2026-2027-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında ilk dəfə aqronomluq fakültəsi fəaliyyətə başlayacaq.
Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsindən sonra bu ixtisasın Şimal bölgəsində də tədris olunması nəzərdə tutulur.
Quba rayon İcra başçısı İlqar Mahmudovun kəndlərdə və təsərrüfatlarda keçirdiyi görüşlər zamanı aqronom çatışmazlığı ilə bağlı problemlər dəfələrlə gündəmə gətirilib.
Məsələ Nazirlər Kabineti qarşısında qaldırılıb və Nazirlər Kabinetinin müsbət qərarından sonra ADPU-nun Quba filialında aqronomluq fakültəsinin yaradılması ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Artıq proses yekunlaşıb. Yeni tədris ilindən Quba filialında aqronomluq ixtisası üzrə 20 gənc təhsil almağa başlayacaq.
ADPU Quba filialının direktoru Yusif Alıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Şimal bölgəsində yerləşən yeganə ali pedaqoji təhsil müəssisəsində kənd təsərrüfatı istiqamətli fakültənin açılması mühüm yenilikdir.
Onun sözlərinə görə, Quba-Xaçmaz iqtisadi rayonunda meyvəçilik, tərəvəzçilik və taxılçılıq sahələri sürətlə inkişaf edir. Bundan əlavə, bölgədə Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun yerləşməsi təhsil və istehsalat imkanlarının birləşdirilməsi üçün geniş şərait yaradır.
Yusif Alıyev qeyd edib ki, DİM xətti ilə keçirilən I qrup imtahanlarında müvafiq bal toplayan 20 abituriyent bu ixtisas üzrə seçim edə biləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





































































































