi müxtəlif şəhər-dövlətlərdən gətirilmiş Homer əsərlərinin nüsxələri saxlanılırdı.
Bu nüsxələrin hər birində müəyyən yerli fərqlər mövcud idi. İsgəndəriyyəli alimlərin əsas məqsədlərindən biri isə müxtəlif variantları müqayisə edərək Homerin əsərləri üçün daha standart və etibarlı mətn yaratmaq idi.
Yeni aşkarlanan papirus məhz bu standartlaşdırma prosesindən əvvəlki dövrə aid olması ilə diqqət çəkir. Tapıntı göstərir ki, bu gün oxuduğumuz “Odisseya”nın arxasında əsrlər boyu müxtəlif şəhərlərdə dəyişərək yaşayan zəngin şifahi və yazılı ənənə dayanır.
Bizim.Media






































































































