
- A-
- A
- A+
AKP-nin SUSQUN RAZILIĞI
Beynəlxalq münasibətlərdə dövlətlərin dostluq və tərəfdaşlıq seçimləri onların bəyanatları ilə deyil, atdıqları addımların mahiyyəti ilə qiymətləndirilir. Xüsusilə, uzun illər beynəlxalq dəstəyə ehtiyac duyan, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqların siyasi rəhbərliyindən gözlənti daha böyükdür. Belə şəraitdə diplomatik münasibətlərdə ardıcıllıq, qarşılıqlı hörmət və digər xalqların milli maraqlarına həssas yanaşma mühüm əhəmiyyət daşıyır.
Bu mənada Fələstin hakimiyyətinin Türkiyə, Azərbaycan, Ermənistan və Yunanıstanla münasibətləri olduqca diqqətçəkicidir.
Bəri başdan deyək ki, tarix boyu Fələstin rəhbərliyi heç zaman beynəlxalq münasibətlərdə ümumbəşəri hüquq və ədalət prinsiplərini ardıcıl müdafiə etməyib. Fələstin Azadlıq Təşkilatının, daha sonra isə Fələstin muxtariyyətinin siyasi tərəfdaşlıq seçimlərində hər zaman ziddiyyətlər olub. Ən pisi də budur ki, Fələstin hakimiyyətinin xarici siyasətində müsəlman təəssübkeşliyi, İslam həmrəyliyi heç vaxt aparıcı xətt olmayıb. Əksinə, Fələstin liderləri erməniləri özlərinin qardaşları hesab ediblər.
Fələstinin xarici siyasətini çox zaman ermənilər müəyyən edib.
Və bu gün də belədir. Məsələn, 2024-cü ilin mart ayında Fələstin Prezidenti Mahmud Abbasın təsdiqlədiyi yeni hökumətdə erməni əsilli Varsen Ağabekyan Şahin xarici işlər üzrə dövlət naziri təyin edildi.
Nə təsadüfdürsə bu təyinatdan cəmi 3 ay sonra - 21 iyun 2024-cü ildə Ermənistan Fələstini müstəqil dövlət kimi tanıdı. Həmin il sentyabrın 27-də iki ölkə arasında diplomatik münasibətlər quruldu. 2024-cü ilin sentyabr ayının 28-də isə Fələstinin baş naziri Məhəmməd Mustafa ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan diplomatik əlaqələrin yaradılmasına dair birgə sənəd imzaladı. Fələstin tərəfi Ermənistanın bu qərarını yüksək qiymətləndirdi, ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Bu azmış kimi 2025-ci ilin iyun ayında prezidentin fərmanı ilə Ağabekyan birbaşa Fələstinin Xarici İşlər və Münfərilər Naziri postuna gətirildi.
Bu da o deməkdir ki, hazırda Fələstinin xarici siyasətini ermənilər həyata keçirir.
Fələstinin ermənipərəst xarici siyasətində Azərbaycan-Türkiyə qardaşlığı necə hədəfə alınır?
Fələstin hökuməti beynəlxalq arenada təkcə erməniləri müdafiə edib, dəstəkləmir. Həm də ermənilərin “düşmənlərini” hədəfə alır.
Məlumdur ki, ermənilər son 120 ildə Azərbaycanla Türkiyəni özlərinin düşməni elan ediblər. Üstəlik, onlar xarici ağaları ilə birgə Azərbaycanla Türkiyəyə daha çox zərər vurmaq üçün bütün imkanlarını səfərbər ediblər. Bu bədnam siyasətin ana xətti bədnam “erməni soyqırımı” olsa da, digər aspektlərdən də iki qardaş ölkəyə davamlı hücumlar ediblər.
Ən pisi də odur ki, Fələstin-Ermənistan həmrəyliyinin düşünülmüş siyasəti bir çox hallarda öz səmərəsini verib.
Bu gün Türkiyənin bəzi dairələri kor-koranə Azərbaycanı Fələstinin yanında olmamaqda günahlandırır. Amma bu şəxslər anlamırlar ki, hər bir dövlətin öz maraqları var. Bu maraqlara uyğun da xarici siyasət yürüdülür. Heç bir dövlət özünün milli maraqlarını digər bir dövlətin mənafeyi üçün ayaqlar altına atmır.
Fələstinin ermənipərəst mövqeyi
Məhz Azərbaycan da bu cür hərəkət edir. Azərbaycan da digər müsəlman dövlətləri kimi Fələstinlə səmimi münasibətlər qurub. Fələstinin milli maraqlarına ziyan verəcək hər hansı bir layihədə Azərbaycan yer almayıb.
Amma Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vuran bir çox layihələrdə Fələstin aktiv iştirak edib.
Məsələn, Ermənistan-Azərbaycan münaqişəsi başlayanda Fələstin hökuməti Ermənistanı dəstəkləyən 6 bəyanat verib.
Yasir Ərafat 2000-ci ildə “Əl-Əyyam” qəzetinə müsahibəsində açıq şəkildə bildirmişdi ki, “biz ermənilərlə eyni xalqıq, bir vücuduq, bir nəfəs alırıq”. Başqa bir qəzetə - “Əl- Həyat”a müsahibəsində isə Ərafat bildirmişdi ki, “ermənilərin haqlı mübarizəsində sonadək onların yanındayıq”.
Fələstin hakimiyyəti yalnız siyasi bəyanatlar vermir, yeri gələndə dediklərin real həyatda sübut edir.
Heç kimə sirr deyil ki, Fələstin Azadlıq Təşkilatı, ASALA və PKK uzun illər SSRİ-nin maliyyə dəstəyi ilə ayaqda qalıb. Bu təşkilatların hərbi qruplaşmaları hər zaman birgə hərbi təlimlər keçiblər. Fələstində təlim görən ermənilər Birinci Qarabağ savaşında Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşublar.
Sonrakı illərdə də Fələstin hakimiyyəti açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. Məsələn, Fələstin rəhbərliyinin ermənipərəst siyasətinin daha bir nümunəsi kimi 2015-ci ildə buraxılan poçt markalarını göstərə bilərik. Bu poçt markaları "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuşdu.
Ən pisi də odur ki, qondarma soyqırımı simvolizə edən poçt markaları uzun illər Fələstində dövriyyədə oldu. Həmin illərdə beynəlxalq erməni şəbəkələrində Fələstinin bu jesti geniş şəkildə təbliğ olundu və Mahmud Abbas administrasiyasının bu “comərdliyi” ermənilər tərəfindən alqışlandı.
Lakin bu gün Fələstin üçün sinə vuran Türkiyənin bəzi dairələri nədənsə bu biabırçılığı görməzlikdən gəldi. Halbuki, o zaman Azərbaycan bu məsələyə qəti etirazını bildirdi.
Azərbaycanın davamlı təzyiqlərindən sonra Fələstinin Azərbaycandakı səfirliyi bu markaların rəsmi dövlət tərəfindən çap edilmədiyini bəyan etdi.
Fələstinin xarici siyasətində yunan faktoru
Bu gün Türkiyədə Fələstin üçün göz yaşı tökən cameəyə bir daha xatırlatma etmək istəyirik ki, nə Yasin Ərafat, nə də ki, Mahmud Abbas hökuməti Türkiyəyə qarşı heç zaman dost münasibəti sərgiləməyib. Əksinə fürsət düşdükcə Türkiyənin həssas yerindən zərbələr endiriblər.
Tək bir faktı deyək ki, Mahmud Abbas hakimiyyətdə olduğu müddətdə dəfələrlə Cənubi Kiprə səfərlər edib. Bu səfərlər zamanı o, bir qayda olaraq Türkiyənin regional maraqlarına və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hüquqlarına yönəlik bəyanatlar səsləndirib.
Mahmud Abbas o qədər irəli gedib ki, hətta Türkiyə Silahlı Qüvvələrini adada "işğalçı" adlandırıb.
Bu cür bəyanatlar təsadüf deyil, öhdəlikdir. ..
Çünki Fələstinin Cənubi Kipr və dolayısı ilə Ermənistanla qurduğu bu diplomatik xətt, Bakı-Ankara strateji müttəfiqliyinə qarşı regional müstəvidə formalaşan digər blokların maraqlarına xidmət edir.
Bütün bunlardan sonra Türkiyənin fələstinpərəst qüvvələri nəyi və nə üçün müdafiə etmələri çox qaranlıq qalır.
Ən nəhayət 29 oktyabr Cümhuriyyət Bayramı günündə Mahmud Abbasın yenidən Yunan Kiprinə rəsmi səfərə getməsi də sual doğurur. Səfər üçün günün tam təsadüf nəticəsində seçilməsi əlbəttə inandırıcı deyil. Bu bir təxribatdır. Cühhuriyyət günündə Mahmud Abbas açıq şəkildə kimlərin yanında dayandığını bütün dünyaya göstərir.
Bəs, Türkiyədə Azərbaycanı hədəf alanlar Fələstinə nə deyəcəklər?
Bu gün Azərbaycanı Fələstin məsələsində yetərincə prinsipial olmamaqda ittiham edən, hətta ölkəmizi təhqir etməkdən çəkinməyən nurçu AKP tərəfdarları və islamçı media bəzi suallara cavab verməlidir:
Türkiyənin milli maraqlarına qarşı belə bir addıma nə cavab verəcəklər? Görəsən, Azərbaycanı Fələstin naminə öz milli maraqlarından geri çəkilməyə çağıranlar indi Fələstin rəhbərliyinin Türkiyənin maraqlarına münasibətini necə izah edəcəklər? Yoxsa söhbət Azərbaycanın maraqlarına gələndə prinsipiallıq tələb edənlər Türkiyənin maraqları məsələsində susmağa üstünlük verəcəklər?
Azərbaycanı hədəf almaq üçün sıraya düzülən həmin dairələr Fələstinə, Mahmud Abbasa səsini çıxarmırlar. Belə görünür ki, çıxarmayacaqlar da... Bu isə həmin dairələr üçün Fələstin məsələsinin sadəcə Azərbaycanı hədəf almaq üçün oyuncaq olduğunun sübutudur.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































