"Vəziyyət o qədər mürəkkəbdir ki, arifi nadandan seçmək çətindir"

Hazırda oxunan: "Vəziyyət o qədər mürəkkəbdir ki, arifi nadandan seçmək çətindir"

139746
İyunun 15-də 75 yaşı tamam olacaq görkəmli alim, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-ın bir neçə sualını cavablandırıb:


- Şahlar müəllim, keçən il “Yaşam Fəsəfəsi”x9d başlığı altında silsilə məqalələrinizi Moderator.az-da təqdim etdik. Bir alim və ziyalı kimi 75 ilin zirvəsindən Dünya necə görünür?

- Allah hamınıza üzün ömür və xoş günlər versin. Sualınıza U. Çerçilin bir fikri ilə başlamaq istəyirəm: Əgər insan 18 yaşında sosialist deyilsə, onun ürəyi yoxdur. Əgər 28 yaşında o hələ sosialistdirsə, deməli onun başı yoxdur. Haqlısınız yaş çox şey deyir. Hesab edirəm ki, dünya çox qarmaqarışıqdır. Əhali artır, ərzaq qıtlığı var. Bir tərəfdən dünya sürətlə inkişaf edir. Digər tərəfdən mənfi təzahürlər də çoxdur. İnsan, silah, narkotik maddələrin alveri geniş yayılıb. Böyük miqyaslı terror dəstələri  insanları və insanlığı gərginlikdə saxlayır. Bir yerdə müharibə qurtarmamış,  digər yerdə qan-qada başlayır. Bu azmış kimi dünyada aclıqdan ölənlər də milyonlarcadır. Dünya dövlətləri  3 qrupa bölünür. İnkişaf etmiş, inkişaf etməkdə olan və  geri qalmış dövlətlər. İnkişaf etmiş 30 - dan çox dövlət arasında ciddi ideya birliyi var. Belə birlik  II və III dünya dövlətləri arasında ya yoxdur, ya da varsa effektsizdir.  Uzun illər biz sosializm ideyasını düz hesab etmişdik. Sonra  məlum oldu ki, bu səhv imiş. Eyni fikirlər faşizm ideyası haqda da doğrudur. Ancaq bu ideyalar  yolunda ölənlərin sayı min deyil, milyonlarcadır. Vəziyyət o qədər mürəkkəbdir ki, düzü əyridən, doğrunu yalandan, yaxşını pisdən, dostu düşməndən, arifi nadandan seçmək çətindir. Dünyanın ciddi nizama ehtiyacı var.  

- 70 - dən 75 - ə gəlişinizi necə qiymətləndirirsiniz? 

- Ömrün verdiyi imkanlardan bəhrələnərək düşüncələrimi kitablara köçürtdüm. “Kamilləşən Düşüncə”x9d kitabım monoqrafik bir mənbədir. Bu kitabda siyasətin, hətta mənəviyyatın bəzi məsələləri  riyaziləşdirilib. Təklif olunan  yeni meyarla qlobal idarəetmənin, iqtisadi, sosial, siyasi və mənəvi həyatın  bir sıra məsələlərini daha dərindən  araşdırmaq mümkündür.

- Təklif olunan yeni meyar nədir?

- Yeni meyar olaraq görülməli işin görülmüş hissəsinin görülməyən hissəsinə olan nisbəti götürülür. Bu meyar bizim geniş istifadə etdiyimiz faizə alternativ bir meyardır.

- Bu meyardan harada istifadə etmək olar?

- Hər yerdə. Bu metodologiya həm planetin, həm də  istənilən dövlətin inkişafının dinamikasını izləməyə, ona nəzarət etməyə və gələcəyin strategiyasını  hazırlamağa imkan verir.  Ancaq faizdən çox dəqiqdir. Faizin nüfuz edə bilmədiyi yerlərə nüfuz edə bilir. Bu  meyarın köməkliyi ilə dünya dövlətlərinin makroiqtisadi göstəricilərini ilk dəfə olaraq cədvəl şəklində yox, qrafik şəklində təqdim etmək mümkündur.  

- Bəs ictimai həyatda bu meyardan istifadə etmək olarmı?

- İctimai həyatda bu meyar ümumi mənafenin şəxsi mənafeyə nisbətini göstərir. Misal üçün, ABŞ üçün bu meyarın qiyməti 10 - a yaxındır. Norveç üçün isə 15 - dir. Yəni Norveçdə ictimai mənafe şəxsi mənafedən daha ciddi qorunur. Digər tərəfdən, bu meyar idarəetmədə  düzgün qərar qəbul etmənin elmi əsasını yaradır.  Hər bir dövlət 10-20 nazirlikdən təşkil olunur. Hər nazirlik gündə onlarla dövləti əhəmiyyətli  qərarlar qəbul edirlər. Demək, ölkə miqyasında gündə təqribən 200-dən çox vacib qərarlar qəbul olunur. Əgər bu qərarlar düz olarsa onda dövlət hər gün qüdrətlənər, səhv olarsa dövlət  hər gün zəifləyər. Qərarların düzgünlüyü rəhbər elitanın savadlılıq dərəcəsindən asılıdır. Bu meyar əsasında təklif olunan konsepsiyaya görə qərarların səhvlik dərəcəsi məmurun bilik qıtlığı ilə düz mütənasibdir. Bu səbəbdən də hər dövlət daha savadlı kadrları  idarəetməyə cəlb edirlər. Dərindən əminəm ki, insanlar düzgün qərarlar qəbul etməklə şəxsiyyətə, dövlətlər düzgün qərarlar qəbul etməklə güclü dövlətə çevrilirlər.

- "Kamilləşən Düşüncə"də “inkişafın zəruri və kafi  şərti”x9d  adlı başlıq var. İnkişafın dayandığı zəruri və kafi şərt nədir? 

- Məlumdur ki, biz II dünya dövlətləri sırasındayıq.  Bu dövlətlərinin sayı  60-a yaxındır. Sual oluna bilər II dövlətindən İ dünya dövlətinə sıçrayışla keçmək mümkündürmü? Bunun üçün zəruri şərt ictimai mənafenin şəxsi mənafeyə nisbəti  (keyfiyyət faktoru) 5 ”“ dən böyük olmalıdır. Kafi şərt olaraq adambaşına düşən ÜDM  30 000 ABŞ doll. çox olmalıdır. Yəni kamilləşib varlanmaq daha yaxşıdır, nəinki varlanıb kamilləşmək. Dünyada ilk dəfə Sinqapur bu sıçrayışı edib.

- Bu meyarı tarixi proseslərə də şamil etmək olarmı?

- Bəşər tarixi  bu meyarın işığında aydın şəkildə cahillik və kamillik kimi iki dövrə bölünür. Birinci tarixi dövrdə dünyada baş verən ictimai - sosial proseslərin əksəriyyəti şəxsi mənafenin, fiziki gücün və instinkt  düşüncənin, ikinci tarixi dövrdə isə ictimai mənafenin, əqli gücün və  şüurun üstünlüyü şəraitində baş verir. 

- Bildiyimə görə siz bu meyarla Allahın varlığını da isbat etmişiniz...

- Bəli, bu isbat RF bir fəlsəfi jurnalında çap olunub və geniş yayılır. Qeyd edildiyi kimi bu meyar metafizik məsələlərdə ümumi mənafenin şəxsi mənafeyə olan nisbətidir. Allahın şəxsi mənafeli yoxdur, yəni sıfıra bərabərdir. İstənilən müsbət ədədi sıfıra böləndə sonsuzluq alınır. Sonsuz qüdrətə malik varlıq isə bütün səmavi kitablara görə Allahdır.

- Xoşbəxtliyin açarı varmı?

- Həyatın mənası nəsli artırmaq, həyatın məqsədi isə xoşbəxt yaşamaqdır.  Yeni meyar bu məsələyə də aydınlıq gətirir. Xoşbəxtliyə gedən yolun birinci açarı can sağlığıdır. İkinci açar hər kəs öz yarısını tapmalıdır. Hələ 2500 il öncə Pifaqor deyib ki,  xoşbəxtlik tək adam işi deyil. Xoşbəxt olmaq üçün ailə qurmalısan. Xoşbəxtliyin  üçüncü açarı ixtisas seçimi ilə bağlıdır. Səhər işə, axşam evə tələsən kəs xoşbəxtdir. Hər kəs anadan ümumi qabiliyyətlərlə bərabər, bir xüsusi qabiliyyətlə də doğulur. Şərait yaradılmalıdır ki, insan Allahın ona verdiyi qabiliyyət üzərində gələcəyini qursun. İnsan sevdiyi işlə məşğul olanda yorulmaz. Sənətini, ixtisasını  dərindən öyrənər. Nəticədə kamil mütəxəssis olar.  Bunun üçün gənclər universitetlərdə ixtisasları özləri seçməlidir. Bu işə heç kəs, hatta valideyn belə müdaxilə etməsə yaxşıdır.

- Bəşəriyyətin inkişaf  bu meyarın işığında necə görünür?

- Bəşəriyyət bu meyarın qiymətinin  artması istiqamətində inkişaf edir. Yəni bəşəriyyət inkişaf etdikcə ümumi mənafe şəxsi mənafeni üstələyir. Bir də təkrar edirəm: ABŞ-la müqayisədə  Norveçdə ictimai mənafe şəxsi mənafedən daha çox qorunur. Bəşəriyyət üçün bu meyarın qiyməti təqribən 2,4 bərabərdir. Bu o deməkdir ki, bəşəriyyətin getdiyi yol getmədiyindən daha çoxdur. Bəşəriyyət getməli olduğu yolun iki payın gedib, təqribən bir payı qalıb. Yəni xoş gələcəyə tərəf gedirik...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO