Miqrasiya sahəsində ölkənin tanınmış hüquqşünaslarından olan və özü də hal - hazırda Almaniyada mühacirətdə yaşayan Əlövsət Əliyev gündəmin ən aktual mövzuyla bağlı fikirlərini bölüşüb:
"Belçikada xanımı və iki azyaşlı uşağı ilə birlikdə yaşayan Elnur Mirzəyevin saxta sənəd ittihamı ilə bağlı polemika və ardınca baş verən qarşılıqlı ittihamlar ortaya xeyli həqiqətləri ”“ Azərbaycan Respublikasında yaşayanların və Azərbaycan mətbuatının emiqrantlara münasibətini, Avropada yaşayan soydaşlarımızın birinin digərinə münasibətini, QHT sektorunun emiqrantlara münasibətini, status almaq üçün müraciət edənlər haqqında yoxlamaların aparılması qaydaları, ən nəhayət Azərbaycan hakimiyyətinin Avropada məskunlaşanlara münasibətini ortaya qoydu. Fikrimcə bu son deyil və birinci Avropa Oyunlarından sonra bu sahədə hakimiyyətin də “oyunlarının”x9d şahidi olacağıq.
Bir il öncə Avropaya gələn vaxtdan Azərbaycanlılardan uzaq olmaq təklifini və məsləhətini az qala hər kəsdən eşitmişəm. Hələ ki, təşkilatlanmaq, ehtiyacı olanlara inteqrasiya proseslərində yardımçı olmaq, Avropanın siyasi həyatına müdaxilə edəcək həmvətənlərimizi tapmaq və onlara dəstək olmaq və bunun üçün fəaliyyət planlarının hazırlanması ilə bağlı təkliflər almamışam. Toyları və Novruz şənliklərini nəzərə almasaq təşkilatlanma məqsədilə toplaşmaq hallarının şahidi olmamışam.
Azərbaycan vətəndaşlarının Avropaya inteqrasiyasına təşəbbüs cəhdlərinə və məlumatlandırma cəhdlərinə də münasibət dözümlü deyil. Bununla bağlı göstərdiyim təşəbbüslərə pis münasibətin dəfələrlə şahidi olmuşam ( Ataxan Əbilov və Kamal Gasımovun da maarifləndirmə sahəsində təşəbbüslərini görmüşəm). İnsanların maarifləndirilməsinə və həmvətənlərimizin təşkilatlanmasına xidmət edən hər sözə və hər təklifə onu deyənin şəxsiyyətindən asılı olmayaraq dəstək verməliyik. Xoşumuza gəlməyən və ya mövqeləri fərqli olan insanlara düşmən kimi yanaşmalı deyilik.
Bu yaxınlarda sosial şəbəkələrin birində Avropada Azərbaycanlıların Milli Birlik Şurasının səhifəsi ilə tanış oldum. Səhifədə məhrum Rövşən Cavadovun fotoları ilə yanaşı yəqin ki, onun da ruhunu narahat edən bəyanatlarda ölkəyə rəhbərlik etmiş və hazırda dünyasını dəyişən şəxslərdən tutmuş, Azərbaycanda tanınmış və mənim də şəxsən tanıdığım, hakimiyyətlə heç bir bağlılığı olmayan bəzi hörmətli insanların davamlı olaraq təhqir olunması, “KQB agenti”x9d, vətən xaini, və s. adlandırılmasının şahidi oldum. Bu gün də həmin səhifədə yayılan bütün bəyanatlar və ya paylaşmalar yalnız Azərbaycan vətəndaşlarının gözdən salınmasına xidmət edir. Məncə bu həm məhrum Rövşən Cavadovun, həm cənab Mahir Cavadovun həm də həmin səhifədən tanıdığım Qalib Rzayevin əleyhinə işləyən təbliğatdır və dərhal dayandırılmalıdır.
İsveçrədə yaşayan, həmişə hörmətlə yanaşdığım cənab Elbəyi Həsənli bildirib ki, Arif Hacılının yeni komandası son 6 ayda 483 vətəndaşa Müsavat Partiyasının üzvü olması ilə bağlı arayışlar satıb (xaricə getmək üçün) !!!!!!!!!??????? Cənab Həsənli hətta Müsavat Partiyasında keçirilən aclıq aksiyasının da biznes məqsədi ilə həyata keçirildiyini iddia edib. Aclıq aksiyası bitəndən iki gün sonra 5 "müsavatçının" İsveçrədə peyda olduğunu və özlərini İsveç miqrasiya xidmətinə təslim etdiyini təsdiq edir. Onu da göstərib ki, “azüllər" (sığınacaq axtaran şəxslər) son aclıq aksiyasında Müsavat rəhbərləri ilə birgə çəkdirdikləri fotoları da işlərinin arasına qoyublar !!!!!!!!!!!!! Cənab Həsənli sənəd alveri ilə məşğul olan şəxslərin adını da deməkdən çəkinməyib. Stokholmda yaşayan mühacir Əli Ağayevi, Hollandiyada yaşayan Eldəniz Yusibovu, Almaniyanın Mainz şəhərində yaşayan Yusif Abilovu, İsveçrənin Bazel şəhərində yaşayan Qabil Rzayevi insanların qanunsuz daşınmasında və saxta sənədlə təmin etməsində ittiham edib !!!!!!!!.
Hollandiyada yaşayan Cənab İsa Eldəniz oğlu Yusibov isə həmvətənlərimizə başqa formada hücuma keçir. O, Müsavat və AXCP-ni müdafiə edərək jurnalist təşkilatlarını konkret olaraq Tofiq bəy (hansı Tofiq bəydən söhbət getdiyini bilmirəm) kimi təqdim etdiyi şəxsi ittiham edib. Bu azmış kimi cənab Yusubov hələ də işləri araşdırılan və hansı səbəbdənsə ona təqdim olunan - !!!!!!!!!!!!!!! ???????????- 300 nəfər həmvətənimizin təqdim etdiyi sənədlərin, bundan başqa isə dindirilməsində və ya müsahibəsində iştirak etdiyi bir o qədər də şəxsin (yəni daha 300 nəfərin) verdikləri məlumatların saxta olmasını qeyd edib !!!!!!!!!!!!!!!!!!!!!!! ???????????????
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də bu qalmaqala sosial şəbəkədəki statusu vasitəsilə reaksiya verməyi unutmayıb. Lakin o da nədənsə, insanları susdurmaqdansa, problemi özündən kənarlaşdırmağa, bəyanatların ziyanından daha çox məndən ötsün, kimə dəyir dəysin prinsipinə üstünlük verməklə söhbəti Müsavatdan uzaqlaşdırmaq yolunu tutub.
Bu məsələdə Müsavatın Divani isə quşu gözündən vurub. Polisə, prokurorluq, MTN və məhkəməyə müraciət edəcəklərini bəyan ediblər. Müsavat Partiyası hətta müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaq üçün Müsavat Partiyası adından istifadə edənlərlə bağlı bəyanat da verməyi unutmayıb.
Nə yaxşı ki, bu sənədlərin yoxlanılması prosesində adı hallanan cənab Eldar Zeynalov məsələyə münasibət bildirməkdən yayınıb və Azərbaycanda peşə etikasına malik şəxslərin olmasını sübut edə bilib. Cənab Eldar Zeynalov miqrasiya hüququ sahəsində özünü professional hesab edən QHT rəhbərlərindən fərqli olaraq ünvansız və ya başqalarına zərər verməmək üçün və ya peşə etikasına olan münasibətinə görə danışmaqdan imtina edə bilib.
Adlarını qeyd etdiyim və qeyd etmədiyim çoxsaylı dostlar!
Hamımız təmiziksə bu natəmizliklər hardandı? Yoxsa unudursunuz ki, belə vəziyyətdə özünü təmizə çıxarmaq üçün cəhdləriniz bütün Azərbaycanı və Azərbaycanlıları murdarlamağa xidmət edir. Niyə unudursunuz ki, kimsə xaricə getməsi və qaçqın statusu almaq üçün əldə etdiyi sübutları təqdim etməsi çox normal haldır. Lakin mövcud vəziyyətə qeyd olunan münasibət isə aşağıdakı əsaslara görə anormallıqdan başqa bir şey deyil:
1. Əvvəla, özünə münasibətdə təqib və ya əsaslı qorxu hesab edən hər kəs qaçqın statusu almaq üçün başqa ölkəyə müraciət edə bilər. İnsanların bu hüquqlarının icrası məhdudlaşdırmalı deyil və onların üstünə bu formada gedilməli deyil. Bu şəxsin müraciət etdiyi ölkənin qanunları ilə tənzimlənən məsələdir.
2. Hər hansı formada əldə etdiyiniz şəxsi məlumatlar və status almaq üçün müraciət etmiş şəxslər haqqında digər məlumatların paylanılması yolverilməzdir və buna hər kəs əməl etməlidir.
3. Tərcüməçilik etdiyiniz, hələ ki nəticəsi elan olunmayan və yoxlaması başa çatmayan işlər haqqında danışmaq, həmin içlərə əlavə olunan sübutların hamısının saxta olmasını indidən elan etmək, bu barədə KİV-lərdə məlumat paylaşmaq kimi səlahiyyətlərə maliksinizmi, bu Sizin peşə etikanıza və qanunvericiliyin tələbinə uyğundurmu?
4. Hansı cəsarətlə əksəriyyəti yoxlama mərhələsində olan 623 Azərbaycan vətəndaşının ( 23 nəfər jurnalistin) saxta sənəd verdiyini iddia edirsiniz? Hec şübhəsiz ki, bu 623 nəfər Azərbaycan vətəndaşının bəzilərinin cənab Eldəniz bəy Yusubovdan və ya onun oğlu İsa bəydən, cənab Elbəyi Həsənlidən və onun ailə üzvlərindən, yuxarıda adı sənəd alverində hallanan qaçqınlardan, daha əsaslılarına istinad etsək cənab Əli Hacılıdan və cənab Ataxan Əbilovdan və təbii ki məndən və ya qeyrilərindən qaçqın status almağa əsası daha çoxdur.
Vətəndaşı olduğu ölkəsini bu və ya digər səbəbdən tərk edərək dil bilməyən, Avropa hüququndan xəbəri olmayan, ölkəsində bu və ya digər formada ayrı seçkiliyin qurbanına çevrilən, bəzilərinin isə həqiqətən qaçqın statusu almağına tam əsası olan həmvətənlərimiz haqqında belə ümumi bəyanatlar səsləndirmək yolverilməzdir. Unutmayın ki, hər bir Azərbaycanlının gözdən salınması üçün apardığınız iş avtomatik olaraq Sizin gözdən düşmənizə xidmət edir.
5. Hər bir ölkədə qaçqın statusu üçün müraciət etmiş şəxslərin işlərinə fərdi qaydada və Azərbaycan haqqında kifayət qədər məlumata malik olan mütəxəssis tərəfindən baxılır. Hətta müraciətə baxan şəxslər sığınacaq axtaran şəxsin şəxsi məlumatlarını və ya təqdim etdiyi sübutları ictimailəşdirə bilməz. Bəlkə Sizlərdən hansınızsa müstəsna səlahiyyətlərə maliksiniz? Bütün hallarda həmin məlumatları yoxlayanlar məlumatın necə yoxlamasını Sizdən dəfələrlə çox gözəl bilir və bizdən fərqli olaraq vətənlərini sevirlər və sizlərin bu məlumatlarına ehtiyac ları yoxdur.
Ən nəhayət, Müsavat Partiyasının rəsmləri haqqında.
Cənablar!
Kimdən və nədən qorxursunuz? Hər bir təşkilatın əsas məqsədi ilk olaraq öz üzvlərinin müdafiəsini təşkil etməkdən ibarətdir. Müsavat Partiyası da öz üzvünə (lərinə) və ya nizamnamə fəaliyyətinə uyğun olaraq müraciət edən digər şəxslərə belə arayışlar verə bilər və verməlidir. Belə sənədlərin verilməsini heç kim qadağan edə bilməz. Sirr deyil ki, Siz də, başqa partiyalar da, miqrasiya sahəsində ixtisaslaşan təşkilatlar da yüzlərlə belə sənəd verib. Bəlkə Siz üzvlərinizin müdafiəsindən imtina etmək tapşırığını alıbsınız? Əgər belə deyilsə, onda biz üzvlərimizə belə arayışlar vermişik, lakin bu bizlik deyil deməkdən niyə çəkinirsiniz?
Dostlar, unutmayın ki, hər bir saxta sənəddən istifadə edən şəxsin də hüquqları var və müdafiə olunmalıdır. Siz sığınacaq axtaran şəxslər haqqında məlumatları KİV-lərə yaymaqla və hüquq mühafizə orqanlarına müraciətlər etməklə, həmin şəxslərin ölkəyə qayıdışını əngəlləyir və qanunsuz sənədlərlə yaşayanların olduqları ölkədə status almasına yardım edirsiniz. Yəni Siz bu hərəkətinizlə də Müsavat Partiyasının “saxta”x9d sənədlə “təmin etdiyi”x9d şəxslərin olduğu ölkədə daimi yaşamasına yardım etdiniz.
Son.
Biz Avropada gürcülər kimi oğru və ya ruslar kimi sosial yardımların hesabına yaşamağa öyrənmiş xalq titulunu almamışıq. Biz ərazisində olduğumuz ölkədə işləmək və qısa müddətdə vergi ödəyicisinə çevrilməyi bacarırıq və buna görə də Azərbaycanlılara dözümlü münasibət mövcuddur. Bu münasibətdən istifadə edərək daha yaxşı inteqrasiya olunmaq, təşkilatlanmaq, Azərbaycana və bununla da hər birimizə daha ciddi nüfuz qazandırmaq gücündəyik və bunu etməyə borcluyuq.
Biz ən yaxşılarımızın ərazisində olduğu ölkənin siyasi həyatına təsir imkanlarına yardım haqqında düşünməliyik.
Az qala həyat normasına çevrilən yaltaqlıq və riyakarlıqdan xilas olmalı və azad məmləkətdə kölə olmaq həvəsinə düşməli deyilik.
P. S. Bu qeydləri paylaşmaqda məqsədim yeni müzakirələr acmaq deyil. Xahiş edirəm nəzərə alasınız.






























































































