XII Qəbələ Musiqi Festivalı başa çatdı - FOTO

Hazırda oxunan: XII Qəbələ Musiqi Festivalı başa çatdı - FOTO

31305

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu.

Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb.

Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biri idi.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngin olub. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alıblar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub. Bu ilki Qəbələ Musiqi Festivalının ən başlıca məziyyətlərindən biri o oldu ki, ölkəmizin aparıcı musiqi təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də müxtəlif ifaçı kollektivləri geniş səpkidə iştirak ediblər.

İyulun 31-də XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Bakı Musiqi Akademiyasının rektoru, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış ediblər. Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrin ifasında geniş konsert proqramı təqdim olunub.

Avqustun 1-də Konqres Mərkəzində BMA-nın müəllim və tələbələrinin iştirakı ilə kamera-instrumental musiqi gecəsi keçirilib. 

Avqustun 2-də BMA-nın müəllim və tələbələri digər bir maraqlı kamera konsertini təqdim ediblər. 

Avqustun 3-də Konqres Mərkəzində respublikanın tanınmış ifaçıları, xalq və əməkdar artistlər Murad Adıgözəlzadə ilə Əvəz Abdullanın, vokalçı Gülnaz İsmayılova ilə bəstəkar Ceyhun Allahverdiyevin, messo-soprano müğənni Fəridə Məmmədova ilə bəstəkar Elnarə Dadaşovanın duet ifaları, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin iştirakı ilə baş tutan kamera-vokal musiqi axşamı XII Qəbələ Musiqi Festivalını uğurla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO