“Əxlaqsızlıqdan, yaltaqlıqdan, əclaflıqdan yaranmış özbaşınalıq...”x9d

“Əxlaqsızlıqdan, yaltaqlıqdan, əclaflıqdan yaranmış özbaşınalıq...”x9d

Hazırda oxunan: “Əxlaqsızlıqdan, yaltaqlıqdan, əclaflıqdan yaranmış özbaşınalıq...”x9d

113999
Mühacirətdə yaşayan tanınmış hüquqşünas Əlövsət Əliyev Moderator.az - a göndərdiyi müəllif yazısında yola salmağa hazırlaşdığımız ili pessimist ovqatda xatırlayacağını bildirir:

"Böyüyürük, oxuyuruq, işləyirik, istirahət edirik, valideyn və ya baba oluruq. Babalarımızı, nənələrimizi, valideynlərimizi dəfn edirik, doğmaların qəbirlərinə baş çəkmək , əzizlərimizi yoxlamaq hüququndan məhrum oluruq, sevirik, sevilirik, kökəlirik, arıqlayırıq,  qovuruq, qovuluruq,  xəstələnirik, sağalırıq, danlanırıq, danlayırıq, həbs edirik və ya həbs olunuruq və bütün  bu yaşananlara  həyat deyirik. Hər kəsdən və hər şeydən çox sevdiyimiz HƏYAT. 

Nədənsə  geriyə baxanda və yaşadığımız illəri xatırlayanda həyat, xüsusilə, Azərbaycanda yaşadığım  və orada  bu gün yaşanan həyat çox qorxulu görünür. Gündəlik həyatda xoşbəxt anlar  olsa da geriyə baxanda yaşadığımız illəri belə xatırlayıram.
Ailəmizdəki vaxtsız itkilər, 20 yanvar, torpaqlarımızın işğalı, Xocalı soyqırımı  kimi hadisələr müxtəlif illərdə olsa da bu illərin ən qorxulusu, zənnimcə,  Azərbaycanın,  onun vətəndaşlarının və həm də mənim həyatımda ən uğursuz hesab etdiyim illərdən oldu  2015-ci il. 
 
Verilən vədlərə baxmayaraq 2015-ci il Azərbaycanın ərazi bütövlüyünün bərpasının  təmin olunması sahəsində yetərli  səylər olmadı. Dünya ölkələrindəki iqtisadi inkişafa baxmayaraq  Azərbaycanı iqtisadi böhran bürüdü və  hökumətin əsaslı islahatlara hazır olmadığı göz önündədir. 

Konstitusiya çərçivəsində təminat verilməsinə baxmayaraq demokratik cəmiyyətin qurulması istiqamətdə heç bir fəaliyyət olmadı və islahatlar aparılmadı. Hüquq mühafizə orqanlarında ştat vahidlərinin sayı artırılmaqla, onlara əlavə səlahiyyətlər verildi və  zor aparatına çevrilməsi davam etdi. Məhkəmələrin  icra hakimiyyəti orqanlarından asılılığı daha da gücləndi.
Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin olunduğu  hüquqi, demokratik və  dünyəvi dövlət quruculuğu sahəsində heç bir iş görülmədi.  Hüquqi dövlət, demokratik cəmiyyət tələb edənlər heç bir sübut olmadan, sifarişli məhkəmə hökmləri ilə  cəzaçəkmə müəssisələrində saxlanıldı, qanunsuz həbslər davam etdi. Ən  perspektivli və iddialı,  digər siyasi partiyalarla müqayisədə uğurlu  komandaya malik, əksəriyyətin qəbul etdiyi siyasətçi İlqar Məmmədov, Azərbaycanda əksər ğənc hüquqşünasların müəllimi hesab olunan, çox səmərəli fəaliyyəti ilə seçilən QHT-lərdən birinin rəhbəri   İntiqam Əliyev, zəngin faktoloji mənbələrə əsaslanaraq araşdırmalar aparan  jurnalist Xədicə İsmayıl, ölkənin  ən hazırlıqlı seçki mütəxəssislərindən olan, Azərbaycandan heç bir maliyyə asılılığı olmayan QHT rəhbəri Anar Məmmədli, əhatəli və obyektiv politoloji təhlillərin və tənqidi yazıların müəlliflərindən  olan Rauf Miqrədirov, yeni nəsil siyasətçilərin ən uğurlu və cəsarətli nümayəndələrindən Fuad Qəhrəmanlı,  dünyanın ən mütərəqqi universitetlərində  təhsil almış və siyasi iddialarını gizlətməyən onlarla gənc ömürlərinin 1 ilini də həbsdə başa vurdular. Bunlar onu sübut edir ki, ölkədə insan və vətəndaş hüquqları və azadlıqları, əqidə və  siyasi  mənsubiyyətə görə məhdudlaşdırılmaqda davam edir. İnsanlar məhz siyasi mənsubiyyətinə və ya hakimiyyətdə olan şəxslərin birbaşa göstərişi ilə əsassız olaraq cəzalandırılır, vəzifəyə təyin olunur və ya vəzifədən kənarlaşdırılır.
Hakimiyyət vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq əvəzinə bu sahədə xidməti olan hər kəsin fəaliyyətini nəzarətə götürür, vətəndaş cəmiyyətinin ən layiqli təmsilçilərini həbs edir, bank hesabları bağlanılır, əsassız yoxlamalara məruz qalır və   ən yaxşı halda fəaliyyəti dayandırılır. 
Cari ildə sosial ədalət prinsiplərinə əsaslanaraq, mütərəqqi iqtisadi və sosial qaydalara uyğun olaraq hamınin layiqli həyat səviyyəsini təmin etmək istiqamətində cəhdlər olmadı.  Vəziyyət o qədər acınacaqlıdır ki,  mövcud  hakimiyyətdən öz pozulmuş   hüquq və azadlıqlarının təmin olunmasını   gözləyən  demək olar ki yoxdur.  Çünki siyasi fəallığı ilə seçilən hər kəs və ya onun yaxınları dərk edirlər ki,   qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək imkanına malik deyillər. 
Vəkillər və etibarnamə ilə  nümayəndə kimi fəaliyyət göstərən hüquqşünaslar prezidentin sərəncamlarının, Ədliyyə Nazirliyinin, MTN, Baş Prokurorluq əleyhinə olan işlərdə vəkil və ya nümayəndə kimi iştirak etməkdən  çəkinmədən imtina edir və bu işlərin məhkəmə perspektivi olmayacağını bildirir, müştəriləri ilə müqavilə bağlamırlar.
Məhz 2015-ci ildə heç bir əsas olmadan  çoxsaylı vətəndaşlarımızın Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüquqları məhdudlaşdırılıb. 
İctimaiyyətdən gizlədilmə cəhdlərinə baxmayaraq  MTN-də baş verənlər göstərdi ki,  öz razılığı olmadan insanların  şəxsi həyatı haqqında məlumatların toplanması, saxlanılması, istifadəsi və yayılması adi hala çevrilib. Hüquq mühafizə orqanlarında şalışan istənilən məmurun iradəsi ilə vətəndaş  xəbəri olmadan izlənilir, şəxsi məlumatları əldə olunur və ehtiyac olanda o məlumatlat ictimailəşdirilir. 

Azərbaycan Respublikasının vətəndaşının  heç bir halda  vətəndaşlıqdan məhrum edilə bilməməsi  konstitusiyada nəzərdə tutulsa da  2014-ci ildə qanunda edilən dəyişiklik əsasında  insanların birtərəfli qaydada, vətəndaşlıqdan çıxmaq haqqında ərizəsi olmadan kütləvi halda vətəndaşlıqdan məhrum edilməsi təcrübəsinə  bu il start verildi .  

2015-ci il çaşdırıcı ideyalar, kiminsə ideallaşdıraraq,  həqiqi idealları gözdən salmaqla bağlı  ideyanın açıq dilə gətirildiyi il kimi də yaddaşlarda qaldı. Hətta Gəncə şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini, hazırda MM üzvi Naqif Həmzəyev və digər MM üzvü Musa Urudun (Quliyev) M.Ə. Rəsulzadənin heykəlinin götürülməsi və onun yerinə ulu öndərlərinin yeni heykəlinin qoyulması planı və bununla bağlı  zəhmətkeş məktubları hazırlanması haqqında   hazırlıqlarının aparılması haqda da məlumatlar var.      

2015-ci ildə qürur yerimiz olan ailə  və qohumluq ənənələrimizə haramlıq qatıldı. Qohumluqdan imtina ərizələrinin alınması kimi iyrənc  və qeyri-insani üsul, qanundan kənar  cəza  az qala həyat normasına çevrildi bu il.  

2015-ci il  insan hüquq və azadlıqları ilə bağlı ölkədə elə dözülməz şərait yaradıldı  ki, sonda ABŞ  Azərbaycan hökümətinə   barmaq silkələdi,  onları hədələdi ki, insan olun, adam olun, vətəndaşlarınızla belə rəftar etməyin, onlarla rəftarda qanunların aliliyini təmin edin. Əks halda  sizə sanksiya tətbiq edəcəyik. Əslində  ABŞ Konqresindən atılan bu addım o deməkdir ki, ya Azərbaycanda   etiraz etmək və ya hüquqlarını qorumaq gücündə insanlar qalmayıb və ya  ölkə cinayətkar qrupun girovuna çevrilib.

2015-ci il hər bir azərbaycanlı kimi  mənim də yadımda qəzalarla, faciələrlə, itkilərlə, talanlarla, yalanlara, həyat normasına çevrilən  cəzasız cinayətlərə, hüdudsuz məmur özbaşınalıqları ilə və bundan daha faciəlisi isə bütün bu qanunsuzluqlara  olan dözümlə yadda  qaldı.

Bütün baş verənləri özbaşınalıq da adlandırmaq olar.  Cəzasızlıqdan, harınlıqdan, əxlaqsızlıqdan, yaltaqlıqdan,  həyasızlıqdan, əclaflıqdan yaranmış özbaşınalıq. Ümid edirəm ki, bu özbaşınalıqların  qurbanlarının oyandığı il olacaq 2016-cı il.  Arzu edək ki, 2016 bu pisliklər və yaramazlıqlarla ayrılıq ilimiz olsun.

BAYRAMINIZI TƏBRİK EDİRƏM!"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO