
- A-
- A
- A+
Kitabından tibb universitetində dərslik kimi istifadə olunan alimin anım günü keçirildi - FOTO
Kürdəmirdə tibb elmləri namizədi, içtimai xadim və peşəkar həkim-stomatoloq Heybət Mehdiyevin anım günü keçirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Kürdəmir rayon mərkəzi xəstəxanasının təşkilatçılığı ilə təşkil olunan anım günündə iştirakçılar əvvəlcə tibb elmləri namizədi Heybət Mehdiyevin rayondakı fəxri xiyabanda dəfn olunmuş məzarını ziyarət edib önünə tər qərənfillər düzüb və ruhuna dualar oxuyublar.
Çıxış edənlər bildiriblər ki, el atası, ziyalı, xeyriyyəçi və respulika ağsaqqalar şurasının üzvü olan Heybət həkim vaxtilə təkcə ölkəmizdə deyil, keçmiş SSRİ miqyasında tanınmış peşəkar həkimlərdən biri olub.
Onun gənc həkimlərin stomatologiya sahəsində yetişməsində və inkişafında əvəzsiz xidmətləri olub. Anım günündə iştirak edən gənc həkimlər vurğulayıblar ki, bu gün Kürdəmirdə stomatologiyanın bu qədər inkişaf etməsində Heybət həkimin rolu danılmazdır.
Qeyd edək ki, tibb elmləri namizədi, içtimai xadim, xeyriyyəçi və ziyalı Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində dünyaya gəlib. O,1954-cü ildə Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub və 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
Heybət Mehdiyev fəaliyyəti dövründə rayon ağsaqqalar şurasının sədri olmaqla 6 kitab, 20-dən çox məqalə və 4 monoqrafiyanın müəllifi olub. Hazırda onun 2 kitabından tibb universitetinin stomatologiya fakültəsində dərslik kimi istifadə olunur.
O, 2007-ci ildə 70 yaşında Kürdəmirdə vəfat edib və rayondakı fəxri xiyabanda dəfn olunub.Allah rəhmət eləsin.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































