Nizaminin şeirlərini əzbər bilən Göygölün sonuncu ALMAN SAKİNİ – Viktor Klaynın evindən REPORTAJ – FOTO 

Nizaminin şeirlərini əzbər bilən Göygölün sonuncu ALMAN SAKİNİ – Viktor Klaynın evindən REPORTAJ – FOTO 

Hazırda oxunan: Nizaminin şeirlərini əzbər bilən Göygölün sonuncu ALMAN SAKİNİ – Viktor Klaynın evindən REPORTAJ – FOTO 

185438

Bu rayonun küçələrini dolaşanda sanki özünü Almaniyada hiss edirsən. Yaşayış evləri, binaların əksəriyyəti alman memarlığı üslubunda inşa edilib. Hətta 19-cu əsrin əvvəlllərində şəhərin adı da alman toponimi ilə adlandırılırdı – Yelenendorf. 

Söhbət Göygöl rayonundan gedir. 

Tarixdə almanların Azərbaycana ilk köçünün 1818-ci ilə təsadüf etdiyi bildirilir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Annenfeld Xanlarda (indiki Göygöl rayonunda) isə Yelenendorf adlı iki koloniya salıblar.


Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf adı ilə salınıb. Rayonda 118 ailə məskunlaşıb. Burada alman memarlığı üslubunda 600-ə qədər ev tikilib, 6 küçə salınıb. Küçədə ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib.

Bu gün isə onlardan dövrümüzə qədər gəlib çatan taxta eyvanları, oyma sənəti ilə işlənmiş evlər, sakit və təmiz küçələr, gözəl təbiəti ilə seçilən Göygöl şəhəridir. Burada alman arxitekturası ilə tikilən və bu günümüzə qədər qorunub saxlanan binalar hələ də var. 

Göygölün sonuncu alman sakini kim idi?

Göygöldə yaşamış sonuncu alman əsilli Azərbaycan vətəndaşı isə Viktor Klayn olub. Atası polyak, anası alman olan Viktor 1935-ci ildə Yelenendorfda doğulub və 2007-ci ildə 72 yaşında vəfat edib. Onu yaxından tanıyanların bildirdiyinə görə ulu babalarından qalan adət-ənənələri özündə saxlayan, almanlara məxsus quruluşa malik evi olan Klyan burada bir çox əşyaları eksponat kimi saxlayırmış. 


“Pianinoda ifa etməyi xoşlayan Viktor Klayn Rəşid Behbudovun fanatı idi. Ən çox sevdiyi mahnı isə dahi sənətkarın “Zibeydə” mahnısı olub. Azərbaycan dilində Nizaminin, Füzulinin şeirlərini əzbər bilirdi. Şərabçılığa da böyük marağı vardı. Onun evində bütün əşyaları qorunub saxlanılır. Burada şərab çəkən aparatdan ta kənd təsərrüfatında istifadə etdiyi alətlərə qədər var. V.Klaynın babalarından qalan kitabxanası da qorunub saxlanılır”. 

Bu fikirləri Göygöl mədəniyyət idarəsinin turizm bələdçisi Raul Abbaszadə  söyləyib. Onun sözlərinə görə V. Klaynın evinin çox böyük zirzəmisi olub. Bütün almanlar kimi o da həvəskar olaraq şərab hazırlamağı sevirdi. Evinin zirzəmisindəki palıd ağacından hazırlanan şərab çəlləklərinin hündürlüyü 3 metrə çatırdı.

Hər bir yerindən, bütün əşyalardan alman mədəniyyətinin qoxusu gələn Viktor Klaynın evi bu gün muzey kimi fəaliyyət göstərir.


“Viktor Klayn həmin koloniyadan Göygöl rayonunda qalıb yaşayan sonuncu alman idi. Artıq 14 ildir ki, həyatda yoxdur. Lakin ondan geriyə qalanlar qorunub saxlanılır. Çünki multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə, tarixi abidələrdə yaşayır” deyə Raul müəllim vurğulayıb.

Alman koloniyalarından danışanda Raul müəllim maraqlı bir faktı da qeyd edib. 

O Klaynın evində olan əşyaların içərisində telefon aparatını göstərərək bunun 19 əsrin əvvəllərində bəlkə də Zaqafqaziyada ilk telefon əlaqəsi olduğunu bildirdi:


“Bu gördüyünüz telefon aparatı 1910-cu ildə Klayn ailəsinin istifadə etdiyi aparatdır. Lakin bildiyiniz kimi, hələ o zamanlar Helenedorfda yaşayan Forer qardaşlarının 19-cu əsrin əvvəllərində Samuxun Qarayeri qəsəbəsi adlanan ərazidə olan heyvandarlıq təsərrüfatları ilə birbaşa telefon əlaqələri olduğu faktları da mövcuddur. Belə ki, onlar Helenedorfdan bir başa əlaqə ilə Samuxla danışırmışlar”.

Göygölün şərab zirzəmiləri

Abbaszadə vurğulayıb ki, hələ 19-cu əsrin əvvəllərində Helenedorfda məskunlaşan alman kolonistləri bu ətrafda böyük təsərrüfatlar yaradıblar. Onlar bu bölgədə şərabçılığın əsasını qoyublar. Tarixi mənbələrə görə, o zamanlar Yelizavetpol vilayətinə İpək yolu vasitəsilə gələn fransız tacirlər, o cümlədən avropalılar burada Forrer qardaşlarının və Hummels qardaşlarının hazırladıqları şərabların dadına baxdıqdan sonra onu Avropa və çar Rusiyasının bazarlarına çıxarıblar. Bundan sonra Helenedorfda 1860-cı ildə ikinci böyük şərab zavodu inşa olunub. 


Turizm bələdçisi Göygöl rayonu ərazisində dərinliyinə və hündürlüyünə görə seçilən, 1854-1855-ci illərdə hazırlanmış çoxlu sayda zirzəmilərin olduğunu bildirir:

“Forrer qardaşları əvvəllər bu zirzəmilərdə şərab hazırlamaqla işə başlayıblar. Lakin sonradan ticarət böyüdükdən və tələbat artdıqdan sonra böyük şərab zavodu inşa edildi və həmin köhnə zavodun ərazisi şərabların saxlanılması üçün zirzəmi kimi istifadə olunub. İndi həmin zirzəmilərin xəritəsi hazırlanıb və orada bərpa işləri aparılır. Yaxın zamanlarda həmin zirzəmilər turistlərin ixtiyarına verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, alman kolonistlərinin Göygöldəki həyatı hesab edirəm ki, hamı üçün maraqlı olacaq”, - deyə R.Abbaszadə əlavə edib. 


















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO