Qarabağ savaşında qəhrəmancasına şəhid olan döyüşçülərimiz həmişə hörmətlə yad edilir. Onlardan biri də Milli Qəhrəmanımız Elgiz Kərim oğlu Kərimovdur. E.Kərimovun bu gün doğum günüdür. O, 1971-ci il yanvarın 5-də Bərdə rayonunda anadan olub. 1987-ci ildə hərbi xidmətini başa vuran Elgiz, 1991-ci ildə Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi üçün könüllü olaraq ordu sıralarına yollanır.xa0
Əsgəran yaxınlığında gedən şiddətli döyüşlərdə çox böyük qəhrəmanlıqlar göstərir. Bu döyüşdən sonra hamı onun hünərindən danışır. O, 1992-ci il martın 12-də mühasirəyə düşən döyüşçü yoldaşlarına kömək etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gedir. Bir saata yaxın davam edən şiddətli döyüşdə ermənilərin mühasirəsi yarılaraq, döyüşçülərimiz xilas edilir. Həmin döyüşdə yoldaşlarını xilas edən Elgiz, qəhrəmancasına şəhid olur. Şəhidimiz böyük izdihamla doğulduğu Bərdə rayonunda Şəhidlər xiyabanında dəfn edilir.xa0
Azərbaycan Respublikasının Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Elgiz Kərim oğlu Kərimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bərdə şəhər 4 saylı tam orta məktəbi Elgiz Kərimovun adını daşıyır.xa0
Onun gündəliyində qeyd olunan qeydləri ailəsi tərəfindən saxlanılır. Elgiz hər bir hadisəni öz gündəliyində yazıb: “Cəbhəyə gedəndə anam dedi, “Bir dayan, a bala, boy-buxununa doyunca baxım”. Bu gün 91-ci il yanvar ayının 5-i ad günümdür, 20 yaşım tamam olur. Dostlarım dedi ki, silahı qoy yerə. Qoymadım, çünki ermənilər Əsgəran səmtindən amansızlıqla hücuma keçdilər və biz onlar geri qayıtmağa məcbur etdik.
Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu, onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayıb, ermənilər bizi satın alıb-deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə dığa gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım, həyətimizdə fəhlə işləyib. O, mənə yalvarıb, imdad istəyirdi. Dedim ki, heç utanmırsan? Dedi ki, “Utanmaq azdır, ölüm yaxşıdır”. Allah şeytana lənət eləsin. Şeytan isə onun qan, dil, əqidə və məslək tayfalarıydı. Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi, anam nəzir dedi. Onun ən böyük arzusu toyumu görmək idi. Sən demə qonşu qızının da “həri”sini də alıblar. Üç gündən sonra yenidən hərbi hissəyə qayıtdım.
Ermənilər daha da vəhşiləşdilər. Şuşanın səmasında sərnişin vertoluyotunu vurub, 43 nəfəri şəhid etdilər. Kərkicahanı hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsildi, Cəmilli kəndinin müdafisi zamanı ağır yaralandım. Üç ay sonra özümə gəldim. Silahdaşlarımın yanına qayıdanda dostlarım sevindilər, ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən hücuma keçidlər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi”.xa0xa0
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn



































































































