- Nəvai bəy, dünyamızın bu qarmaqarışıq zamanında çəkdikləriniz nəyə bənzəyir? Çəkdikləriniz də qarışıbmı dünyamız kimi?
- Doğrudur, indi istər sənətdə, istərsə də siyasətdə kimin əlinin kimin cibində olduğu bilinmir. Sənət gerçək həyatın kətan üzərində, musiqi notlarında, şeir misralarında inikasıdır, əksidir. Müasir sənət də elə müasir dünyaya bənzəyir. Rəssamlar, ümumiyyətlə sənətçilər özləri də çaşıb-qalıblar. Bilmirlər yaxşı nədir, pis nədir. Dünən yaxşı bildiklərimiz bu gün pis kimi qələmə verilir. Bu da təbii ki, sənətə təsir edir, bəzən elə də olur ki, eyni sənətçinin bir neçə münasibətinə rast gəlirsən. Deyəsən ərəblərin atalar sözüdür “insan öz zəmanəsinə bənzəyir”x9d. Baxın, biz də indi tam eləyik, zəmanəmizə bənzəyirik. Bir az yaltaq, bir az qorxaq, bir az yalançı və çox az da doğru danışan... Bilirsinizmi niyə belədir?! Çünki yerimizdə deyilik. Rəhmətlik Qabilin məşhur misralarında deyildiyi kimi: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”x9d. Budur bizim bugünkü reallığımız. Ölkədə quruculuq işləri gedir və bu gözəldir, alqışlayıram. Amma bu dünyanı xilas edəcək bir yol var, o da sənət yoludur, sevgi yoludur. Bu gün siyasətçilərimiz deyir ki, Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Dindarlar da duasında Allaha yalvarır ki, Qarabağı qaytar. Bizə gəlincə isə, biz sənətçilər də elə bizik, özümüz kimi, özümüzə layiq.
- Nəvai bəy, burada sözünüzü kəsməyə məcbur olacağam. Nə sənət, hansı sənət? Dəyəri qəpikdən də dəyərsiz olmuş sənətmi? Dəyər vermədiyimiz bir nəsnə dünyamızı necə xilas edə bilər? Sənətin özünün xilasa ehtiyacı var axı...
- Baxın, elə ilk növbədə sənətə dəyəri artırmaq lazımdır ki, sənət özünü göstərə bilsin, sözünü deyə bilsin. Bu günkü durumumuza baxaq, hansısa bir rəssam respublikadan kənara çıxır ki, öz əsərləriylə canından çox sevdiyi ölkəsini tanıtsın, incəsənətini yaysın. Ancaq di gəl ki, hər apardığı əsər üçün dövlətə 15 manat məbləğində pul ödəməldir. Dəhşət burasındadır! Rəssam qəpiyi qəpiyə calayır ki, boya ala bilsin, əsər yaratsın və sonda da o əsri dünyaya çıxarmaq üçün dövlətə pul ödəsin. Həqiqətənmi Azərbaycan dövləti rəssamın 15 manatına möhtacdır?! Şəxsən mən buna inanmıram. Təsəvvür edin ki, axı bir rəssam sərgiyə bir əsərlə getmir axı, azı 30-40 əsər aparır. Və bu rəqəm də rəssamın faciəsinə çevrilir. Təkrar deyirəm ki, dövlətin belə qərar verdiyinə inanmıram. Bu ancaq kiminsə mənafei ilə üst-üstə düşə bilər.
- Bir sənət adamı olaraq sənətin xilasını nədə görürsünüz? Nə edə bilərik ki, həm sənət xilas olsun, həm də sənətin xilas edəcəyi bəşəriyyət?
- Sənətin bəşəriyyəti xilas etməsi üçün əvvəlcə bəşər övladı sənətə diqqətini artırmalıdır. Sənətkar fərqli həyat tərzi yaşamalıdır, onun missiyası tam fərqlidir. Gündəlik həyatda, küçədə elə bir şey ola bilər ki, sıravi adam üçün adi hal olsun, amma sənətçi o andan təsirlənər, əsər yaradar, o pozitiv hadisəyə qarşı insanlarda nifrət hissi, mübarizə əzmi yarada bilər. Ümumi götürsək bütün dövrlərdə sənətkarlar zülm zillətlə yaşamış adamlardır. Bu normaldır, amma inanmıram ki, nə vaxtsa bugünkü kimi ola bilər. Bu gun sənətçiyə təcavüz var desəm daha doğru olar. Onu da deyim ki, bu təkcə Azərbaycana xas xüsusiyyətlər deyil. Təəssüflər olsun ki, bütün dünyada eyni proses gedir. Türkiyə təmsilçisi olduğum üçün deyə bilərəm ki, orda da vəziyyət eynidir. Avropada da belədir, ərəbləri demirəm heç, çünki orada heç vaxt sənət olmayıb. Təəssüf ki, Avropa da eyni faciəni yaşayır. Sənətın məhvi mollanın oğurluğa getməyi kimi bir şeydir, səsi sonra çıxacaq, 20-30 il sonra. Onda da artıq heç dönüş yeri qalmayacaq. İnsanları sənətdən uzaqlaşdırmaq işin ikinci tərəfidir, birinci tərəfi mənəviyatdan uzaqlaşdırır. Mənəvi dəyərlərdən bir az uzaqlaşan dünyamızda baxın nələr baş verir. Terror, münaqişə, savaş, qırğın haraya qədər olar?! Bunu dayandırmaq üçün, ancaq insanlarda mənəvi, insani dəyərləri inkişaf etdirmək, onlara sevgi və barış hissləri aşılamaq lazımdır. Bir misal çəkəcəm, deyək ki, bir idmançı məşq edib hazırlaşıb, öyrəndiyi hərəkətləri də hardasa göstərməlidi ya yox?! Göstərir və vurub birinin burnunu qırır. Bir silah istehsalçısı istehsal etdiyi silahı hardasa sınaqdan keçirməlidi ya yox?! Keçirir və bir şəhəri yox edir. Bu misalları uzatmaq da olar. İndi baxaq sənətçi neynir, rəssam kiminsə şəklini çəkir, musiqiçi gitarasını çalıb könülləri oxşayır, aktyor səhnədə düşündürür, bütün bunlar gözəldir, çox gözəl.
- Barış, sevgi missiyasını kimlər öhdəsinə götürməlidir bəs? Yurdundan didərgin salınmış, bir qarın ac, bir qarın tox yaşayan, bu ölkədən o ölkəyə qaçan, illərdir əsirlikdə inləyən, ailəsini, övladını itirən insanlarmı?
- Bu missiya ancaq sənət adamlarına aiddir. Onu da deyim ki, beynəlmiləlçi sənət adamları, amma beynəlmiləlçiliyi millətçilikdən keçən sənət adamları. Öz millətini, mənsub olduğun xalqı sevmədən başqa millətləri sevmək olmaz. Sənətçi bu missiyanı üzərinə o zaman götürür ki, ona bəşər övladı diqqət göstərir, onun dəyərini anlayır. O zaman sənətçi də öz sözünü deyə bilər.
- Bu missiyanı üzərinə götürmüş bir neçə təmənnasız qurumlar tanıyıram. Və elə biri də sizin Azərbaycan təmsilçisi olduğunuz UASB-dir. Orada işlər necədir? Sevgi adına barış adına yola çıxmış sənətçilər bezməyib ki? Davammı, yoxsa tamammı deyir UASB-çilər?
- Bəli, barış, sevgi missiyası ilə yola çıxmış bir neçə beynəlxalq qurumun üzvüyəm. Femin ART, UASB, USSB və başqaları, amma adını çəkdiyiniz UASB-nin təmsilçisi olduğum üçün onun haqqında daha geniş danışa bilərəm. Bu birlik dünyada sülhün bərqərar olması üçün əlindən gələni edir, kütləvi tədbirlər keçirir, festivallar, yürüşlər təşkil edir. Və bu 15 ildə öz sözünü demiş bir birlikdir, nə xoş mənə ki, bu birliyin təmsilçisiyəm. Türkiyə Türklərinin “Çorbada duzumuz, yeməyə üzümüz”x9d - deyə bir məsəli var. Baxın, o duz dənəsi kimi orda biz də varıqsa nə gözəldir. Təmsilçilik olaraq biz də əlimizdən gələni edirik, amma bacardığımız qədər, imkanımız daxilində. Birlik üzvlərinin fədakarlığı da bizə dəstək olur, əgər bir qarışqa yanğına ağzında dayışıya bildiyi qədər su atırsa, biz də o qarışqa obrazındayıq. Orda olduğumuzdan məmnunuq, bununla sevgimizi bildiririk, yanan dünyaya su atırıq, kömək etmək istəyirik.
- Bu yaxınlarda UASB adına Azərbaycanda yeni bir layihəyə başladınız. Bu layihə də sevgi və barışdan yanaydımı? Yoxsa ki, sırf yurdumuzun tərənnümünə həsr edilmişdi?
- “Yurdumuzu qarış-qarış gəzək”x9d sloqanı altında layihəyə başladıq. Məqsədimiz Azərbaycanın bölgələrini gəzərək göz oxşayan mənzərələrini tabloya köçürmək idi. Düşündük ki, sonda da çəkilmiş rəsmlərdən ibarət xeyriyyə məqsədi ilə bir satış sərgisi təşkil edərik. Layihədə məqsəd sırf vətənimizə olan sevgidən qaynaqlanıb təbii ki. Belə bir təşəbbüsü irəli sürdüyümdə bu qədər geniş rezonansa səbəb olacağını düşünsəm də, ümidim az idi. Amma qısa zamanda sənətçilər arasında mövzuya çevrildi, müzakirə obyekti oldu. Bu da təbii ki, bizi çox sevindirir, orada iştirak edən sənətçilərə ilham verir. Kaş ki, Göygöldə sənətçilərimizi soyuqda, qarda görəydiniz, onlara fədailər deyirəm. Həvəslə çalışırdılar, sevinirdilər, qışda etüdə çıxmaq, soyuğa dözmək hər bir sənətçiyə xas xüsusiyyət deyil.
Onu da deyim ki, UASB təmsilçisi olaraq ideya mənim olsa da, artıq bu tədbirə Femin ART üzvləri ilə da qoşulub. Belə qərara gəldik ki, qurupun adını dəyişək və AKTİV RƏSSAMLAR QURUPU kimi fəaliyətimiz davam etdirək, kiminsə kimdənsə üstünlüyü olmasın.
- Layihə çərçivəsində hansı tədbirləri həyata keçirmisiniz?
- İndiyəcən 5 səfərimiz reallaşıb. Hər dəfə getdiyimiz səfərdə iştirakçıların müzakirəsindən sonra növbəti səfərimizin ünvanı bəlli olur. Bu dəfə səfərimiz Xızı dağlarına idi. İştirakçılar ruh yüksəkliyi nümayiş etdirilər, hər səfərimizə həvəslə hazırlaşırlar. İnanıram ki, “YURDUMUZU QARIŞ QARIŞ GƏZƏK”x9d sloqanı ilə keçirdiyimiz bu tədbirlər uzun müddət danışılacaq, müzakirə olunacaq.
- Sənət adamlarına son olaraq nə deyərdiniz?
- Bütün sənətçilərə bircə sözüm var, dünyanı xilas etmək üçün sevgi, barış qazanına bir çimdik duz atsınlar. Yoxsa dünya məhv olacaq. Yaşasın sənət, yaşasın sevgi, yaşasın barış!
Rumiyyə MİRASLAN


































































































