Erməni lobbisinin əsas fəaliyyəti Türkiyə və Azərbaycana qarşı nifrət hissi oyatmaqla, əslində beynəlxalq ictimaiyyətin diqqətində Ermənistanın Azərbaycanda törətdiyi cinayətlərdən yayındırmaqdır.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində kifayət qədər formalaşmış erməni lobbisi fəaliyyət göstərir ki, bunların da əsas fəaliyyətinin mahiyyəti qisas üzərində qurulub:
“Belə ki, onlar əsasən Türkiyəyə və Azərbaycana qarşı nifrət hissi oyadan təbliğatla məşğuldurlar. Bu yolla da onlar Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini, Xocalı soyqırımını və digər cinayətlərini pərdələmək istəyirlər. Ona görə də həm Azərbaycan, həm də Türkiyə səylərini birləşdirərək dünya ictimaiyyətini ermənilərin törətdiyi cinayətlərə cəlb etməlidirlər”
Millət vəkili hesab edir ki, ermənilərin apardığı təbliğatın heç bir nəticəsi olmayacaq:
“Çünki dünyanın bir sıra aparıcı ölkələri tarixi tarixçilərin öhdəsinə buraxmağı məsləhət görürlər. Zənnimcə, hal-hazırda beynəlxalq ictimaiyətin diqqətini həll edilməmiş münaqişələrə yönəltmək lazımdır. 21-ci əsrdə beynəlxalq ictimaiyyətin əsas müzakirə predmeti həll olunmamış münaqişələrin həlli yolu olmalıdır. Bu məsələdə Azərbaycan öz fəaliyyətini genişləndirməli və türk diaspor təşkilatlarının yardımından istifadə edib erməni yalanının qarşısını almaq, “Xocalıya ədalət” kampaniyasının miqyasını genişləndirib dünya ictimaiyyətini 20-ci əsrin sonunda baş vermiş bu dəhşətli faciə haqqında məlumarlandırılmalıdır.”
Amerikadakı erməni lobbisinin fəaliyyətinə toxunan A. Mollazadə bildirdi ki, artıq bir sıra hallarda erməni lobbisi ABŞ-ın milli maraqlarına qarşı çıxırlar və bu siyasətin əleyhinə fəaliyyət göstətirilər və biz çalışıb onların bu fəaliyyətini ifşa etməliyik.
































































































