Direktor müavini başçının qəzəbinə gəldi...

Direktor müavini başçının qəzəbinə gəldi...

Hazırda oxunan: Direktor müavini başçının qəzəbinə gəldi...

44192
Moderator.az-a Ağcabədidən ilginc məlumat daxil olub. Belə ki, rayonun Avşar kənd sakini Quliyev Qulu İnqilab oğlu saytımıza zəng edərək icra başçısı Şahin Məmmədovun qəzəbinə gəldiyini və qanunsuz olaraq işdən kənarlaşdırıldığını bildirir:
“Şəhər 6 saylı orta məktəbdə direktor müavini işləyirəm. Martın 27-də başçının birinci müavini Rövşən Əhmədov məni çağıraraq guya rayondan ölkə mətbuatına informasiyalar ötürdüyümlə bağlı onlarda məlumat olduğunu bildirdi, başçının göstərişiylə işdən azad olunduğumu dedi. Mən onun bu iddialarını qətiyyətlə rədd edərək əsassız olduğunu desəm də xeyiri olmadı və bununla kifayətlənməyib məni hədələdi. Mən də götürüb cənab prezidentə teleqram vuraraq başıma gələnləri və icra başçısının məni təqib etdiyini bildirdim. Aprelin 1-də icra başçısı Şahin Məmmədovun göstərişi əsasında Rayon Təhsil Şöbəsinin müdiri və humanitar məsələlər üzrə başçının müavini mənim “torbamı tikmək” üçün səfərbər edildilər və guya mənim 3 gün işə gəlməməyimə görə işdən kənarlaşdırdılar. Halbuki mən həmin vaxt, yəni 28 martdan 2 aprelədək xəstəliyimlə əlaqədar ambulator müalicədə olmuşam və bunu təsdiq edən bülletenim də əlimdədir. Amma buna məhəl qoyan olmadı və aprelin 3-də başçının göstərişiylə işdən çıxarıldım. Mən saytınız vasitəsilə təhsil naziri Mikayıl Cabbarova və prezident İlham Əliyevə bir daha müraciət edirək rayonda baş verən bu məmur özbaşınalığına qarşı tədbir görülməsini xahiş edirəm.”
Redaksiyadan: Biz şikayətçinin nə dərəcədə haqlı olduğunu dəqiq bilmirik. Ancaq bircə ona əminik ki, əyalətlərdəki məmurlar, icra strukturlarının rəhbərləri mərkəzi icra hakimiyyətindəki məmurlardan xalqa qarşı daha qaba rəftarlarıyla seçilirlər və sözün həqiqi mənasında rayonlarda at oynadırlar. Əhali də dəfələrlə başda prezident olmaqla müvafiq instansiyalara teleqram vuraraq dərdini bildirsə də əhəmiyyət verən olmur, ona görə də əlacsız qalıb mətbuata üz tuturlar, onda da olurlar pis kişi, hətta vətən xaini...
Biz dəfələrlə qeyd etmişik ki, təhsil naziri Mikayıl Cabbarovun ədalətinə və prinsipiallığına güvənirik və bu məsələdə də inanırıq ki, lazımi ölçü götürüləcək, direktor müavini qanunsuz işdən kənarlaşdırılıbsa yerinə bərpa ediləcək. 
Mövzunu diqqətdə saxlayacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO