Məktəblilərin çantasına bu məhsulları qoymayın – XƏBƏRDARLIQ

Məktəblilərin çantasına bu məhsulları qoymayın – XƏBƏRDARLIQ

Hazırda oxunan: Məktəblilərin çantasına bu məhsulları qoymayın – XƏBƏRDARLIQ

637246

Yeni tədris ilinin başlaması ilə valideynlər uşaqlarının məktəbdə qidalanmasına da diqqət yetirirlər. Bəzi valideynlər evdə hazırladıqları isti yeməkləri uşaqlarının çantalarına qoyur, bunun üçün isə plastik qablardan istifadə edirlər. Lakin isti yeməklərin plastik qablarda saxlanılması və tez xarab olan qidaların saatlarla soyuducudan kənarda qalması uşaqlar üçün hansı risklər yarada bilər?

Məktəbə yemək qoyarkən valideynlər nələrə diqqət yetirməlidirlər?

Bizim.Media-ya danışan qida eksperti Ağa Salamov təhlükəsizlik baxımından şüşə qabları məsləhət görməsə də, qida üçün daha sağlam olduğunu bildirdi:

“Şüşə qablar qırıla, uşaq yıxıldıqda xəsarətə səbəb ola bilər. Buna görə təhlükəsizlik baxımından valideynlərə şüşə qabları məsləhət görməzdim. Qida təhlükəsizliyi baxımından isə şüşə qablaşdırma daha sağlam seçimdir.

Qida üçün nəzərdə tutulmuş, tərkibində bisfenol A olmayan plastik qablar da var. Bunlar xüsusi olaraq qida məhsullarının saxlanılması üçün nəzərdə tutulub və valideynlər belə qablara üstünlük verməlidirlər. Qiymət baxımından bir qədər fərqlənsə də, uşağın sağlamlığı daha önəmlidir”.

Səhər saatlarında uşağın çantasına toyuq, ət və ya balıq qoyulur, uşaq isə onu günorta yeyir.

Ekspertin sözlərinə görə, ət və balıq tez xarab olan məhsullardır. Soyuducudan kənarda, mühit temperaturunda 2-3 saat saxlanıldıqda bakterial çirklənmə baş verə və bakteriyaların sayı arta bilər.

Bu da uşağın qida zəhərlənməsi ehtimalını yüksəldir:

“Valideynlər uşaqları tez xarab olan məhsullardan mümkün qədər uzaq tutmalıdırlar. Meyvə və tərəvəz kimi məhsullara daha çox üstünlük verilməsi məqsədəuyğundur. Məktəbin bufeti varsa, uşaqlar oradan da yararlana bilərlər.

İbtidai sinif şagirdlərinin yeməklərinin keyterinq şirkətləri tərəfindən hazırlanaraq məktəblərə çatdırılması daha doğru olar. Uşaqlar müəyyən ödəniş qarşılığında məktəbdə isti yeməklə təmin edilə bilərlər. Məsələn, menyuda bir gün toyuq, digər gün ət, başqa gün isə balıq və digər isti yeməklər ola bilər. Bu, məktəbə evdən toyuq, ət və digər tez xarab olan məhsulların gətirilməsindən daha yaxşıdır”.

Məktəb bufetlərində işlənmiş ət məhsulları, konservləşdirilmiş məhsullar, rəngli və qazlı içkilər satılmamalıdır

A.Salamov vurğulayır ki, uşaqların mədəsi daha həssasdır və onların qidalanmasına xüsusi diqqət yetirilməlidir:

“İbtidai sinif şagirdlərinin qidalanması məktəbdə təşkil olunsa, onlar qrup şəklində oturub yeməklərini yeyə və daha sonra dərslərinə davam edə bilərlər. Yuxarı sinif şagirdlərinə isə bufetdən özləri üçün yemək almaq üçün pul verilə bilər. Onlar qreçka ilə toyuq, qulyaş, şorba və digər isti yeməklərdən istifadə edə bilərlər. Məktəbə evdən yalnız meyvə və tərəvəz kimi məhsullar gətirmək daha məqsədəuyğundur”.

Ekspert qeyd edir ki, mayonezlə hazırlanan məhsullar, yumurta və yumurtadan hazırlanan məhsullar, ət, balıq, toyuq və dəniz məhsulları kimi tez xarab olan qidaların məktəb çantasında uzun müddət saxlanılmasına yol verilməməlidir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO