Mikayıl Cabbarov mövqelərini möhkəmləndirməyə gələn ildən başlayacaq

Mikayıl Cabbarov mövqelərini möhkəmləndirməyə gələn ildən başlayacaq

Hazırda oxunan: Mikayıl Cabbarov mövqelərini möhkəmləndirməyə gələn ildən başlayacaq

35290
  Keçmiş təhsil naziri Misir Mərdanovla TQDK sədri Məleykə Abbaszadənin bir-birilə yola getməməsindən hamıdan çox Bakı Şəhər İcra hakimiyyəti başçısı Hacıbala Abutalıbov qazanmışdı. Belə ki, bir-bir mövqelərini itirən Misir Mərdanov məktəblərin təmirini və məktəbəqədər təhsil müəssisələrinə nəzarəti də əldən vermişdi.  Yeni nazir təyinatından sonra belə iddialar ortaya çıxmağa başladı ki, Misir Mərdanovun dönəmində Təhsil Nazirliyindən alınan bütün funksiyalar geri qaytarılacaq. Ancaq hələlik bu istiqamətdə real addımların atıldığı görsənmir və istər TQDK, istərsə də meriya “qapazladığı” mövqeləri geri verməmək üçün hətta savaşmağa da hazır təsir bağışlayırlar... Ancaq Moderator.az-ın əldə etdiyi məlumatlara görə ən geci gələn il yanvarın birindən gözdən-könüldən uzaq düşmüş bir mühüm sahənin Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi istiqamətində iş aparılır, hətta təklifin prezidentlə razılaşdırıldığı da deyilir, sadəcə əldən-ələ keçmənin texniki məsələləri üzərində dəqiqləşdirmə aparılır. Belə ki, “Məktəbli və Tələbə İaşəsi” ASC gələn ildən Təhsil Nazirliyinin tabeçiliyinə veriləcək. Nazirlikdə və paytaxtın yüzlərlə orta-ümumtəhsil məktəblərində bunu ədalətin bərpası hesab edirlər. Belə ki, adıçəkilən ASC paytaxtdakı bütün orta məktəb, kollec və ali təhsil ocaqlarındakı bufetlərə nəzarəti həyata keçirsə də yerləşdiyi məkanın büdcəsinə bir qəpik də keçirmir. Məktəb direktorları və rektorlar da az qala üsyan edir ki, niyə cəfasını çəkdiyimiz bir işin səfasını başqaları görsün. Ya zəhmət çəkib müvafiq təhsil müəssisəsi ilə müqavilə bağlayıb qazancın müəyyən qismini bizim hesabımıza köçürsünlər ki, öz hesabımıza müəyyən mədəni-kütləvi tədbirlər keçirərkən zorlanmayaq, ya da bufetləri özümüz işlədək, Əks halda hansısa bir şagirdin və ya tələbənin nahardan sonra hətta soyuqdəymədən ürəyi bulananda hamı direktorun yaxasından yapışır. Halbuki direktorun özünü az qala həmin bufetə buraxmırlar. Əgər məktəbdə sanitar-gigiyenik normalara nəzarətin məsuliyyətini qanunvericiliyə görə direktorlar çəkirsə, nəzarəti də məhz direktorlar həyata keçirməlidir.”  Moderator.az uzun-uzadı araşdırma apararaq əslində o qədər də diqqət çəkməyən bu “yağlı” işi həyata keçirən “Məktəbli və Tələbə İaşəsi” ASC-yə hansı irikalibrli məmurun nəzarət etdiyini öyrənməyə çalışıb. Cəmiyyətin sədri vəzifəsini faktiki olaraq  İlham Hacıyev həyata keçirsə də bir neçə mənbə bu sahənin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında olduğunu bildirdi. Əlbəttə, Azərbaycanın mövcud qanunvericiliyi elədir ki, sabah Abid Şərifov lap bizi məhkəməyə də verə bilər ki, baxın görün mənim adım harda keçir. Təbii ki, Abid Şərifov daş atıb başını tutar ki, bu iddialar yalandır. Amma Azərbaycan reallığı belədir ki, bu gün məmurlarımızın adına nəinki bir toyuq hini, heç velosiped də yoxdur. Amma onların hansı mal-mülkə, kapitala sahib olduğunu bütün dünya bilir. Əlbəttə, biz birmənalı olaraq iddia etmirik ki, qənaətimiz tam həqiqətdir, ancaq hərdən “od yanmasa tüstü çıxmaz” məntiqinə də inanmaq lazım...      
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO