Milyarder “Bugatti”ni geridə qoyan ən sürətli avtomobili SİFARİŞ ETDİ

Milyarder “Bugatti”ni geridə qoyan ən sürətli avtomobili SİFARİŞ ETDİ

Hazırda oxunan: Milyarder “Bugatti”ni geridə qoyan ən sürətli avtomobili SİFARİŞ ETDİ

609841

Avstraliyalı milyarder Nik Politis dünyanın ən sürətli seriya avtomobili hesab edilən Yangwang U9 Xtreme hiperkarını sifariş edib.

Bizim.Media xəbər verir ki, avtomobilin dəyərinin 1 milyon dollardan çox olduğu bildirilir.

Lakin dəqiq məbləğ açıqlanmayıb.

Sərvəti təxminən 2,5 milyard dollar qiymətləndirilən Politis üçün bu alış daha çox status və marketinq xarakteri daşıyır.

Çinin BYD şirkətinin lüks Yangwang brendi altında istehsal edilən U9 Xtreme saatda 496,22 kilometr sürət yığaraq dünyanın ən sürətli seriya avtomobili titulunu qazanıb. Rekord Almaniyadakı ATP Papenburg sınaq poliqonunda qeydə alınıb. Bu nəticə ilə avtomobil “Bugatti Chiron Super Sport 300+” modelini geridə qoyub.
 

Bundan başqa, U9 Xtreme Almaniyanın məşhur Nürburqrinq Nordşlayfe trasında dövrəni 6 dəqiqə 59,157 saniyəyə tamamlayıb. BYD-nin məlumatına görə, bu göstərici onu həmin trasda 7 dəqiqədən aşağı nəticə göstərən ilk elektrik superidman avtomobilinə çevirib.


Modeldən cəmi 30 ədəd istehsal olunacaq. Hər bazar üçün yalnız bir avtomobilin ayrılacağı bildirilir.

Hiperkar dörd elektromotorla təchiz edilib. Bu mühərriklər birlikdə təxminən 3000 at gücü hasil edir. Avtomobil 1200 voltluq elektrik arxitekturasına, aktiv asqı sisteminə, karbon-keramik əyləclərə və ekstremal sürətlər üçün xüsusi hazırlanmış yarımslik təkərlərə malikdir.

Yangwang U9 Xtreme-in 80 kVt/saatlıq batareyası təxminən 400 kilometr yürüş ehtiyatı təmin edir. Lakin ekstremal sürətlərdə bu göstəricinin ciddi şəkildə azalacağı qeyd olunur.

Avtomobilin maraqlı texnoloji xüsusiyyətlərindən biri də aktiv asqı sistemidir. Bu sistem sayəsində hiperkar qısa müddətli şaquli “sıçrayış” edə bilir.

Politis Pekində keçirilən avtomobil sərgisində şəxsən iştirak edərək sifarişi rəsmiləşdirib və avtomobil üçün fərdi konfiqurasiya seçib. Onun sözlərinə görə, maşın rekord versiyanın rənglərinə uyğun olaraq qırmızı-qara dizaynda hazırlanacaq.

İstehsalçı avtomobili Avstraliyaya 2027-ci ilin ortalarında çatdırmağı planlaşdırır.

Milyarder özü etiraf edib ki, bu hiperkarı təyinatı üzrə istifadə etmək niyyətində deyil. Avtomobil onun BYD diler şəbəkəsinin salonlarında nümayiş eksponatı kimi saxlanılacaq.

“Bu, əla marketinq hekayəsidir. İnsanlar dünyanın ən sürətli avtomobilini görə biləcəklər və bu, onları brendə cəlb edəcək”, - deyə Politis bildirib.

Beləliklə, ekstremal texniki göstəricilərinə baxmayaraq, avtomobil yarış və gündəlik istifadə üçün deyil, ilk növbədə nümayiş və brend tanıtımı üçün alınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO