“Yeniyetmələrin broyler toyuqları ilə qidalanması TƏHLÜKƏLİDİR” – XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Yeniyetmələrin broyler toyuqları ilə qidalanması TƏHLÜKƏLİDİR” – XƏBƏRDARLIQ 

146844

“Azərbaycanda istehsal olunan toyuq əti məhsullarının keyfiyyətində heç bir problem yoxdur. Bu məhsulu istehsalçı fabriklər baytarlıq şəhadətnaməsi və arayışı almadan market şəbəkələrində satışa çıxarmırlar.

İstənilən böyük fabrikin gündəlik kəsimi 20-50 min ədəd təşkil edirsə, onun sayına uyğun baytarlıq arayışı verilir. Üstəlik, ətlərdən nümunələr götürülür və laboratoriya şəraitində analiz olunur. Buna görə də belə məhsullarda xəstəlik ola bilməz”.

Bu sözləri Bizim.Media saytına açıqlayan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib. 

Onun sözlərinə görə, xaricdən gətirilən toyuq ətlərinin keyfiyyətində hər hansısa problem var:

“Ancaq mən bunu da düşünmürəm. Ona görə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həm tərkibi və keyfiyyəti, həm də  məhsulu aldıqları ölkənin mənşə sertifikatı yoxlanıldıqdan sonra baytarlıq arayışları alırlar.

Bir müddət əvvəl bəzi işbazlar tərəfindən Belarus Respublikasından ikinci sort, yəni yumurtadan kəsilmiş, çıxdaş olunmuş toyuq ətinin idxalı həyata keçirildi. Ancaq bizim şikayətimizdən sonra həmin ətlərin satışının qarşısı alındı”. 

Müsahibimiz qeyd etdi ki, əgər kimlərsə tanınmış şirkətlərdən gizli şəkildə onların qablaşdırmasına uyğun saxta və ona oxşar məhsul istehsal edirsə, o zaman bu barədə nəsə demək çətindir:

“Bu gün Bakı şəhərində hər hansısa şirkətin məhsulu adı ilə saxta məhsulların satışı halları hələ də var. Hətta 5-6 il əvvəl ölkənin ayrı-ayrı yerlərində kəsimxanalar açır və saxta toyuq əti məhsullarının satışını təşkil edirdilər. Həmin yerlərdə ətin tərkibinə iynə ilə su vururdular və ya sarı kökdən istifadə edirdilər. 

Ancaq son dövrlərdə AQTA-nın fəaliyyəti nəticəsində həmin kəsimxanaların fəaliyyəti qadağan olundu. Tam məsuliyyətlə deyirəm ki, bu gün belə hallar baş vermir”. 

Mürvət Həsənli, əhaliyə dondurulmuş toyuqları almamağı və əsasən təzə kəsilmiş halda və soyudulmuş ətlərdən almağı tövsiyə edib:

“Bu məhsullar bazara və marketlərə hər gün çıxarılır və satışı həyata keçirilir. Bu ətləri alıb istifadə etsəniz, daha yaxşı olar. Yaxşı olardı ki, vətəndaşlar marketlərdən toyuq əti alarkən, əvvəlcə istehsal tarixinə baxsınlar, sonra isə baytarlıq arayışını tələb etsinlər”. 

“Broyler toyuqları hormonal dərmanlar və yemlərlə qidalanır”

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə, toyuq ətini insan orqanizmi üçün lazım olan zülalla təmin edən əsas quş ətlərindən biri kimi xarakterizə edib.

Onun sözlərinə görə, asan həzm olunduğu üçün hansısa həssaslığı, allergiyası olan insanlar üçün toyuq ətinin qəbulu daha faydalı hesab olunur:

“Bu da təbii şəraitdə yetişmiş toyuqlara aiddir. Ancaq süni və broyler şəraitində yetişibsə, o zaman onun tərkibindəki faydalı elementlərin sayı az olur. Çünki, həmin toyuqlar ən azı 45 gün ərzində yetişdirilir. Belə ki, süni, hormonal dərmanlar və kimyəvi tərkibli yemlərdən verərək həmin müddət ərzində müəyyən çəkiyə gətirirlər ki, bu da toyuqların tərkibindəki vitamin və mineralların sayını azaldır. 

Belə məhsulları bişirdikdə həmin dərmanlar və qatqılar insan orqanizminə keçir. Bu da risk altında, yəni yetkinlik yaşında, hətta 20 yaşına qədər şəxslər, o cümlədən müəyyən xəstəliklərə malik insanlar üçün təhlükəlidir.
Əgər inkişaf dövründə olan bir orqanizm keyfiyyətli qida qəbul etmirsə və bu cür toyuq ətlərindən istifadə edirsə, o zaman onda hormonal balans pozulur ki, bu da birbaşa artıq çəkiyə və piylənməyə gətirib çıxarır. 

Əksər uşaqların xarici görünüşünə baxsaq, bunu görmək olar. Bu cür məhsulların oğlan uşaqlarında mənfi təsirləri daha çoxdur ki, bu da onların cinsi yetişkənlik dövründə düzgün inkişaf  etməməsinə və gələcəkdə onlardan dünyaya gələcək uşaqların da sağlam olmayacağına səbəb olacaq”.

Onun sözlərinə görə, bu mənfi təsirləri azaltmaq həmin əti ocaqda və ya qazda qaynatdıqdan sonra suyu atmaq lazımdır:

“Ardınca isə bişirmək olar ki, bu zaman tərkibindəki kimyəvi maddələr 10 dəfəyə qədər azalacaq”.

Qida eksperti, qida təhlükəsizliyinə əməl olunmaqla kəsilən və hazırlanan qidaların hər zaman sağlam qida hesab olunmadığını da diqqətə çatdırıb:

“Ola bilsin ki, məhsulu istehsal olunarkən sanitariya və gigiyena qaydalarına ciddi əməl edilib və və bu da yaxşı haldır. Çünki, heyvandan insana keçən elə xəstəliklər var ki, onlar broyler toyuqlarında yoxdur.

Ona görə ki, saxlanma şəraitində birində xəstəlik olarsa, dərhal digərlərinə də keçəcək ki, bu da sahibkara böyük zərər verəcək. Buna görə də mütamadi olaraq, həmin toyuqlara dərmanlar verilir. 

Ancaq bu o demək deyil ki, həmin məhsul sağlam qida hesab olunmalıdır. Hətta təbii şəraitdə yetişdirilən toyuqlardan da insnlar yoluxa bilərlər. Sanitar-gigiyena və kəsim qaydaları baxımından broyler toyuqları etibarlı ola bilərlər, amma tərkib baxımından təbii yetişdirilən toyuqların yerini vermir”.

Rövşən Ziya, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO