Bu şəhər dünyanın ən təhlükəli, qorxulu, qəddar şəhəridir. Rəsmi statistikaya görə, həmin şəhərdə gündə 3 nəfər qətlə yetirilir. Bu, Hondurasdakı San Pedro-Sula şəhəridir. İqtisadiyyatın çox zəif, korrupsiya və mütəşəkkil cinayətkarlığın həddən çox olduğu bu şəhərdə insan həyatı az qala heçə sayılır.
El Mundo-ya istinadən bildirilir ki, sakinlərinin 2/3-i ifrat yoxsulluq səviyyəsində yaşayan San Pedro Sula narkokartellərin və mütəşəkkil cinayətkar qruplaşmaların «at oynatdığı» məkandır. Küçələr polis və hərbçilərlə dolu olsa da, narkobandalar burada istədiklərini edirlər.
Morqlar güllələnmiş insan cəsədləri ilə, xəstəxanalar ağır yaralılarla doludur.
Beynəlxalq təşkilatlar San Pedro Sulanı dünyanın ən qəddar və qorxulu şəhəri sayırlar.
Hondurasda polisin peşəkar hazırlıq səviyyəsinin artırılması üçün ABŞ-ın hər il milyonlarla dollarlıq yardımlarına rəğmən ölkədə "ölüm eskadronları" ilə bağlı şikayətlərin sayı fasiləsiz artır.
Paytaxt Tequsiqalpa ilə yanaşı, San Pedro Suladakı qətl, qarət və oğurluqların qarşısını almaqda Honduras polisi sanki aciz qalıb.
Polisin rüşvətxorluğu və zəifliyi, yoxsulluq, narkokartellərin özlərini çox rahat hiss etməsi nəticəsində şəhərdə axan qanlar səngimir. Ötən il ərzində San Pedro-Sulada 1218 qətl olub. Hətta, şəhərdə polis də qatillik edir. Lakin polisin dinc insanları öldürməsi ilə bağlı bir hadisə belə araşdırılmayıb və kimsə də cəzalandırılmayıb.
«Dünyanın ən qorxulu, təhlükəli şəhərləri» reytinqinin ilk onluğu isə belədir:
1. San Pedro-Sula (Honduras)
2. Akapulko (Meksika)
3. Karakas (Venesuela)
4. Mərkəzi məhəllə (Honduras)
5. Torreon (Meksika)
6. Maseyo (Braziliya)
7. Kali (Kolumbiya)
8. Nuevo-Laredo (Meksika)
9. Barkisimeto (Venesuela)
10. Joao Pessoa (Braziliya) (kayzen.az)
































































































