Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl düşünür ki, Rusiya Ukraynadan sonra Baltik ölkələrinə-Latviya, Litva və Estoniyaya hücum edəcək.
Kahl bildirir ki, Rusiya Qərb ölkələri ilə real hərbi qarşıdurmaya hazırlaşır.
Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün hazırlanmış lokal əməliyyatlar keçiriləcək. Yəni Moskva alyansın nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. Kol izah edib ki, Rusiya alyansın digər üzvlərinin müvafiq reaksiya verməyəcəyi bir NATO ölkəsi üçün fövqəladə vəziyyət yaratmağı planlaşdırır.
Nümunə olaraq, BND rəhbəri Norveçin Şpitsberqen arxipelaqına lokal müdaxilə ehtimalını irəli sürüb. Rusiyanın Svalbardda xüsusi hüquqları var, amma Oslonun arxipelaqdakı əcnəbilərə münasibətdə siyasəti son illərdə daha sərtləşib.
Kolun fikrincə, Rusiyanın bu yöndəki müdaxiləsi üçün daha bir fürsət yerli rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələr-Latviya, Litva və Estoniya ilə münaqişədir.
NATO nizamnaməsinin 5-ci maddəsi bu cür münaqişələrdə istifadə edilməsə, NATO müdafiə ittifaqı kimi uğursuzluğa düçar olacaq.
Bruno Kahl Rusiyanın onilliyin sonuna qədər NATO ölkələrinə hücum edə biləcəyini söyləyib.
Qeyd edək ki, noyabrın 27-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Şimali Atlantika Alyansının hərbi bazalarına zərbə endirmək ssenarisini istisna etmədiklərini bəyan edib.
Rusiya NATO ilə birbaşa toqquşmaya gedəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirir ki, Rusiyanın siyasətində Baltikyanı ölkələrə hücum da yer alır.
Amma onun fikrincə, Kreml bu hücumu Ukrayna müharibəsindən dərhal sonra deyil, bir müddət özünə gələndən sonra edəcək:
“Rusiya bu gün Qərbin ən böyük düşmənidir. Tərəflər arasında ciddi mövqe savaşları gedir. Qərb və Rusiya bu mövqe savaşında öz mövqelərini möhkəmləndirmək üçün əlindən gələni əsirgəmirlər. Rusiya ilə Ukrayna arasında müharibəyə nail olmaq Qərbin ən böyük məqsədlərindən biri idi. Bununla da Qərb Rusiyanı çökdürməyə çalışır.
Amma hadisələrin gedişi göstərir ki, Moskva Ukraynada Qərbi çıxılmaz vəziyyətdə qoyub. Müharibə Ukraynanın içərilərinə doğru irəliləməkdədir. Bu da dolayısı ilə Moskvanın Qərb üzərində qələbəsidir. Belədə Rusiyanın gücü bir qədər də artacaq”.
Müsahibimiz qeyd edib ki, Rusiya hücum siyasətinə davam edəcək:
“Rusiya siyasətinin əsasını keçmiş SSRİ ərazisini yenidən ilhaq etmək təşkil edir. Çünki bu ölkələrdə ciddi maliyyə resursları, təbii sərvətlər var. Bu mənada Ukraynada ən azından yaxın hədəflərinə nail olarsa, Rusiyanın bu siyasəti davam edəcək, dayanmayacaq.
Amma Ukrayna ilə dağıdıcı müharibədən dərhal sonra Kremlin təcavüzkar siyasətini daha da genişləndirib Baltik ölkələrinə hücum etməsi ağlabatan deyil. Müharibəyə Rusiya hər ay milyardlarla dollar vəsait xərcləyir. Rusiyada silah sursat resursları baxımından ciddi qıtlıq yaşanır. Belə vəziyyətdə, Ukrayna müharibəsini öz xeyrinə həll etsə də, Kreml ondan dərhal sonra Baltik ölkələrinə təcavüzə cürət etməz. Çoxlu resurs itirdiyinə görə, Rusiya bir müddət özünə gəlməlidir”.
Ekspert qeyd edir ki, Ukraynadan sonra Rusiyanın əsas işi güc toplamaqdan, itirilmiş resursları bərpa etməkdən ibarət olacaq:
“Rusiya hələ özünə gəlməlidir. Yalnız bundan sonra Baltik ölkələrinə hücum etmək bardə düşünə bilər. Bu fonda Rusiya MDB dövlətlərini də ciddi təhdid altına alacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:00 / 07.12.2024
Almaniyadan QORXUNC XƏBƏRDARLIQ – Rusiya NATO ölkələrinə hücuma HAZIRLAŞIR?
Hazırda oxunan: Almaniyadan QORXUNC XƏBƏRDARLIQ – Rusiya NATO ölkələrinə hücuma HAZIRLAŞIR?
Hazırda oxunan: Almaniyadan QORXUNC XƏBƏRDARLIQ – Rusiya NATO ölkələrinə hücuma HAZIRLAŞIR?
224036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.