ABŞ və Ukrayna arasında dəyəri 47 milyon dollar olan silah alqı-satqısı ilə bağlı razılıq əldə edilib. Müqaviləyə görə, ABŞ Ukraynaya 210 “Javelin” raketləri və 37 “Javelin” tank əleyhinə raket kompleksi verəcək.
Maraqlıdır, ABŞ-ın Ukraynanı silahandırması Ukrayna-Rusiya hərbi qarşıdurması baxımından nəyisə dəyişə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə ABŞ-ın Rusiyanın Qara dənizi hövzəsində hərbi imkanlarını məhdudlaşdırmaqda maraqlı olduğunu vurğuladı:
“Ukraynaya verilməsi nəzərdə tutulan “Javelin” komplekslərini ABŞ Gürcüstana da satıb. Gürcüstanla ABŞ arasında ötən il bu silahların alqı-satqısı ilə bağlı razılıq əldə edilib. ABŞ Qara dəniz hövzəsində NATO-ya daxil olmayan müttəfiqlərini silahlandırmağa başlayıb. Onları müəyyən silahlarla təmin edir. Məqsəd isə təbii ki, Rusiyanın Qara dəniz hövzəsindəki hərbi imkanlarını mümkün qədər məhdudlaşdırmaqdır.
Məlumdur ki, Rusiya da dinc dayanmır. Krımda hərbi dəniz donanmasını möhkəmlndirməkdədir. ABŞ isə buna cavab olaraq Gürcüstan və Ukraynanı silahlandırır. Təbii ki, baş verənlər hərbi qarşıdurma ehtimalı gücləndirir. Dünən Rusiya prezidenti bidlirdi ki, onların əlində yeni nüvə silahı var. Bu o deməkdir ki, Gürcüstan, Ukrayna və s. kimi ölkələr hansı səviyyədə silahlandırılsa da, qarşıdurma hərbi müstəviyə keçsə, bu, onları xilas etməyəcək. Bu, Rusiyanın çatdırmaq istədiyi mesaj idi. Xatırladaq ki, Ukrayna Donbasda lokal əməliyyatların keçirilməsini istisna etmir. Bu baxımdan yaxın gələcəkdə bölgədə yeni bir gərginliyin baş qaldırması istisna deyil və o zaman ABŞ-ın Ukraynaya verəcəyi bu silahlar Ukrayna ordusunun karına gələ bilər”.
xa0
Seymur Əliyev




































































































