Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında növbəti müayinə aksiyasına başlanılıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Mobil Diaqnostika Kompleksinin müasir aparatlarla təchiz olunmuş səyyar maşınlarında xüsusi ixtisaslı həkim briqadası kitabxananın qadın personalını onkoloji müayinədən keçirib.
MEK-in İctimai səhiyyə şöbəsinin müdiri Gülruba Aslanova bildirib ki, aksiya kitabxananın işçi heyətini tibbi maarifləndirmə ilə yanaşı, xərçəng xəstəliyinin profilaktikası və xərçəngyönlü xəstəliklərin vaxtında aşkarlanması üçün ultrasəs, mamoqrafik müayinə aparmaq, habelə qadınlarda süd vəzi xəstəlikləri və şişlərin əlamətlərini vaxtında müəyyənləşdirmək məqsədi daşıyır.
Gün ərzində müayinələr uğurla davam etdirilib və aksiya iştirakçıları təcrübəli onkoloqlardan konsultativ-diaqnostik məsləhətlər alıb.
2 gün davam edəcək aksiyada həkim briqadası MEK-in əməkdaşlarına profilaktik yardım göstərəcək. Müayinə zamanı hər hansı bir xəstəlik aşkar olunarsa xəstə qeydiyyata alınaraq Milli Onlologiya Mərkəzində pulsuz ambulator və ya stasionar müalicəyə cəlb olunacaq.




























































































