Türkiyənin Uşak vilayətində Xocalı faciəsində həlak olanların şərəfinə ucaldılan abidnin üzərindəki “Xocalı soyqırımı” ifadəsinin “qətliam” sözü ilə əvəzlənməsi Azərbaycanda birmənalı qarşılanmadı. Türkiyə ictimaiyyətində də təpkilərə səbəb olan hadisəyə münasibət bildirib Uşak vilayətinin bələdiyyə sədri isə abidə üzərindəki dəyişikliyin rəsmi Ankaranın tələbi əsasında həyata keçirildiyini bildirib.
Azərbaycanda isə insanların əksəriyyəti hesab edir ki, abidə üzərindəki sözügedən dəyişiklik əslində Ərdoğan hökumətinin Xocalı soyqırımını tanımadığını göstərir. Çünki soyqırım sözünün qətliam sözü ilə əvəzlənməsi faktiki olaraq Xocalıda baş verən dəhşətlərin miqyasını kiçiltmək cəhdidir.
Moderator.az-a danışan siyasi ekspert Ərəstun Oruclu da belə hesab edir ki, Xocalı soyqırımına nə Azərbaycanda, nə Türkiyədə lazımi diqqət göstərilmir:
“Xocalı soyqırımının Azərbaycan və Türkiyə parlamentlərində tanınmamasının səbəbləri anlaşılan deyil. Ehtimal etmək olar ki, Türkiyə parlamenti bunu ilk növbədə Azərbaycanın etməsini gözləməsi səbəbindən qəbul eləmir. Azərbaycana gəlincə, bunun səbəbləri haqqında həqiqətən mülahizə yürütmək belə çətindir. Amma fakt ortadadır və bu ancaq dərin təəssüf hissi doğura bilər.”
































































































