Fransa Milli Assambleyası Karib dənizində yerləşən Sen-Marten (Sint-Marten) adasının rəsmi sərhədini qanunvericilik səviyyəsində təsdiqləyən mühüm qanun layihəsini qəbul edib. Bununla da, Fransa və Niderland hökumətlərinin adanı bölməsindən təxminən dörd əsr keçdikdən sonra tərəflər arasında rəsmi sərhəd xətti hüquqi status qazanıb.
Bizim.Media "Politico" nəşrinə istinadən xəbər verir ki, fransalı deputatlar Fransa (Sen-Marten) ilə Niderland (Sint-Marten) arasında sərhədlərin delimitasiyası haqqında 2023-cü ildə imzalanmış sazişin ratifikasiyasını nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul ediblər.
Bu müqavilə Avropanın ən qeyri-adi sərhədlərindən birinə tam hüquqi aydınlıq gətirir.
Belə ki, adanın Fransa tərəfi Avropa İttifaqının (Aİ) ərazisi hesab olunduğu halda, Niderland Krallığının tərkibində özünüidarə edən Sint-Marten ərazisi Aİ-yə daxil deyil. Fərqli gömrük, immiqrasiya və vergi rejimlərinə sahib olmalarına baxmayaraq, yerli sakinlər hər gün bu iki zona arasında tamamilə sərbət şəkildə hərəkət edirlər.
Bu sərhədin tarixi uzaq 1648-ci ilə — Fransa və Niderlandın Karib dənizindəki Sen-Marten adasını bölmək barədə razılığa gəldiyi, lakin onun dəqiq hüdudlarını rəsmiləşdirmədiyi dövrə gedib çıxır. Əsrlər boyu adada de-fakto (faktiki) sərhədlər formalaşsa da, bu qeyri-müəyyənlik tikinti icazələri, asayişin qorunması və ətraf mühitin idarə olunması məsələlərində tərəflər arasında davamlı mübahisələrə yol açırdı.
Məsələnin yekun həllinə isə yalnız 2017-ci ildə adadakı binaların 95 faizindən çoxunu yerlə-yeksan edən dağıdıcı "İrma" qasırğası rəvac verdi. Təbii fəlakətdən sonra Paris və Haaqa bərpa işlərini koordinasiya etmək üçün sərhəd məsələsini birdəfəlik həll etmək qərarına gəliblər. Müqavilənin tam qüvvəyə minməsi üçün indi yalnız Niderland Krallığı tərəfindən ratifikasiya olunması gözlənilir.
Bizim.Media



































































































