Azərbaycan Gənclər Fondu “Ən yaxşı sosial çarx” adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirir.
Moderator.az apa-ya istinadən xəbər verir ki,Gənclər Fondunun mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir.
Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial çarxlar aşağıdakı istiqamətləri əhatə etməlidir: Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti; Vətənpərvərlik; Ekologiya və ətraf mühitin qorunması; Gənclik və təhsilin təbliği; Milli adət və ənənələrimiz; Müasir ailə dəyərləri.
Müsabiqəyə ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim oluna bilər. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq. Müsabiqədə iştirak edənlər hazırladıqları qısametrajlı sosial çarxları 1 sentyabr 2013-cü il tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etməlidir. Müsabiqəyə təqdim olunan qısametrajlı çarxların nəticələri 10 sentyabr 2013-cü il tarixində keçiriləcək təqdimat mərasimində elan ediləcək.


































































































