Vaşinqtonda yalnız Zəngəzur dəhlizi məsələsində anlaşma ola bilər - Politoloq

Hazırda oxunan: Vaşinqtonda yalnız Zəngəzur dəhlizi məsələsində anlaşma ola bilər - Politoloq

143672

ABŞ-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti danışıqlara start verilib. Danışıqların ikitərəfli formatda iyunun 29-dək davam edəcəyi bildirilir. Dünən ABŞ-ın Arlinqton şəhərində Bayramovla Mirzoyan arasında ikitərəfli görüş keçirilib. Tərəflər arasında danışıqlar fasilələrlə 4-5 saat davam edib. Görüşün detalları barədə əlavə informasiyalar hələlik verilməyib. Ondan qabaq isə ABŞ dövlət katibi Entoni Blinken dünən bağlı qapılar arxasında iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam edib.

İyunun 29-dək davam edəcək danışıqların əsas mövzusu sülh sazişidir.

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, Ağ Ev Moskvanın başının özünə qarışmasından istifadə edərək, prosesi irəliyə aparmağa çalışsa da, bunun üçün qarşılıqlı güzəşt sistemi və nisbət bərabərliyi yetərli deyil:

“Bu görüş öncəsi Ermənistan baş naziri Paşinyan və parlamentin spikeri Simonyanın açıqlamalarına diqqət yetirsək, Qarabağa münasibətdə hər hansı bir fundamental dəyişiklikləri görmürük. Onlar yenə də hüquq və təhlükəsizlik adı altında dolayısı ilə müəyyən haqlar və statusun əldə edilməsinə çalışırlar.

Həmçinin, danışıqların beynəlxalq mexanizmlər və konkret qarant çərçivəsində aparılmasını tələb edirlər. ABŞ-da olan danışıqlardan ciddi nəticə gözləmirəm. Burada hansısa irəliləyişin olması üçün mütləq mənada Vaşinqton ya inandırıcı və ya da təzyiq mexanizmlərindən istifadə etməlidir. ABŞ-ın mövqelərin yaxınlaşması istiqamətində ciddi istək ortaya qoyduğu hiss olunur.
Görüşün təşkil edildiyi ərəfəyə diqqət yetirsək, Rusiyada hərbi-siyasi böhranın yaşandığı məqama düşdüyünü görərik. Bu da o deməkdir ki, Ağ Ev Moskvanın başının özünə qarışmasından istifadə edərək, prosesi irəliyə aparmaq istəyir. Ancaq bunun üçün qarşılıqlı güzəşt sistemi və nisbət bərabərliyi yetərli deyil. Çünki bu ədalət deyil. Ədalət hər kəsə haqqını verməkdir. Azərbaycan da bunu tələb edir. Torpaq Azərbaycanındır və onun üzərində suveren haqlar da ölkəmizə məxsusdur”. 

Ekspert qeyd edir ki, açar məsələ Qarabağ məsələsidir və bu yöndə hər hansı bir güzəşt olmayacaqsa, ABŞ görüşündən də ciddi irəliləyiş gözləməyinə dəyməz: 

“Yalnız Zəngəzur dəhlizi məsələsində anlaşma ola bilər. Ancaq bu həlledici deyil. Azərbaycan üçün vacib olan Qarabağ məsələsidir. Bütün ərazidə suveren haqlarımızı təsbit etməsək, o gələcəkdə ölkəmiz üçün böyük yaraya çevriləcək. Ona görə də öncə Qarabağ problemi, sonra digər məsələlər. ABŞ bu istiqamətdə İrəvanı razı sala bilsə, bu Qarabağdan rus qoşunlarının çıxarılması üçün açar məsələ olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO