Gülər Əhmədova “cəbhəsindən” Elşad Abdullayevə çağırış gəldi

Gülər Əhmədova “cəbhəsindən” Elşad Abdullayevə çağırış gəldi

Hazırda oxunan: Gülər Əhmədova “cəbhəsindən” Elşad Abdullayevə çağırış gəldi

39034
Sabiq deputat Gülər Əhmədovanın “cəbhəsində” yenə hərəkətlilik var. Sabiq deputatın vəkili Əfsər Talıbov “Yeni Müsavat” qəzetinin 22 dekabr tarixli sayında E.Abdullayevin “Onlar Səlcuq Ağlayandan qorxurdular” müraciətinə növbəti dəfə cavab verib.

 “Ortada heç bir pul yoxdur”

“Yeni Müsavat”a açıqlamasında Ə.Talıbov bildirib ki, E.Abdullayevin “Gülər Əhmədova məndən üzr istəmək əvəzinə üstümə gəlməklə öz cinayətlərini ört-basdır etməyə cəhd edir” sözləri tamamilə məntiqsizdir. Vəkil sual edir ki, G.Əhmədova E.Abdullayevdən niyə üzr istəməlidir: “Elşad Abdullayev, sənin Bakı Şəhər Prokurorluğuna  göndərdiyin saxta, təhrif  olunmuş videogörüntülərin və KİV-lərə verdiyin müsahibələrə  görə Gülər xanıma qarşı  CM-nin 178.3.2-ci maddəsi  ilə cinayət işi başlanılıb və barəsində heç bir əsas olmadan ittiham hökmü çıxarılıb. Elşad Abdullayev hüquqşünasdır. Yəqin bilir ki, bu işdə cinayətin obyekti, yəni pul, cinayətin törədildiyi vaxt, məkan bilinməli  və mütləq zərərçəkmiş şəxs olmalıdır. Belə ki, onun təqdim etdiyi videogörüntülərdə pulun alınıb verilmə səhnəsi çəkilməyib, pulun verilmə faktı isə hər hansı bir qaydada sənədləşdirilməyib.  Elşad Abdullayevin xarakterini və xasiyyətini nəzərə alsaq o, Gülər Əhmədovaya məbləğindən asılı olmayaraq pul vermiş olsaydı bu faktı mütləq videoya çəkərdi. Lakin o bunu etməyib. Bu isə o deməkdir ki, Elşad Abdullayev Gülər Əhmədovaya pul verməyib. Yəni ortada pul yoxdur. Bu da onun tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddianın  təmin edilməsi barədə iddia ərizəsinin məhkəmə tərəfindən təmin edilməməsində öz əksini tapır və sübut olunur ki, o Gülər Əhmədovaya pul verməyib. Bu da öz təsdiqini həm istintaqda, həm də məhkəmədə  tapdı. Hadisənin baş verdiyi vaxtı, yəni ili, ayı, günü təyin etmək mümkün olmadı. Danışıqların aparıldığı məkandan isə Elşad Abdullayevin qanunsuz olaraq şantaj məqsədilə istifadə etməsi sübut olundu. Həmçinin sübut olunur ki, o, qanunları pozaraq gizli çəkiliş aparmış və çəkdiyi  videonu montaj edərək ictimailəşdirmişdir. Müsahibələrimin birində  Elşad Abdullayevə bir hüquqşünas kimi demişdim ki, Elşad Abdullayev, bəsdir SMS-SMS oyunu oynadıq. Sən də bir hüquqşünaş kimi bilməlisən ki, hər hansı bir cinayət işi KİV-də deyil, istintaq orqanlarında və məhkəmə baxışında aparılır. Sonuncu dəfə Elşad Abdullayevdən xahiş edirəm. KİV-lərə şər və böhtan xarakterli məlumatlar ötürməkdənsə, gəl Azərbaycana və hüquqi müstəvidə məsələlərimizi həll edək”.

““Elşad Abdullayev, bəsdir SMS-SMS oyunu oynadıq”


“Ya dediklərini sübut elə, ya da Gülər Əhmədovadan üzr istə”

Ə.Talıbov onu da bildirdi ki, heç vaxt E.Abdullayevin şər və böhtan dolu müsahibələrinə cavab vermək istəməyib: “Lakin görünür, biz susduqca sən özünü daha da qüdrətli hesab edirsən. ”Yeni Müsavat" qəzetində 22 dekabr tarixdə verdiyin müsahibə ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam. Belə ki, həmin müraciətində qeyd edirsən ki,Gülər Əhmədova verdiyin pulları almaq üçün ona zəng edən zaman Sevinc Babayeva sabiq deputatın başının Səlcuq Ağlayana görə qarışıq olmasını bildirib: “Sevinc Babayeva mənə bildirdi ki, başımız qarışıqdır, Gülər Türkiyəli iş adamı  Səlcuqa külli  miqdarda pul atıb, o da Gülərdən prokurorluğa şikayət edib. Yenə də pulunu ala bilməyəndə Səlcuq məni və Güləri Prezident İdarəetmə Akademiyasının qabağında Gülərin şəxsi avtomobilin arxadan zərbə  vururdu, bizi Allah  qurtardı, o əzilmiş maşından heç kim sağ çıxa bilməzdi, biz çıxdıq, heç demə  Səlcuq  ”ağbaşın" adamı imiş, o hadisədən sonra, Gülər qaça-qaça təcili pulu geri qaytardı". Bu  cinayət hadisəsində də Səlcuqun adını duymuşdum. Hətta  həmin  cinayət olayı mətbuatda da nəşr olunmuşdu". Elşad Abdullayev bu yazdıqlarını  ya sübut etməlidir, ya da Gülər Əhmədovadan və onun ailəsindən üzr istəməlidir. Əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalacağam. Elşad Abdullayevin Azərbaycan dövlətçiliyinə, onun tanınmış simalarına şər və böhtan atdığı azmış kimi , indi də qardaş Türkiyə dövlətinə, onun hüquq mühafizə orqanlarına şər və böhtan atır".
“Sevinc Babayeva Bakı Şəhər Prokurorluğuna 11 səhifəlik müraciət yollayıb”
Vəkilin dediyinə görə, E.Abdullayev  Sevinc Babayevanın Türkiyədə  rəhmətə getməsi ilə bağlı keçirilmiş ekspertizanın rəyini saxta adlandırmaqla dost  dövlətə də şər-böhtan atır: “O, Türkiyə Cümhuriyyəti Büyükçekmece Cinayət Məhkəməsini qondarma bir məhkəmə adlandıraraq utanmadan Türkiyə məhkəmə sistemini də şərləyir. Səlcuq Ağlayanın müsahibəsini oxuduqdan sonra Elşad Abdullayevin çox cılız bir intriqant olması yəqin ictimaiyyətə də aydın oldu. Gülər Əhmədovaya CM-nin 307.2-ci maddəsi ilə çıxarılan ittiham hökmü də tam əsassızdır və heç bir sübuta söykənmədiyindən  bu hissədə də bəraət hökmü çıxarılmalıdır. Belə ki, Gülər Əhmədovanın 26 sentyabr 2012-ci il tarixdə Sevinc Babayevanı Türkiyəyə  yola salması faktı həm istintaqda, həm də məhkəmədə  sübuta yetirilmədi. Sevinc Babayeva Azərbaycanı tərk edərkən o, kitabxana direktoru vəzifəsində çalışıb və onun barəsində heç bir  cinayət işi olmayıb. 2012-ci ilin sentyabr ayının 26-dan rəhmətə  getdiyi günə qədər Sevinc Babayeva Bakıda tanış olduğu Səlcuq Ağlayan adlı Türkiyə vətəndaşının himayəsi altında yaşayıb. Səlcuq ona bacı deyib və ona mərhəmət göstərib, qayğısına qalıb. Sevinc Babayeva Türkiyədə azad yaşayıb, ailəsi, dostları, qohumları, tanışları və işçiləri ilə mütəmadi əlaqələr saxlayıb. Türkiyədə yaşadığı müddətdə təcili yardıma, aptekə, xəstəxanalara, həkimlərə müraciət edib. Alış - veriş mərkəzlərində olub, brend mağazalardan şəxsi istifadə üçün geyimlər alıb, gözəllik salonlarına gedib, kosmetoloq xidmətlərindən istifadə edib, restoranlara, kafelərə gedib. Öz pasportu ilə 19 dekabr 2012-ci il tarixdə ona məxsus olan ”Jeep" avtomaşının satılması üçün Türkiyə dövlətinin notariusundan Bakıda yaşayan Anar Quliyevin adına etibarnamədə göndərmişdir. Sevinc Babayeva Türkiyədə olduğu  müddətdə oteldə və kirayədə yaşadığı mənzildə sərbəst olub. Nəzərinizə çatdırıram ki, nə yaşadığı kompleksdə, nə də oteldə onun zorla  saxlanılması mümkün  deyildir. Məhkəmədə o da sübut olub  ki, o hər zaman taksi xidmətlərindən istifadə edərək istədiyi  yerlərə gedib. Həmçinin sübut olundu ki, Sevinc Babayevanın Azərbaycana qayıtmasına heç kim mane olmayıb və ola da bilməzdi. Oğlu  və  bacısı  bir  neçə gün onun yanında olublar və bu da  sübut edir ki, Sevinc Babayeva heç kimin təsiri altında olmayıb və orada azad yaşayıb. İstintaqda dindirilməyən Sevinc Babayevanın Bakı şəhər prokurorluğuna ünvanladığı 13 səhifəlik müraciəti onun ifadəsi kimi  qəbul olunmalıdır. Elşad Abdullayevin  gizli yolla çəkərək internet  vasitəsi ilə yaydığı videogörüntülərin əksinə olaraq, Azərbaycan Beynəlxalq Universitetində çalışmış Sevinc Babayeva, Tavat Şirvanova  və Lyudmila Məmmədovanın könüllü iradələri əsasında, açıq - aşkar kamera  qarşısında verdikləri  müsahibələri sübut  növü kimi qəbul olunmalıdır. Qeyd etmək istəyirəm ki, bu  videoçəkiliş Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin 3 və 5-ci  bəndlərinin, CPM-nin 125-ci maddəsinin  tələblərinə tam uyğundur, çünki gizli çəkiliş deyil. Bütün bunların hamısı bir daha  sübut  edir ki, Gülər Əhmədova heç bir  cinayət  etməmişdir və ona elan olunmuş  178.3.2-ci  və  307.2-ci maddəsi ilə  çıxarılmış ittiham hökmündə   hər iki maddə üzrə onun  əməlində  cinayət tərkibi olmadığından barəsində bəraət hökmü verilməlidir".

“Buradan Elşad Abdullayevə səslənirəm”

G.Əhmədovanın vəkili həmçinin E.Abdullayevi xarakterizə etmək istədiyini deyib. Onun sözlərinə görə, E.Abdullayev rektoru olduğu ABU-da qeyri-qanuni, testdən kənar tələbə qəbulu aparıb, xarici pasportu olmayanların guya  xaricdə təhsil almaları barədə saxta sənəd tərtib etməklə qanunsuz  tələbə köçürmələri edib, saxta  diplom satmaqla , dərsə gəlməyən  tələbələrdən,  semestr və dövlət imtahanlarında rüşvət yığıb: “Başqa müəlliflərin kitablarını öz adına çıxaran, saxta elmi dərəcə alan, bir sıra dövlətlər adından özü-özünü təltif edib. İnsan orqanı alverçisi, saxta dərmanları dövriyyəyə buraxan mütəşəkkil dəstənin üzvü və nəhayət qardaş qatilidir. Bütün bunlar bir daha təsdiq  edir ki, Elşad Abdullayev öz cinayət əməllərini ört-basdır etmək  üçün digər insanları, o cümlədən Gülər Əhmədovanı təhdid edir. Elşad Abdullayev yenə də sənə səslənirəm. Buyur Azərbaycana gəl və bütün bu ittihamlara  cavab ver. Əsası olmayan müsahibələrinlə ictimaiyyəti aldatma”.

Bu deyilənlərlə bağlı E.Abdullayevin də mövqeyini işıqlandırmağa hazırıq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO