Avropa İttifaqının yeni “QRANT OVU” – Demokratiya adı altında qurulan MƏKRLİ PLANLAR

Hazırda oxunan: Avropa İttifaqının yeni “QRANT OVU” – Demokratiya adı altında qurulan MƏKRLİ PLANLAR

142546

Qərb yenidən “qurban ovu”na çıxıb. Ukrayna-Rusiya müharibəsindəki uğursuzluğu unutdurmaq və yeni “qaynar nöqtə”lər yaratmaq üçün Qərb yenə öz pul kisəsinin ağzını açıb, yeni qrant oyununa start verilib. Nəzərə alaq ki, bir müddət idi bu oyun arxa plana keçmişdi. 

Daha doğrusu, “Ərəb baharı”nın mahiyyəti sivilizasiyaya aydın olandan sonra Qərb bir qədər geri çəkilmişdi. Çünki, insan haqları və demokratiya adı ilə Liviyada, Tunisdə, Misirdə, İraqda və Suriyada törədilən dövlət çevrilişləri və vətəndaş qırğınları Qərbin maskasını cırdı. 

“Şərq tərəfdaşlığı proqramı” masaya niyə gətirildi?

“Ərəb baharı” iflasa uğradıqdan sonra Qərb ortaya yeni layihə atdı. Bunun da adı “Şərq tərəfdaşlığı proqramı” idi. Bu dəfə Qərb ölkələrə demokratiya dərsi keçmək yox, onları öz sıralarına qatmaq vədini elan etdi. Bu layihənin hədəfi isə keçmiş sovet ölkələri idi. Bu layihə hesabına Qərb həmin dövlətlərdə rəngli inqilablar etmək yox, həmin ölkələrin baxışlarını dəyişdirmək niyyəti güdürdü.

“Şərq tərəfdaşlığı” proqramının mahiyyəti MDB ölkələrinin Rusiya ilə bütün iqtisadi-siyasi əlaqələrini kəsmək idi. Bu proqramın icra olunduğu ölkələrə vəd olunurdu ki, kim daha tez Rusiya ilə əlaqəsini kəssə və bu dövləti özünün düşməni elan etsə, həmin ölkə Avropa İttifaqına və NATO-ya üzv qəbul ediləcək.

Lakin, Qərbin bu layihəsi də iflasa uğradı. 

Çünki, bu layihəyə qoşulan hər bir dövlət ciddi və uzunmüddətli problemlə üz-üzə qaldı. Bu gün Ukaryna, Moldava, Gürcüstan və digər dövlətlər “Şərq tərəfdaşlığı” proqramının acısını yaşayır. Ən böyük faciəni isə Ukrayna dövləti və Ukrayna xalqı yaşayır. 

Bu gün açıq şəkildə görünür ki, Ukrayna-Rusiya müharibəsinin əsas səbəbi rəsmi Kiyevin Aİ və NATO-ya üzvülük iddiasıdır. Rəsmi Kiyev bu iddiasından əl çəkəcəyi gün bu dəhşətli müharibə bitəcək. Amma Ukraynanın faciəsi Qərbin umrunda belə deyil. Çünki, bu müharibə hesabına Qərb həm bu dövlətin sərvətlərini mənimsəyir, həm də Rusiyanı zəif salır. Ona görə də Qərb Ukrayna-Rusiya müharibəsinin bitməsini yox, onun uzanmasını və ərəb ölkələri kimi unudulmasını istəyir. 

Qərb yeni senari hazırlayıb

Həm ABŞ, həm də Aİ yenidən bəzi ölkələrin xalqlarına “demokratiya dərsi” keçmək istəyir. Bu layihə hesabına ABŞ və Aİ Ukrayna-Rusiya müharibəsini unutdurmaq və yeni “qaynar nöqtə”lər hazırlamaq istəyir. Təsədüfi deyil ki, yeni hədəflər əsasən Rusiya ilə normal münasibətləri olan ölkələrdir. Bu isə o deməkdir ki, Qərbin istəyi bəzi ölkələrdə demokratiyanın inkişafı yox, bu dövlətlərə qarşı yeni təzyiq mexanizmləri işləyib hazırlamaqdır.

Məlum olduğu kimi Avropa İttifaqı “Şərq tərəfdaşlığı proqramı”na daxil olan ölkələrdə demokratiya və insan hüquqlarının inkişafını ehtiva edən yüksək məbləğli qrant layihələri elan edib. 

Layihə Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanla yanaşı, Azərbaycanı da əhatə edir. Maraqlıdır ki, müsabiqələrinin şərtləri çox sadə və sadə olduğu qədər qəlizdir. Ona görə sadədir ki, “ictimai maraq kəsb edən mövzular” üzrə istənilən jurnalist və media subyekti layihə iştirakçısı ola bilər. Və həmin jurnalist və mətbu orqanı il ərzində 100 min avroya qədər qrant ala bilər. 
Məsələnin qəliz tərəfi isə odur ki, layihə iştirakçısı bir il ərzində yaşadığı ölkədə insan haqlarının və demokratiyanın pozulması ilə bağlı çeşid-çeşid hesabatlar hazırlayıb dərc etməlidir. Burda isə obyektivlik və şəffaflıq prinsipi qətiyyən gözlənilmir. Əsas tələb odur ki, “araşdırmalar”da “jurnalist” öz ölkəsini hədəfə qoymalı və dolayısı ilə xalqı itaətsizliyə çağırmalıdır.

Bu cür “hesabatlar” tirajlandıqdan sonra isə ikinci və əsas məsələ başlayacaq. ABŞ və Aİ insan haqlarının və demokratik prinsiplərin pozulmasını bəhanə gətirərək həmin dövlətlərə təzyiqlərə başlayacaq. Və imkan düşərsə, həmin ölkələrin hansı birindəsə rəngli inqilab etdirməyə də çalışılacaq. Beləcə, Qərb dünya üçün yeni gündəm hazırlayacaq. Ən əsası Ukrayna-Rusiya müharibəsinin faciələri unutdurulmağa çalışılacaq.

Son söz əvəzi

Əgər Qərb öz istəyində səmimidirsə və bəzi ölkələrdə demokratiyanın inkişafını və insan haqlarının qorunmasını istəyirsə, onda bu dövlətlər qarşı qoyulan iqtisadi-siyasi və hüquqi qadağaları aradan qaldırsın. 

Məsələn, “Şengen vizası” kimi bədnam qadağa aradan götürülsün. Digər ölkələrin vətəndaşları da Aİ-yə səfər edib, demokratiyanı və insan haqlarının necə qorunduğunu  öz gözləri ilə görsünlər, öyrənsinlər. Çünki, sifarişlə “həcc qəbul olunmur”,  heç bir ölkə qrant hesabına demokratikləşmir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO