«Firon əhlini isə şiddətli əzab sardı. Onlar (ölən gündən Qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon əhlini ən şiddətli əzaba salın» (Qurani-Kərim, əl-Mumin, 45-46).
QƏBİR ALƏMİ- QƏBİRDƏ BİZİ NƏLƏR GÖZLƏYİR?..
Ölümdən sonra baş verəcək hər bir şeyə iman etmək və bütün bunların da axirətə imanın içərisinə daxil olduğuna inanmaq... O baxımdan möminlər qəbr fitnəsinə (sualına) qəbrdə olan əzab və nemətlərə inanırlar. Qəbr fitnəsinə gəlincə insanlar qəbrlərində sorğu-sual olunacaqlar: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?». Allaha iman edənlər dünya həyatında da, axirət həyatında da bu suallara cavab vermək üçün sabit olurlar. «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabit-qədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər». (İbrahim 27).
O baxımdan da mömin: «Rəbbim Allah! Dinim İslam! Peyğəmbərim Məhəmməd – sallallahu aleyhi və səlləm – dir!» deyə cavab verəcəkdir. Uca Allah zalimləri və kafirləri azdıracaqdır. Onlar «Mmmm …. Bilmirəm?!» deyəcəklər. Münafiqlər və bu xüsusda şübhə içində olan kimsələr isə: «mən bilmirəm, insanların nə isə söylədiklərini eşidirdim» deyəcəklər. Bu suallardan sonra ya nemət vardır, ya da əzab. Bu da böyük qiyamət qopacağı vaxta qədər davam edəcəkdir. Allah müşrik və kafirlər haqqında buyurur: «Nəhayət, müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qaldıqları bərzəx aləmi) vardır». (əl-Muminun 100). Kaş sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb onlara "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" deyəndə görəydin». (əl-Ənam 93).
Allah Firon əhli haqqında buyurur: «Firon əhlini isə şiddətli əzab sardı. Onlar (ölən gündən qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biri vəfat etdikdə səhər və axşam ona düşəcəyi yer göstərilir. O kimsə Cənnət əhlindəndirsə Cənnət. O kimsə Cəhənnəm əhlindəndirsə, Cəhənnəm göstərilir və ona: «Bura sənin yerindir, qiyamət günü Allah səni öz yerinə göndərəcəkdir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul qəbrə qoyulub və yaxınları dönüb geri getdikləri zaman, ölü onların gedərkən ayaq səslərini eşidir. Onun yanına iki mələk gəlir. Onlar ölünü oturdub ona: «Sən Məhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» Möminə gəlincə: «Onun Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona: «Cəhənnəmdəki yerinə bax! Allah onun yerinə Cənnətdən sənə bir yer verdi və mömin hər iki yeri birdən görür». Başqa rəvayətdə: «Möminin qəbri yetmiş arşın genişlənir. Münafiq ilə kafir gəlincə ona da: «Sən Məhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» O da: «Bilmirəm, mən insanların dediklərini təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki, fəryadını (qışqırığını) insanlar və cinlərdən başqa hamı eşidər. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər ölülərinizi dəfn etməyinizdən qorxmasaydım, sizə qəbr əzabını eşitdirmək üçün Allaha dua edərdim».
Möminlərə gəlincə Allah buyurur: «Şübhəsiz ki: «Rəbbimiz Allahdır! deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30).
Bütün bu hadisələr «bərzəx» deyə adlanan aləmdə baş verir. Keyfiyyəti bizə bəlli olmayan bir şəkildə. Çünki ağlı bu keyfiyyəti dərk etməkdə acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur. Qəbr əzabında məqsəd bildiyimiz qəbr çüxüründa görülən əzab deyildir. Bərzəx adı verilən aləmdə görülən əzabdır. Əzabı dadanlar qəbrdə də olsalar, yerin dibində də olsalar, dənizin dibində və ya balığın qarnında da olsalar, yanıb kül olub, küllərini havaya sovursalar da, heyvanlar didib dağıtsalar da bərzəx deyilən aləmdə əzab görürlər. «Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101).
Səmura b. Cundəb – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdancaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə üzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: ) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər..."
(Davamı var)
Hazırladı: Kamal Hüseyn
İslamevi.az





























































































