Məlum olduğu kimi, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gələcək. Rusiyanın Ukraynada seperatçılara dəstəyi davam etdirdiyi, Xəzər dənizinin hərbiləşdirməsini sürətlə davam etdirdiyi indiki dönəmdə belə bir səfərin reallaşması ekspertlər tərəfindən birmənalı qarşılanmış deyil.
Şoyqunun
səfəri ilə bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya
müdafiə nazirinin səfərinin kifayət qədər müəmmalı olduğunu vurğuladı:
“Rusiyanın
müdafiə naziri Sergey Şoyqununu Bakıya rəsmi səfəri müəammalıdır. Çünki Azərbaycanla
Rusiya arasında hərbi əməkdaşlıq əsasən bizim bu ölkədən silah alışı ilə
bağlıdır. Hərbi sursat və hərbi texnikanın alqı-satqı məsələlərinə isə Sergey
Şoyqu yox, Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozinin səlahiyyət
dairəsindədir. Təsadüfi deyil ki, Roqozin Bakını su yoluna döndərib və o Azərbaycanla
hərbi əməkdaşlıqdan məmnundur. Görünür, Şoyqunun səfərinin məqsədi fərqlidir.
Rusiya müdafiə nazirinin Bakıya səfəri çərçivəsində iki ölkənin Müdafiə
Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.
Ancaq səfərin yalnız bu sazişlə kifayətlənəcəyini düşünmürəm. Ümid edirəm ki,
Bakıda onunla ciddi söhbət aparılacaq”.
Politoloqun
sözlərinə görə, Azərbaycan tərəfi Şoyqunun bu səfərindən istifadə edərək ölkəmizdə
narahatlıqla qarşılanan məsələləri onun diqqətinə çatdırmalı, xüsusilə də
Rusiya-Ermənistan birgə hərbi təlimlərinə toxunmalıdır:
“Birincisi,
rəsmi Bakı Rusiya-Ermənistan birgə hərbi təlimlərindən narahatlığını Şoyqunun
diqqətinə çatdırmalıdır. Əgər Rusiya Azərbaycanı özünə yaxın tərəfdaş sayırsa,
bu artan hərbi təlimlər kimə qarşıdır? Avqustun əvvəlində Rusiya prezidenti
Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərini Soçiyə dəvət edərək, tərəfləri
müharibədən çəkindirdi. Həqiqətən həmin görüşdən sonra kiçik istisnalar
xaricində cəbhə bölgəsində yenidən atəşkəsə riayət olunur. Ancaq həmin görüşdən
sonra Rusiya qısa zaman kəsiyində Ermənistanla iki hərbi təlim keçirib, birinə
də yaxın günlərdə start verəcək. Bunun qarşılığında da Azərbaycan strateji müttəfiqi
Türkiyə ilə geniş hərbi təlimlər keçirmək məcburiyyətində qaldı”.
Ekspertin
fikrincə, əgər Rusiya-Ermənistan hərbi təlimləri bunca intensive xarakter
daşımasaydı, o zaman Azərbaycan-Türkiyə birgə təlimlərinin də reallaşmaması
mümkün idi:
“Fikrimcə,
əgər Rusiya belə tez-tez Ermənistanla hərbi təlimlər keçirməsəydi, bəlkə də Azərbaycan
Türkiyə ilə genişmiqyaslı hərbi təlimlərə ehtiyac durmazdı. Başqa sözlə Cənubi
Qafqazda militarlaşmanın əsas səbəbkarı Rusiyadır. Ona görə Şoyqu bizi narahat
edən bu məsələlərə aydınlıq gətirməlidir. Yox əgər o gəlib saziş imzalayıb gedəcəksə
və Bakıda onunla ciddi söhbət aparılmayacaqsa, bu səfərin ciddi əhəmiyyəti
olmayacaq. Moskva anlamalıdır ki, biz Rusiyanın Ermənistanın hərbi imkanlarını
artırmasından narahatıq. Azərbaycanla hərtərəfli əməkdaşlığıa ümid edən Moskva
Ermənistan siyasətinə korrektə etməyəcəksə, işğal faktını ortadan
qaldırmayacaqsa, Rusiya-Azərbaycan əməkdaşlığı perspektivi dumanlı olacaq”.
E.Şahinoğlu
Şoyqunun Kreml və Putin üçün əhəmiyyətinə də diqqət çəkdi:
“Bu mənada
Sergey Şoyqunun kimliyinə də diqqət yetirmək lazımdır. Bu şəxs Putinin ən yaxın
adamıdır. İkinci bir tərəfdən Rusiyada əsas söz sahibi məhz hərbi-sənaye
kompleksi və bu sahəyə cabahdeh olan şəxslərdir. Yaxşı xatırlayıram, 1999-cu
ildə ATƏT-in İstanbul sammitində jurnalist kimi iştirak edirdim. Xəbər tutdum
ki, konfrans zallarından birində Rusiyanın o zamankı fövqəladə hallar naziri
Sergey Şoyqu mətbuat konfransı keçirir. Qatıldım konfransa. Çeçenistan müharibəsinin
ən şiddətli dövrü idi. Şoyqu da terrorçulardan danışırdı. Mövzu ilə bağlı sual
vermişdim ki, Şoyqu barmağını mənə uzadaraq "çeçen terrorçularına Sizin
ölkəniz də dəstək verir" ittihamını səsləndirdi. Ardınca "sübutunuz
varmı" deyə qarşılıq verdim, cavab gəlmədi. İndi həmin Şoyqu müdafiə
naziri vəzifəsində ittiham etdiyi ölkəyə səfərə gəlir. İmkanım olsaydı bu dəfə
ona belə sual verərdim:
"Azərbaycanı vaxtilə ittiham edirdiniz
ki, çeçenlərə yardım edir, bəs indi Ukraynanın şərqində separatçılara dəstək
verən kimdir?" Eyni sualı Ermənistanla hərbi əməkdaşlıq məsələsinə də aid
edərdim. Rusiyanın İran, Türkiyə və Azərbaycanla münasibətlərində bir problem
yoxdursa, Rusiya Ermənistanı nədən barıt çəlləyinə çevirir?”
Seymur
Əliyev



































































































