Tarixə qovuşan Laçın “DƏHLİZİ” – Ekoaksiya ilə başlayan mübarizədə BÖYÜK QƏLƏBƏ – TƏHLİL 

Tarixə qovuşan Laçın “DƏHLİZİ” – Ekoaksiya ilə başlayan mübarizədə BÖYÜK QƏLƏBƏ – TƏHLİL 

Hazırda oxunan: Tarixə qovuşan Laçın “DƏHLİZİ” – Ekoaksiya ilə başlayan mübarizədə BÖYÜK QƏLƏBƏ – TƏHLİL 

132903

Xəbər verdiyimiz kimi bu gün Laçın yolunun girişində yeni nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovniki, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov sərhəd-buraxılış məntəqəsində bayrağın qaldırılması barədə Prezident İlham Əliyevə məruzə edib. 

100 illik həsrət bitdi

Bununla da, Azərbaycan beynəlxalq hüquqa və Azərbaycan Konstitutusiyasına əsaslanaraq sərhədimizdə ədaləti bərqərar etdi. Təbii ki, Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir. 44 günlük müharibədən sonra Azərbaycan dövlətinin müəyyən etdiyi siyasi kursa və 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Azərbaycan dövləti öz missiyasını uğurla davam etdirdi. Bu gün regionda vahid söz sahibi olan Azərbaycan Ermənistan və ona himayə edən dövlətlərə bir daha öz gücünü göstərdi. 

Ermənistan 10 noyabr Bəyanatına niyə əməl etmir?

Rəsmi Bakı 10 noyabr üçtərəfli bəyanatında üzərinə düşən bütün öhdəlikləri vaxtından əvvəl yerinə yetirdi. Yeni Xankəndi-Laçın dəhlizini 3 ildə yox, cəmi il yarımda tikib istifadəyə verdi. Amma Ermənistan bu dəhlizin öz ərazisindən keçən 7 kilometrlik hissəsində hələ də tikinti işlərinə başlamayıb. Bu da bir daha onu göstərir ki, rəsmi İrəvan öhdəlikləri yerinə yetirmək əvəzinə yeni təxribatlar törətməklə sülh danışıqlarını sonsuza qədər uzatmaq istəyir.

Təbii ki, ermənilərin bu niyyəti Moskvanın da maraqlarına uyğundur. Çünki, cəmi iki ildən sonra Rusiya sülhməramlılarının mandatının müddəti bitir. Əlavə mandat almaq üçün Rusiya istəyir ki, münaqişə ən azı daha 5 il uzansın.

Hiyləyə ədalət qamçısı ilə verilən cavab

Əlbəttə ki, Azərbaycan qarşı tərəflərin niyyətləri ilə barışa bilməzdi. Ona görə də ötən müddət ərzində Azərbaycan Prezidenti dövlətimizin suveren hüquqlarının bərpası üçün davamlı iş apardı. Məhz Prezident İlham Əliyevin barışmaz mövqeyi hesabına Xankəndi-Laçın dəhlizinin mühafizə zonasının 20 kilometrdən 5 kilometrə qədər endirildi. Ən başlıcası 2022-ci ilin sentyabrında Laçının şəhəri qansız və heç bir qurban vermədən Azərbaycanın nəzarətinə keçdi. Həmin ərəfədə-sentyabrın 21-də Prezident İlham Əliyevin Laçına səfər etdi və şəhərin mərkəzində Azərbaycan bayrağını ucaldaraq yeni hədəfləri bəyan etdi. 

Sonrakı mərhələdə ermənilərin Laçın yolu ilə Qarabağa silah-sursat daşıması, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərməsinin qarşısı uğurla alındı. Ən başlıcası Qarabağda Azərbaycanın təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana daşınmasına “stop” qoyuldu. Təbii ki, bu məsələdə vətəndaş cəmiyyəti də aktiv rol oynadı. 2022-ci ilin 12 dekabrından etibarən ekoaktivistlər Laçın-Xankəndi yolunda fasiləsiz etiraz aksiyasına başladı.

Məhz bu aksiya hesabına ermənilərin Azərbaycan torpaqlarında apardıqları ekoterror sivilizasiyanın diqqətinə çatdırıldı. Ən əsası Azərbaycanın sərvətlərinin açıq şəkildə talanıb, daşınmasının qarşısı alındı. 

Azərbaycanın ədalət mübarizisinə kimlər kölgə salmaq istədi?

Təbii ki, Azərbaycan xalqının və dövlətinin apardığı bu ədalətli və sivil mübarizəyə heç də böyük dövlətlər tərəfindən eyni həssaslıq göstərilmədi. Əksinə Fransa və digər ermənipərəst dövlətlər ekoaksiyaçıların hərəkətinə siyasi don geyindirmək istədilər. Bəzi qüvvələr Azərbaycana qarşı dünyada kampaniya təşkil etməyə və bununla da rəsmi Bakıya təzyiqlər göstərməyə çalışdılar. Xarici mediada Azərbaycana qarşı təşkil edilən qara piar kampaniyasında keçən qırmızı xətt bu oldu ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə siyasəti həyata keçirir. 

Lakin heç bir təzyiq Azərbaycanı qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi. Hətta Azərbaycan Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək onların nümayəndələrini Bakıya dəvət etdi. 

Amma Azərbaycanın bütün çağırışları cavabsız qaldı. Əvəzində separatçılar Azərbaycanın sülh çağırışların ermənilər silsilə təxribatları ilə cavab verdilər. Ermənilər qeyri-rəsmi, ara yollarla Qarabağa silah daşımaqda öz bəd və düşmənçilik niyyətlərini davam etdirdilər.
Bu təxribatlara qarşı Azərbaycan dövlətinin bütün çağırışları cavabsız qaldı. Ona görə də dövlətimiz beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına söykənərək , Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmağa qərar verdi. 

Və artıq Ermənistanla Azərbaycan arasındakı ilk sərhəd-keçid məntəqəsində üç rəngli bayrağımız dalğalanır... 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO