Bir neçə gün əvvəl Avropanın ziyalıları (əsasən yazıçıları) adından bir müraciət yayıldı. Ziyalı sözü özlüyündə geniş və dərin məfhum olduğuna, həmin siyahıda adları çəkilən insanlara qarşı münasibət birmənalı olmadığına görə onların həqiqətən də bu ada layiq olub-olmadığı məsələsini qiymətləndirmək istəmirəm. Müraciətin məğzindən diqqət yayınmasın deyənə. Bəziləri bu müraciəti Avropa vətənpərvərlərinin manifesti də adlandırır. Amma bu da o qədər önəmli deyil. Əsas önəmli olan müraciətin məzmunu və başlığıdır: “Avropa təhlükədədir”.xa0 xa0 xa0xa0
Ziyalıların siyasi proseslərin gedişatına təsir etmək gücləri az olsa da, əsas silahları - sözü və qələmi – ilə müəyyən təsir imkanlarını da zaman-zaman sınaqdan keçirmək haqları vardır.
Bu ilin may ayında növbəti dəfə Avropa Parlamentinə seçkilər keçiriləcək. Bu müraciətin də sözsüz ki, bu ərəfədə yayılması təsadüfi deyil və birbaşa seçkilər öncəsi müəyyən narahatlıqdan xəbər verir. Sadalanan narahatlıqlar əslində yeni deyil. Amma müraciətin narahat doğurucu və təşvişli tonu düşündürücüdür.xa0xa0
Avropa ziyalılarının müraciəti həqiqətən də vəziyyətin bu qədər acınacaqlı olduğunun göstəricisidirmi? Müraciətin başlığında yazıldığı kimi Avropa həqiqətən də təhlükədədir? Əsas təhlükə nədir? Müraciətdən belə görünür ki, əsas təhlükə populizm, milliyyətçilik və yenə də Kremldir.xa0
XX əsrin əvvllərində Osmanlı imperiyasını “Xəstə adam” hesab edən Avropa öz “xəstəliyi”nin dərdinəmi düşüb? Özlərini Avropa ziyalıları, fədakarları, vətənpərvərləri adlanadıranların “diaqnozu” və “resepti” doğrudurmu? Avropada mərkəzdən qaçma meyllərinin artdığı, Avropa İttifaqına inamın azaldığı, adını nə qoysaq da ayrılma - separatçılıq, suverenlik və ya müstəqillik nostaljisi – arzularının çoxalması, Breqzit böhranı, miqrantlar problemi və ilaxır. Bu siyahını uzatmaq da olar. Amma ziyalıların təşvişindən şübhələr daha da artır. Böyük Karlın zamanından xəyal kimi görünən Vahid Avropa ideyası əsrlərdən sonra gerçəkləşdikdən sonra, sanki qısa müddətdə zirvəyə qalxaraq tənəzzülünü yaşamağamı başlayır?!
Digər tərəfdən düşünməyə kifayət qədər əsas var ki, Avropa İttifaqı, Avropa Şurası, NATO, ATƏT və bütün bu sadalanan təşkilatların Parlament Assambleyaları və digər orqanları bir-birlərini bir sıra məsələlərdə təkrarlayırlar. Faydalı iş əmsalı isə göründüyü kimi. Və ola bilsin ki, yaxın və uzaq gələcəkdə bu təşkilatların bəzilərinə həqiqətən də ehtiyac olub-olmaması ciddi şəkildə müzakirə obyektinə çevriləcək. Çünki qeyd olunan təşkilatlar yeni üzvlər qəbul edərək və genişlənərək, güclənmək yerinə, daha da zəifləyir. Bu prinsipdən çıxış etsək proqnozlaşdırmaq olar ki, Avropanın güclü və ya necə deyərlər aparıcı dövlətləri müəyyən müddətdən sonra çıxış yolu kimi yeni təşkilat yaratmaq ehtiyacı duya bilərlər. Deyəlim ki, bu təşkilatın adı da “Avropa konqresi” və ya “Vahid Avropa” və ya təxəyyülün gücünə görə özündə “Avropa” və “vəhdət” sözlərinin birləşməsindən yaranacaq bir ad olacaq. Bu təşkilatın da təsisçiləri Almaniya, Fransa, İtaliya, bəlkə Böyük Britaniya, Belçika, Niderland kimi ölkələr olacaq. Ondan sonra digər Avropa ölkələri də yeni liqaya daxil olmaq üçün yarışacaqlar. Bu yarışma da bəlkə növbəti bir neçə onillik üçün hədəf və məqsəd olacaq. Çünki, ölkələri idarə edən insanlardır. İnsan isə bir hədəfə çatdıqdan sonra qarşısına yeni – daha çətin, daha əlçatmaz hədəflər qoymazsa “Ölüm ya olum” dilemması ilə üzləşəcək. Məncə, bu fikir heç də fantaziya və ya xəyal düşüncəsi deyil, əksinə rasional dəyərləndirmədir.xa0 xa0 xa0
Beləliklə, məsələdən çox uzaqlaşmadan “The Guardian”-da çap edilmiş müraciətin mətnini dəyərləndirmək üçün diqqətinizə çatdırıram:
Avropa ideyası təhlükədədir!xa0
Hər tərəfdən onu tənqid və təhqir edirlər, ondan üz döndərirlər.xa0
Qitənin hər yerinə yayılan populistlər “Bəsdir Avropa qurmaqla məşğul olduq, gəlin artıq “milli ruhumuzu” xatırlayaq və “itirilmiş kimliyimizi” qaytaraq” deyə çağırışlar edirlər. Görünür burada “milli ruh” və “milli kimlik” ifadələrinin demaqoqların təxəyyülünün məhsulu olması da önəmli deyil.xa0
Avropa nifrətdən məst olan və artıq onların vaxtının çatdığına əmin olan yalançı peyğəmbərlərin hücumlarına məruz qalıb. Qitə, onu ötən əsrdə iki dəfə intihardan xilas edən iki böyük – biri La-Manşın, digəri isə Atlantik okeanının o tayında qalan - müttəfiqi tərəfindən tərk edilib. Kreml sahibinin getdikcə artan hədsiz müdaxilələrinin qarşısında kövrək qalan və manipulyasiyaların hədəfinə çevrilən Avropa bir ideya kimi gözlərimizin önündə dağılır.xa0 xa0
Məhz belə qeyri-sağlam mühitdə 2019-cu ilin may ayında Avropa Parlamentinə seçkilər keçiriləcək. Və əgər heç bir şey dəyişməzsə, bu artan, yüksələn və davamlı axının qarşısı alınmazsa, əgər yeni müqavimət ruhu tezliklə alovlanmazsa, bu seçkilər yaddaşımızda ən fəlakətli seçkilər kimi qalacaq. Bu, təxribatçıların qalibiyyəti və Erasmus, Dante, Höte, Komeniusun irsinə hələ də inananların rüsvayçı məğlubiyyəti olar. Zəka və mədəniyyətə qarşı təkəbbür siyasətinin qələbəsi olar. Ksenofobiya və antisemitizm çiçəklənər. Fəlakətə düçar olarıq.xa0
Biz, aşağıda imza atanlar, gözlənilən fəlakətin önündən qaçmaqdan imtina edənlərdənik.
Biz, özümüzü, faşizmin darmadağın edilməsindən üç çeyrək və Berlin divarının dağılmasından 30 il keçdikdən sonra sivilizasiya uğrunda yeni mübarizənin başlandığını anlayan Avropa vətənpərvərləri (düşünüldüyündən daha çoxsaylı olan, amma təəssüf ki, əksər hallarda səssiz qalan) sırasına aid edirik,xa0
Avropa xalqlarını özlərindən yuxarı qaldırmağa və ziddiyyətli keçmişindən uzaqlaşdırmağa qadir olan və bizə miras qalan böyük ideyaya inanırıq. Bu inam, bizi qaranlıq əsrlərin köhnə əziyyətlərinə sürükləmək istəyənxa0 totalitarizmin yeni təzahürlərinin qarşısını almaq üçün kifayət qədər təsirli yeganə güc olaraq qalmaqdadır. Budur, bizi təslim olmağa qoymayan güc.xa0 xa0 xa0
Yeni dalğalanmaya qoşulmaq çağırışı bu inamdan irəli gəlir. Avropa ideyasını məzarçıların öhdəsinə verməkdən imtina etdiyimiz seçkilər ərəfəsində hərəkətə keçmək çağırışı bu inamdan irəli gəlir. Yanlışlıqlarına, yanılqılarına və bəzən çəkingən davranışlarına baxmayaraq, hələ də dünyanın bütün azad düşüncəli insanları üçün mayak olan Avropanın məşəlini yenidən daşımaq çağırışı bu inamdan irəli gəlir.xa0
Bizim nəslimiz bunu yanlış anladı. XIX əsrdə “İtalia se fara da se” (İtaliya özü özünü quracaq) sözlərini bir sehrli söz kimi təkrarlayan Qaribaldi tərəfdarları kimi biz də inanırdıq ki, qitə bizim səylərimiz və mübarizəmiz olmadan da özü-özünə birləşəcək. “Tarixin yönü” belədir deyirdik özümüzə.
Biz, bu köhnə inanclardan yaxamızı qurtarmalıyıq. Bizim daha seçimimiz yoxdur. Ya Avropa ideyası uğrunda mübarizə aparacağıq ya da populizm dalğaları altında məhv olub getməsini izləyəcəyik. Milliyyətçilər və kimlik məsələsini qabardanlar cavab olaraq, fəallıq ruhumuzu yenidən kəşf etməli ya da nifrət və qəzəbin bizi ağuşuna almasını və bizi batırmasını qəbul etməliyik.xa0
Bu gün Parisdən Romaya qədər, Barselona, Budapeşt, Drezden, Vyana, Varşavada və hər yerdə bizim azadlıq məşəlimizi yandıran ruhumuzu ovsunlamaq istəyənlərə qarşı dərhal həyacan təbili çalmalıyıq.xa0xa0
Üfiqdə mayak olan “Avropa”nın bu qəribə məğlubiyyəti, bizim cəmiyyətlərimizə qüdrət, ləyaqət və tərəqqi gətirən Avropa vicdanının növbəti böhranı hər şeyi məhv etməyə qadirdir. Bu böhran isə 1930-cu illərdən bəri üzləşdiyimiz ən böyük təhdiddir: liberal demokratiya və onun dəyərlərinə qarşı təhdid.
xa0
İmzalayanlar: Bernard-Henri Levi, Milan Kundera, Salman Ruşdi, Elfrid Jelinek, Orhan Pamuk, Vasilis Alexakis, Svetlana Alexievich, Anne Applebaum, Jens Christian Grøndahl, David Grossman, Ágnes Heller, Ismaïl Kadaré, György Konrád, António Lobo Antunes, Claudio Magris, Ian McEwan, Adam Michnik, Herta Müller, Ludmila Oulitskaïa, Rob Riemen, Fernando Savater, Roberto Saviano, Eugenio Scalfari, Simon Schama, Peter Schneider, Abdulah Sidran, Leïla Slimani, Colm Tóibín, Mario Vargas Llosa, Adam Zagajewski.
Beləliklə, “diaqnoz” və “resept” doğrudurmu? Məncə, doğrudan uzaqdır. Avropanın “xəstələndiyi” və böhran yaşadığı danılmaz fakt olsa da, səbəbləri və çıxış yolları müraciətdə səthi əksini tapmışdır. Sanki, populizm, milliyyətçilik və Kreml imiş bütün problemlərin kökü. La Manşın və Atlantik okeanının o tayında olan iki müttəfiq isə Avropanı tərk edərsə qitə batar və s. Fərz edəlim ki, belədir. Bəs bunları yaradan səbəblər?! Səbəblər isə çoxdur: Avropanın böhranı ikili standartlar, beynəlxalq hüququn norma və prinsiplərinin tapdalanması, münaqişələrin səbəbkarlarının və tərəfdarlarının cəzasız qalması, əxlaq normalarının pozulması, terrorçuların siyasi məqsədlər üçün istifadə olunması, insan hüquqları və demokratiya məsələlərinin bayağılaşdırılması, bir sıra ölkələrə qarşı mənasız sanksiyalar, əraziləri işğal, təcavüz və vətəndaş müharibələrinə məruz qalan ölkələrin vətəndaşlarının mühacirət etmək məcburiyyətində olmaları, qlobalizasiyanın əks effektləri, nə qədər düzgün səslənməsə də Avropadakı heyvanların “hüquqlarının” digər qitələrdəki insanların elementar hüquqlarından üstün tutulması.....
Göründüyü kimi, özlərini Avropa ziyalıları hesab edən təbəqə belə, səssizliklərini pozsalar da obyektiv olub haqqı deyə bilmirlər. Bu yalnış və subyektiv “diaqnozlar” isə Avropanı “komaya” aparmaq üzrədir.
Seyran Mirzəzadə, Azərbaycan-Monteneqro
Mədəni-iqtisadi mərkəzinin direktoruxa0



































































































