Dövriyyə artır, şöbələr azalır... – Poçt xidmətləri dövrü BAŞA ÇATIR?

Dövriyyə artır, şöbələr azalır... – Poçt xidmətləri dövrü BAŞA ÇATIR?

Hazırda oxunan: Dövriyyə artır, şöbələr azalır... – Poçt xidmətləri dövrü BAŞA ÇATIR?

632806

2025-ci ildə ölkə üzrə poçt şöbələrinin sayı 2024-cü illə müqayisədə 107 vahid azalaraq 1 335-ə düşüb

Bu barədə Dövlət Statistika Komitəsinin poçt xidmətlərinə dair statistik məlumatlarda qeyd olunub.

Məlumata görə, 2024-cü ildə ölkədə 1 442 poçt şöbəsi fəaliyyət göstərib. 2025-ci ildə bu göstərici 1 335 olub. Beləliklə, bir il ərzində poçt şöbələrinin sayı 7,4 faiz azalıb.

Azalma əsasən kənd ərazilərində qeydə alınıb.

Belə ki, kəndlərdə poçt şöbələrinin sayı 2024-cü ildəki 890-dan 2025-ci ildə 744-ə düşüb. Şəhər ərazilərində isə bu göstərici 552-dən 591-ə yüksəlib.
 

Poçt müəssisələrində çalışanların sayı da azalıb. 2024-cü ildə 6 127 nəfər olan işçi sayı 2025-ci ildə 5 777 nəfərə enib. Bu, 350 nəfər və ya 5,7 faiz azalma deməkdir.


Poçtalyon və kuryerlərin sayı isə bir il ərzində 1 457 nəfərdən 1 199 nəfərə düşüb. Nəticədə bu kateqoriya üzrə çalışanların sayı 258 nəfər və ya 17,7 faiz azalıb.

Şəhər ərazilərində poçtalyon və kuryerlərin sayı 1 160 nəfərdən 956 nəfərə, kəndlərdə isə 297 nəfərdən 243 nəfərə qədər azalıb.

Bununla yanaşı, poçt və kuryer xidmətlərinin həcmi 2024-cü ildəki 112,3 milyon manatdan 2025-ci ildə 125,7 milyon manata yüksəlib. Beləliklə, xidmətlərin həcmi 13,4 milyon manat və ya təxminən 12 faiz artıb.

Poçt şöbələrinin sayının azalması ilk baxışdan adi bir statistika kimi görünə bilər. Rəqəmlər azalır, filiallar bağlanır, xidmətlər elektronlaşır.

Amma unutmayaq ki, poçt şöbəsi sadəcə məktub qəbul edən və bağlama göndərən bir məkan deyil. O, xüsusən rayonlarda və kəndlərdə insanları dövlət xidmətlərinə, bir-birinə və xarici dünyaya bağlayan kiçik, lakin mühüm bir ünvandır.

Bir vaxtlar poçtalyonun yolu kənd həyatının ayrılmaz hissəsi idi.

İnsanlar məktub gözləyər, uzaqdakı övladından, əsgərdən, qohumdan xəbər gətirən zərfi böyük həyəcanla açardılar. Poçt qutusu bəzən bir ailənin ümidinə çevrilərdi. İndi isə elektron məktublar, messencerlər və rəqəmsal ödənişlər bu ənənəni sürətlə arxa plana keçirir.
 

Texnologiyanın inkişafını dayandırmaq mümkün deyil və buna ehtiyac da yoxdur. Elektron xidmətlər daha sürətli, rahat və ucuzdur. Lakin rəqəmsallaşma bütün insanları eyni imkanlarla təmin etmir. Yaşlı insanlar, internetə çıxışı məhdud olan kənd sakinləri və rəqəmsal xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlar üçün poçt şöbəsi hələ də vacibdir.


Ən ağrılı məqam isə budur: poçt şöbəsi bağlananda təkcə bir xidmət nöqtəsi yox olmur. Bəzən kəndin son ictimai məkanlarından biri, insanların görüşdüyü, məlumat aldığı, sənəd və ödəniş məsələlərini həll etdiyi bir ünvan da itir.

Bu səbəbdən poçt şöbələrinin azalmasına yalnız iqtisadi səmərəlilik prizmasından baxmaq düzgün olmaz. Səmərəlilik vacibdir, amma sosial əlçatanlıq da dövlət xidmətlərinin əsas meyarlarından biridir.
 

Bəlkə də gələcəyin poçt şöbəsi əvvəlki kimi olmayacaq. Məktubdan çox rəqəmsal xidmət, bağlamadan çox logistika, poçtalyondan çox elektron sistem olacaq. Amma əsas prinsip dəyişməməlidir: insan yaşadığı yerdən asılı olmayaraq cəmiyyətlə əlaqəsini itirməməlidir.


Çünki bəzən bağlanan bir poçt şöbəsi sadəcə qapısı bağlanan bir bina deyil. O, bir kəndin şəhərlə, bir yaşlının dünya ilə, bir ailənin uzaqdakı doğması ilə əlaqəsini bir qədər də uzaqlaşdıran qapıdır.

Maraqlıdır ki, ötən il poçt filialların sayı azalsa da xidmətin həcmi artıb.

Məsələn, poçt və kuryer xidmətlərinin həcmi 2024-cü ildəki 112,3 milyon manatdan 2025-ci ildə 125,7 milyon manata yüksəlib. Beləliklə, xidmətlərin həcmi 13,4 milyon manat və ya təxminən 12 faiz artıb.

Azərbaycanda poçt və kuryer xidmətlərinin həcmi son 5 ildə əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə ölkədə poçt və kuryer xidmətlərinin həcmi 125 milyon 698 min manat təşkil edib. 2021-ci ildə isə bu göstərici 66 milyon 762 min manat olub. Beləliklə, beş il ərzində xidmətlərin həcmi 58 milyon 936 min manat və ya 88,3 faiz artıb.
 

Artım son illərdə ardıcıl davam edib. Belə ki, xidmətlərin həcmi 2022-ci ildə 89 milyon 977 min manat, 2023-cü ildə 97 milyon 589 min manat, 2024-cü ildə 112 milyon 311 min manat, 2025-ci ildə isə 125 milyon 698 min manat olub.


Bəli, texnologiya gələcəyi dəyişə bilər. Rəqəmsallaşma işimizi daha asanlaşdırar. Amma insanın insana ehtiyacı heç zaman dəyişməyəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO