Son illər Azərbaycanda boşanmalarının sayı durmadan artır. Dövlət Statistika Komitəsinin son hesabatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33 836 nikah və 14 544 boşanma halları qeydə alınıb. Burdan da görünür ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əhalinin hər 1000 nəfərinə görə nikahların sayı 6-dan 5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.
Rəsmi statistika da göstərir ki, ölkədə ailə institutu anlayışı gün keçdikcə dağılmağa doğru gedir. Uzun və ya qısa müddət bir dam altında yaşayan, övlad dünyaya gətirən cütlüklər hansısa bir səbəbdən bir arada qalmaq istəmir və çıxış yolunu ailəni dağıtmaqda görürlər.
Məlum məsələdir ki, Azərbaycanda bu prosesin qarşısını almaq üçün Mediasiya Şurası yaradılıb.
Mediasiya nədir?
29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” qanun qəbul edilib. 3 aprel 2019-cu ildə isə bu sahədə müvafiq işçi qrupu formalaşdırılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılıb və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilib.
Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur.Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır.
Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərəni görmək imkanı qazanırlar.
“Boşanmaların sayının artması sosial problemdir”
Milli Məclisin deputatı Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Bizim.Media açıqlamasında boşanmaların sayının artmasının sosial problem olduğunu bildirib.
Onun sözlərinə görə, bu, məhkəmə hakimiyyətinin məsələyə hansısa bir formada yanaşması ilə bağlı deyil:
“Bunun arxasında ilk növbədə insan alveri və narkomaniya, sonra isə işsizlik və məşğulluqla bağlı problemlər dayanır. Bunlar da optimal həll olunmadığı üçün ailə həyatına mənfi təsir edir və daxili gərginlikləri daha da artırır. Bütün bunların kökündə isə təhsil və sağlamlıq problemləri dayanır. Yəni, mədəni səviyyə aşağı olan cəmiyyətlərdə dözümsüzlük kifayət qədər yüksək olur və ailə həyatında insanlar bir-birini yola ver və qarşılıqlı hörmət göstərə bilmirlər”.
Deputat Mediasiya Şurasının normal və qanunvericiliyin tələbləri əsasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb:
“Ancaq cəmiyyətdə tolerantlıq və mədəni səviyyə yetərli olmayanda, MŞ ilkin problemləri həll etmək imkanına sahib olmur. Qərbdə ailə həyatına yalnız cütlüklər qərar verir, ancaq bizdə yaxın qohumların və çevrənin müdaxiləsi kifayət qədər güclüdür. Buna görə də cütlüklər ətraflarındakılara əsasən qərar verirlər və özlərin subyektiv maraqları kənarda qalırlar.
Bu baxımdan da cəmiyyətlə bağlı işlərdə nöqsanları MŞ, məhkəmə və ya hansısa bir quruluş aradan qaldıra bilməz. Bunun aradan qaldırılması üçünsə ailələrdə maarifləndirmə tədbirləri gücləndirilməlidir”.
“Mediasiya boşanmaların qarşısının alınmasın heç bir rol oynamır”
15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev nikahın bağlanmasında olduğu kimi, pozulmasının da hər bir vətəndaşın hüquqlarına daxil olduğunu bildirib:
“Boşanmanın qarşısını almaq, əslində bu hüquqa müdaxilə olar. Bu baxımdan da heç kimi bir yerdə saxlamaq olmaz. Hazırda ölkəmizdə tətbiq olunan ailə işlərində Mediasiya İnstitutu məhkəmədən əvvəl boşanmaq istəyən cütlüklərin boşanmadan irəli gələn məsələlərin qarşılıqlı anlaşma çərçivəsində ehtiyaclarına cavab verən şəkildə həllinə yönəlmiş danışıqlar prosesidir.
Mediasiya proseslərində qərəzsiz və neytral mövqe tutan mediator mübahisəli məsələlərdə tərəflərə dəstək olur. Bir sözlə, onlara tərəflərin nikahın davam edib-etdirməməsi, davam edəcəksə, hansı şərtlər daxilində olacağı, bitirəcəklərsə, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü, uşaqların kimin yanında qalacağı və onlarla ünsiyyət məsələsi, aliment və digər məsələlərin qaşılıqlı müzakirəsində və həllində iştirak edirlər.
Bu baxımdan da MŞ tərəflərin iradəsinin əleyhinə hər hansı bir hərəkətə yol vermə, boşanmaların qarşısının alınmasında və sayının azalmasında heç bir rola malik deyil. Qanunvericilik bunu qadağan edir”.
Onun sözlərinə görə, bəzi hallarda mediasiya prosesində olan cütlüklər sonda boşanmaqdan imtina edirlər:
“Bu da təbii ki, mediatorun düzgün fəaliyyəti nəticəsində baş tutur. Bir çox hallarda isə tərəflər heç bir razılığa gəlmirlər və bu halda nikahın pozulması nəticəsində yarana biləcək mübahisələri və ortaya çıxan iddiaları məhkəmə zamanı sivil qaydada həll edirlər. Əgər iddialar təmin olunmasa, bu zaman qarşılıqlı hörmət itir və sosial münasibətlər də ciddi zərbə alır. Bu da uşaqlara çox pis təsir edir”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 20.11.2023
Dağılan ailələrin sayı ARTIR – Mediasiya boşanmaların qarşısını niyə ala bilmir? – ARAŞDIRMA
Hazırda oxunan: Dağılan ailələrin sayı ARTIR – Mediasiya boşanmaların qarşısını niyə ala bilmir? – ARAŞDIRMA
Hazırda oxunan: Dağılan ailələrin sayı ARTIR – Mediasiya boşanmaların qarşısını niyə ala bilmir? – ARAŞDIRMA
165149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.