Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

Hazırda oxunan: Türk dövlətlərində vahid məktəbli forması QAYDALARI: Bəs, Azərbaycan niyə hədəfə çevrilir? – VİDEO

640658

Son günlər Türkiyə mediasının bir sıra seqmentlərində və sosial şəbəkələrdə Azərbaycanda məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələr fərqli siyasi və ideoloji çalarlarla təqdim olunur. Xüsusilə vahid məktəbli forması ilə bağlı yeni tələblər sanki yalnız Azərbaycana xas, dini və ya mədəni kimliyə qarşı yönəlmiş addım kimi qələmə verilir, bu istiqamətdə qarayaxma kampaniyası aparılır.

Lakin məsələyə emosional yanaşmadan, türk dövlətlərinin təcrübəsi və mövcud hüquqi çərçivə üzərindən baxdıqda tamamilə başqa mənzərə ortaya çıxır.

Çünki vahid məktəbli forması məsələsi nə Azərbaycanın ixtirasıdır, nə də yalnız ölkəmizə münasibətdə tətbiq olunan yanaşmadır. Əksinə, bu, bir sıra türk dövlətlərində uzun illərdir mövcud olan və təhsil sisteminin dünyəvi, nizamlı və vahid mühit kimi təşkilinə xidmət edən qaydadır.

Türk dövlətlərinin təcrübəsi

Türk dövlətlərinin təcrübəsinə nəzər saldıqda vahid məktəbli forması ilə bağlı tələblərin kifayət qədər geniş yayıldığını görmək mümkündür.

Qazaxıstanda orta təhsil müəssisələri üçün məcburi məktəbli formasına dair tələblər Təhsil və Elm Nazirliyinin 14 yanvar 2016-cı il tarixli 26 nömrəli əmri ilə müəyyənləşdirilib və sənəd həmin il fevralın 16-da Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Sənəd sonrakı illərdə də yenilənib. 2022-ci ilin sonunda edilmiş dəyişikliklərdə isə məktəb formasının tətbiqində vahid yanaşma və təhsilin dünyəvi xarakterinə əməl edilməsi ayrıca vurğulanıb.

Qırğızıstanda isə ümumtəhsil müəssisələrinin 1–11-ci sinif şagirdləri üçün məktəbli formasına dair vahid tələblər hökumətin 12 avqust 2015-ci il tarixli 572 nömrəli qərarı ilə təsdiqlənib və forma 1 sentyabr 2015-ci ildən tətbiq olunmağa başlayıb.

Özbəkistanda da vahid məktəb forması dövlət ümumi orta təhsil müəssisələri üçün hüquqi çərçivəyə salınıb. Nazirlər Kabinetinin 15 avqust 2018-ci il tarixli 666 nömrəli qərarı ilə müasir vahid məktəbli formasının tətbiqi nəzərdə tutulub və sənəddə həmin tələblərin təhsil müəssisələrinin şagirdləri üçün məcburi olduğu göstərilib.

Türkmənistanda Dövlət ümumtəhsil müəssisələrinin fəaliyyəti haqqında Əsasnamə Prezidentin 1 mart 2019-cu il tarixli 1158 nömrəli qərarı ilə təsdiqlənib.

Azərbaycan da istisna deyil

Azərbaycanın atdığı addım da məhz bu ümumi hüquqi yanaşma kontekstində qiymətləndirilməlidir.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarının təsvirlərinə dəyişiklik edilib.

Bundan əvvəl isə 2026-cı il iyulun 7-də “Ümumi təhsil haqqında” Qanuna mühüm dəyişikliklər edilib. Qanunda “millilik və dünyəvilik” ayrıca prinsip kimi təsbit olunub və bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunması əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi kimi müəyyənləşdirilib. Eyni dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi nəzərdə tutulub.

Deməli, burada söhbət yalnız şagirdin geyimindən və ya konkret bir dini simvoldan getmir. Əsas məqsəd məktəbdə vahid, neytral və hamı üçün eyni təhsil mühitinin formalaşdırılmasıdır.

Dünyəvi məktəb – neytral təhsil mühiti

Təbii ki, dünyəvilik dini inancın inkarı demək deyil. Dünyəvi dövlətin məktəbi də dini inanca qarşı mübarizə aparan məkan kimi təqdim edilə bilməz. Dünyəvi məktəb ilk növbədə bütün şagirdlərin bərabər hüquqlara malik olduğu, heç bir dini, ideoloji və ya sosial qrupun digərindən üstün mövqeyə gətirilmədiyi neytral təhsil məkanıdır.

“Təhsil haqqında” Qanunda da dünyəvilik məhz milli və ümumbəşəri dəyərlərin qorunması ilə birlikdə nəzərdə tutulur.

Bu yanaşmanın məntiqi aydındır: məktəb uşaqların dini və ya ideoloji mənsubiyyətlərini nümayiş etdirdiyi rəqabət meydanı yox, onların bilik aldığı və vətəndaş kimi formalaşdığı ümumi məkan olmalıdır.

Yeni hüquqi çərçivədə də müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi nəzərdə tutulur. Bununla yanaşı, milli-mənəvi dəyərlərlə bağlı tədbirlər zamanı milli geyimdən və onun elementlərindən istifadəyə imkan yaradılması göstərir ki, burada məqsəd milli kimliyi sıxışdırmaq deyil.

Əksinə, milli kimliklə dünyəviliyin qarşı-qarşıya qoyulmasının qarşısı alınır.

Geyim qaydası yalnız şagirdə aid deyil

Yeni yanaşmanın başqa mühüm tərəfi məsuliyyətin yalnız şagirdin üzərinə qoyulmamasıdır. Belə ki, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanlar, həm də təhsilverənlər geyimlə bağlı tələblərə riayət etməlidirlər. Valideynlər də uşaqlarının müəyyən edilmiş geyim formasına əməl etməsini təmin etməlidirlər.

Bu məqam məsələnin mahiyyətini bir qədər də aydın göstərir. Əgər məqsəd hər hansı dini qrupun hədəfə alınması olsaydı, qaydalar müəllimlərə, məktəb rəhbərliyinə, valideynlərə və ümumi təhsil mühitinə aid edilməzdi.

Bəs niyə məhz Azərbaycan hədəfə çevrilir?

Əslində, məsələnin ən çox təəccüb doğuran tərəfi də budur.

Digər Türk dövlətlərində vahid məktəbli forması ilə bağlı tələblər illərdir ki qüvvədədir. Üstəlik, həmin ölkələrin qanunvericiliyində sözügedən məsələ daha sərt qaydalar şəklində öz əksini tapıb. Ancaq bu gün Azərbaycanı hədəf alanlar həmin ölkələrə nə güldən ağır söz deyiblər, nə də məsələni siyasi şouya çevirib qarayaxma kampaniyasına başlayıblar.

Burada Türkiyə mediasının və sosial şəbəkələrin ayrı-ayrı seqmentlərində səsləndirilən yanaşmaların tamamilə qərəzli, qarayaxma xarakterli olduğu açıq şəkildə görünür.

İslamın özü də vahid sosial model deyil

Digər mühüm məqam İslamın müxtəlif müsəlman cəmiyyətlərində eyni formada təzahür etməməsidir. Müsəlman ölkələrinin hər birinin öz tarixi, dövlətçilik ənənəsi, hüquq sistemi, sosial strukturu və dini-mədəni mühiti var. Buna görə də bir ölkədə dini və ya mədəni baxımdan normal qəbul edilən praktikanın avtomatik şəkildə başqa müsəlman ölkəsinin ictimai və hüquqi sisteminə köçürülməsi mümkün deyil.

Azərbaycan da bu baxımdan istisna deyil. Azərbaycan cəmiyyəti İslam dünyasının bir hissəsi olmaqla yanaşı, özünün dünyəvi dövlətçilik modelini formalaşdırıb. Burada dini-mənəvi dəyərlərlə müasir dövlətçilik prinsipləri arasında qarşıdurma yaradılmır. Əksinə, onların cəmiyyətin tarixi və milli xüsusiyyətlərinə uyğun şəkildə bir arada yaşaması üçün hüquqi çərçivə yaradılır.

Bu səbəbdən Azərbaycanın dini-mənəvi məsələlərə münasibəti nə başqa müsəlman ölkələrinin, nə də başqa dövlətlərin modelinin mexaniki surətdə təkrarı ola bilər.

Azərbaycan modelinin əsas fərqi – multikulturalizm

Azərbaycan multikultural dəyərləri ilə bütün dünyaya nümunə olmağı bacarıb. Ölkəmizdə müxtəlif dini və etnik icmalar birlikdə, qardaş kimi yaşayırlar. Ölkəmizdə müsəlmanlarla yanaşı, xristian və yəhudi icmaları da fəaliyyət göstərir, müxtəlif dini konfessiyaların ibadət məkanları mövcuddur.

Digər tərəfdən, tarixi təcrübə də göstərir ki, nə Azərbaycan dövləti, nə də cəmiyyətimiz kənardan gələn ideoloji təsirləri qəbul edir. Üstəlik, həmin təsirlərə qarşı münasibəti hüquqi və ictimai çərçivədə müəyyənləşdirmək də Azərbaycanın daxili işdir.

Bu mənzərə göstərir ki, dünyəvi məktəb prinsipini dini dözümsüzlüklə eyniləşdirmək doğru yanaşma deyil. Əksinə, multikultural cəmiyyət üçün dünyəvi dövlət və neytral ictimai institutlar müxtəlif dini və dünyagörüşü qruplarının bir-birinin hüquqlarına hörmətlə yanaşı yaşamasını təmin edən mexanizmlərdən biridir. Bu hörmət isə uşaq yaşlarından, sinif otaqlarından başlamalıdır.

Məsələnin siyasi kampaniyaya çevrilməsi

Beləliklə, Azərbaycanda məktəbli forması ilə bağlı hüquqi dəyişiklikləri Türkiyə mediasının və sosial şəbəkələrin bir hissəsində təqdim edildiyi kimi yalnız dini məsələ çərçivəsində qiymətləndirmək tamamilə absurd və qərəzli yanaşmadır.

Digər tərəfdən, Azərbaycanın seçdiyi yol aydındır: dini-mənəvi dəyərlərin qorunması, milli kimliyin yaşadılması, multikultural mühitin saxlanılması və dünyəvi dövlətçilik prinsiplərinin bir arada təmin edilməsi.

Məhz buna görə də məktəblərdə vahid geyim qaydası Azərbaycanın öz hüquqi və ictimai modelinin tərkib hissəsi kimi qiymətləndirməlidir. Buna başqa don geydirmək, siyasi məqsədlər üçün alətə çevrimək cəhdləri isə uğursuzluğa məhkumdur.


Anar Tahirov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO