“Əli Gülalıyevlə bağlı baş verənlər siyasi mahiyyət daşıyır”

“Əli Gülalıyevlə bağlı baş verənlər siyasi mahiyyət daşıyır”

Hazırda oxunan: “Əli Gülalıyevlə bağlı baş verənlər siyasi mahiyyət daşıyır”

55181

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Şuranın mətbuat xidmətinin rəhbəri, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevlə bağlı Xətai Rayon Məhkəməsində aparılan məhkəmə prosesi davam edir. Sentyabrın 23-də növbəti məhkəmə prosesi keçiriləcək.

Məlumat üçün qeyd edək ki, O.Gülalıyevin azyaşlı övladı Əli Gülalıyev xuliqanlıqda ittiham olunur. O, 2013-cü ilin sentyabrında təhsil aldığı 165 saylı məktəbdə davada iştirakda təqsirləndirilir. O.Gülalıyev isə hesab edir ki, həmin davada ciddi xəsarət alan Ə.Gülalıyevin təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb edilməsi baş verənlərin siyasi sifariş olduğunu göstərir.

 

“Oqtay Gülalıyevin övladına qarşı irəli sürülən ittiham absurddur”

 

Məsələyə münasibət bildirən siyasilərin, vətəndaş cəmiyyəti təmsilçilərinin bir çoxu baş verənlərin O.Gülalıyevin siyasi fəaliyyəti ilə bağlı olduğunu və “yuxarıların” məlum olaydan hüquq müdafiəçisinə təzyiq məqsədilə istifadə etdiyi qənaətindədir. Onların fikrincə, hakimiyyət O.Gülalıyevin hüquq müdafiəçisi və siyasi fəal kimi aktivliyini neytrallaşdırmaq, onu öz mövqeyindən geri çəkilməyə vadar etmək üçün Milli Şra üzvünə övladı vasitəsi ilə təzyiq göstərməyi daha məqsədəuyğun hesab edir.

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən sabiq millət vəkili, Milli Şura üzvü Gültəkin Hacıbəyli də baş verənlərin O.Gülalıyevin siyasi fəaliyyətindən qaynaqlandığı qənaətindədir. G.Hacıbəylinin sözlərinə görə, baş verənlərin arxasında siyasi motivin dayandığı aydındır və bunun  məxsusi şərhə ehtiyacı yoxdur:  

“Baş verənlərin siyasi mahiyyət daşıdığı birmənalıdır. O.Gülalıyevin övladına qarşı irəli sürülən ittihamlar əsassız və absurddur. Əslində Oqtay müəllimin özünə qarşı hücum olmuşdu. Ona çox ciddi xəsarət yetirilmişdi. Ə.Gülalıyev bıçaqlanmışdı və bu gün də onu bıçaqlayan şəxslər müəyyənləşdirilməyib. Həmin şəxslər məsuliyyətə cəlb edilməyib. Oqtay bəyin oğluna dəyən ziyan ödənilməyib.  Bütün bunlar həyata keçirilmədiyi təqdirdə  Oqtay müəllimin övladına saxta ittihamla ”“məktəbdə uşaqlarla dava etməkdə, yəni xuliqanlıq hərəkətləri törətməkdə ittiham edirlər”.

 

“Məktəbdə uşaqlar arasında dava qeyri-adi hərəkət deyil”

 

Sabiq millət vəkilinin qənaətincə, Ə.Gülalıyevlə bağlı baş verən olayın Bakı Şəhər Baş Polis İdarəsi səviyyəsinə qaldırılmasının özü də absurddur:  

“Birincisi, məktəbdə uşaqlar arasında dava qeyri-adi hərəkət deyil. Əgər bu hadisə baş veribsə belə buna ilk növbədə məktəbin pedaqoji kollektivi, məktəbin müdriyyəti müdaxilə edir.  Əgər bu davalar ictimai asayiş üçün ciddi təhlükəyə çevrilirsə, o zaman sahə müvəkkilinə müraciət olunur. Yəni məktəbdə şagirdlər arasında dava olanda ilk növbədə bu addımlar həyata keçirilir. Oqtay bəyin oğluyla bağlı məsələdə belə bunların heç biri həyata keçirilməyib. Məktəbdə heç bir araşdırma aparılmadı. Heç sahə müvəkkili də problemin həllinə cəlb edilmədi. Birdən-birə Bakı Şəhər Baş Polis İdarəsinə Oqtay bəyi dəvət etdilər və ona övladının xuliqanlıq hərəkəti törətməsi ilə bağlı məlumat verirlər”.

 

“Baş verənlər Oqtay bəyin siyasi fəaliyyətinə bir cavabdır”

 

O.Gülalıyevin öz siyasi fəaliyyəti, habelə yüksək insani keyfiyyətləri ilə cəmiyyətdə böyük hörmət və ehtiram qazandığına diqqət çəkən G.Hacıbəyli, hüquq müdafiəçisinin övladının da öz mədəniyyəti və əxlaqı ilə müsbət mənada diqqət çəkdiyini vurğuladı:

“Mən hesab edirəm ki, bütün bunlar Oqtay bəyin siyasi fəaliyyəti ilə bağlı ona edilən təzyiqdir. Oqtay bəy çox mənəviyyatlı, əxlaqlı, mədəni bir insandır. Məhz buna görə də onu həm Milli Şura üzvləri, həm vətəndaş cəmiyyəti tənmsilçiləri ona yüksək dəyər verir, yüksək səviyyədə qiymətləndirirlər. Oqtay bəyin oğlu da çox mədəni bir uşaqdır. Düşünürəm ki, bu təzyiq Oqtay bəyin siyasi fəaliyyətinə bir cavabdır”.

 

“Oqtay Gülalıyevi bu cür təzyiqlərlə sıradan çıxartmaq mümkün deyil”

 

Sonuncu məhkəmə prosesində iştirak etdiyini bildirən G.Hacıbəyli, qarşı tərəfin öz iddiasından imtina edəcəyinə ümidvar olduğunu qeyd etdi:

“Mən sonuncu məhkəmə prosesində iştirak etdim. Prosesdə zərərçəkən tərəf iştirak etmirdi, necə ki, bundna öncəki prosesə də gəlməmişdi. Lakin buna baxmayaraq hazırlıq iclası baş tutdu. Bu prosesə də zərərçəkən tərəf gəlməmişdi. Hər şeydən görünür ki, əslində heç kim bu hadisədən zərər çəkməyib. Mən ümid edirəm ki, Oqtay bəyə qarşı bu addımı atan, onu azyaşlı övladı, 17 yaşlı uşağı ilə sınağa çəkən insanlarda az da olsa sağlam məntiq baş qaldıracaq və bu mənasız iddianı geri çəkəcəklər”.

G.Hacıbəylinin sözlərinə görə, O.Gülalıyevi bu cür vasitələrlə geri çəkilməyə vadar etmək mümkün deyil və əgər kimsə buna ümid edirsə, öz gözləntilərində yanıldığını tezliklə anlayacaqdır:

“Oqtay bəyi bu cür təzyiqlərlə sıradan çıxartmaq mümkün deyil. Onu bununla Milli Şuradan uzaqlaşdırmaq imkansızdır. Ikincisi, öz övladı olan, öz övladını düşünən insan gərək başqalalarının övladına qarşı bu qədər vicdansızlığa yol verməsin. Mənim düşüncəm bundan ibarətdir”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO