Koronavirusa yoluxma ilə bağlı gündəlik statistika niyə həftəliyə KEÇDİ? – TƏHLİL  

Hazırda oxunan: Koronavirusa yoluxma ilə bağlı gündəlik statistika niyə həftəliyə KEÇDİ? – TƏHLİL  

160008

Azərbaycanda 2020-ci ildən Covid-19 pandemiyası səbəbi ilə karantin rejimi tətbiq olunur. Ölkədə ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən etibarən isə xüsusi karantin rejimi elan edilib. Karantin rejiminin müddəti hər dəfə uzadılmaqla bu günə qədər qüvvədədir. Sonuncu qərar sentyabrın 25-də olub. Nazirlər Kabinetinin qərarı ilə karantin rejimi 2 yanvar 2024-cü ilədək davam edəcək. 

Gündəlikdən həftəliyə... 

Qeyd edək ki, məhz koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılıb. Bu qurum yaranan gündən indiyədək mütəmadi olaraq yoluxma və yeni peyvənd olunanlarla bağlı statistik məlumatları təqdim edir. 3 il bu məlumatlar gündəlik açıqlanırdısa, bu il iyulun 16-dan etibarən həftəlik icmala keçib. Səbəbi isə açıqlanmır.  
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB 2 aydır xəstələrə bu dərmanı niyə VERMİR? – ŞİKAYƏT/FOTO


Bu məsələ ictimaiyyətdə də müəyyən suallar doğurub. Belə çıxır ki, ya reallıqda virus məsələsi arxa plana keçib, ya da doğrudan da əhali arasında narahatlıq üçün heç bir əsas yoxdur.  

Ekspertlərin fikrincə, dünyada olduğu kimi Azərbaycanda da bu virus mövcudluğunu çoxdan itirib. Sadəcə olaraq bununla bağlı təqdim olunan rəsmi məlumatlar formal xarakter daşıyır.    

Əslində dünyada koronavirusla bağlı fövqəladə vəziyyət may ayında başa çatıb. Bunu həmin vaxt Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında açıqlamışdı.  

Bəs, ölkəmizdə aidiyyəti qurumlar bu məsələnin bitdiyini niyə rəsmən elan etmir? Karantin rejimi niyə ləğv olunmur? 

Bu suallara cavab tapmaq da müşkül məsələdir…   

Məsələ ilə bağlı növbəti dəfə Operativ Qərargahla əlaqə saxladıq. Amma qurumdan yenə açıqlama ala bilmədik.    

Məlumatlara görə dünyanın bəzi ölkələrində koronavirusun mutasiyaya uğramış yeni ştamları yayılıb. Mövsümi qrip və respirator virusların mövcudluğu da xarakterik əlamətlərdən sayılır.

Belə bir dövrdə Azərbaycandakı epidemioloji durumun arxa plana keçməsi, əslində vəziyyətin ciddi olmasına baxmayraq cavabdeh qurumlar tərəfindən xüsusi qabaqlayıcı tədbirlərin görülüb-görülməməsi ilə bağlı sorğuların cavablandırılmaması isə anlaşılan deyil.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO