Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimi keçirildi.
Bizim.Media xəbər verir ki, üç gün davam edəcək sərgidə dövlət və özəl ali təhsil müəssisələri, eləcə də müxtəlif qurumlar stendlərlə təmsil olunur. Tədbirin əsas məqsədi abituriyentlərə və onların valideynlərinə universitetlər, ixtisaslar və qəbul prosesi barədə ətraflı məlumat verməkdir.
Açılış mərasimində çıxış edən DİM-in aparat rəhbəri Vəfadar Misirov bildirib ki, universitet və ixtisas seçimi həm abituriyentlər, həm də valideynlər üçün taleyüklü qərardır. Onun sözlərinə görə, düzgün seçim etmək üçün ilk növbədə məlumatlı olmaq vacibdir. Sərgidə iştirak edənlər ali təhsil müəssisələrinin maddi-texniki bazası, təhsil imkanları, ixtisasları və qəbul şərtləri ilə birbaşa tanış olmaq imkanı əldə edirlər.
O qeyd edib ki, sərgi çərçivəsində peşə seçimi ilə bağlı ödənişsiz psixoloji testlər təşkil olunacaq. Bundan başqa, bəzi universitetlər üçün xüsusi zallarda təqdimatlar keçiriləcək, abituriyentlər və yaxınları ali təhsil müəssisələrinin nümayəndələrinə suallar ünvanlayaraq ətraflı məlumat ala biləcəklər.
Sərgi çərçivəsində abituriyentlər universitet stendlərini ziyarət edib, ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşərək tədris proqramları, ixtisaslar, qəbul qaydaları və təhsil imkanları barədə məlumat alıblar.
Qeyd edək ki, sərgi iyulun 29-31-də davam edəcək. Tədbirdə iştirak etmək istəyənlər DİM-in rəsmi internet səhifəsi vasitəsilə ödənişsiz qeydiyyatdan keçə bilərlər.









Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media





































































































