"Müharibəni onlar törədib, biz isə onu dayandırmaq istəyirik"
"AntiRusiya layihəsinin məqsədi Ukrayna adlanan tarixi ərazilərimizi ölkəmizdən ayırmaqdır..."
"Kim birbaşa xəyanət yolunu tutubsa, qanunla cəzalandırılacaq..."
"Məhkəmələr və kabinetləri dolaşaraq toz udmaqdan əzab çəkin..."
Putin Federal Məclisə müraciət edib
Əsas tezislər...
Bu gün Moskva vaxtı ilə saat 12:00-da Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətlə çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" nəşri məlumat yayıb.
Tədbir Moskvanın Qostinı dvorunda keçirilib. Tədbirə təkcə deputatlar və Federasiya Şurasının üzvləri deyil, Kremlyönlü ictimaiyyətin müxtəlif nümayəndələri dəvət olunub.
Putin öz müraciətini ondan başlayıb ki, "ölkəsi üçün mürəkkəb, taleyüklü dönəmdə" çıxış edir, yenidən Qərbi və Ukraynanı "aldatma", "müstəmləkəçilik" və "neoliberal totalitar dəyərlər"də ittiham edib. O, bəyan edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi məcburi olub.
"Müharibəni onlar törədib. Biz isə onu dayandırmaq üçün gücdən istifadə etmişik və edirik"! - Putin bəyan edib. Onun sözlərinə görə, Qərbin məqsədi intəhasız hakimiyyətdir, Rusiya isə yalnız özünü müdafiə edir.
Qeyd edək ki, belə bəyanatlar bu və ya digər formada Putinin əvvəlki nitqlərində də səsləndirilib, o cümlədən Rusiyanın "Ukrayna xalqı ilə döyüşmədiyi" iddiaları da bu qəbildəndir. Və bu ölkənin özü, onun sözlərinə görə, Qərb tərəfdən "işğal edilib".
"AntiRusiya layihəsinin kökləri XIX əsrə gedib çıxır. Onu hələ Avstriya-Macarıstan imperiyası və Polşada bir məqsədlə-bu gün Ukrayna adlandırılan bu tarixi əraziləri ölkəmizdən ayırmaq məqsədilə yaradılıb", - o, deyib.
Ukraynaya silah tədarükü barədə danışarkən, Putin vəd edib: bu sistemlər nə qədər uzaqvuran olacaqsa, Rusiya "təhlükəni uzaqlaşdırmaq" üçüb bir o qədər uzağa getməli olacaq. Rusiya prezidenti belə fikir ifadə edib ki, "Rusiyaya döyüş meydanında qalib gəlmək mümkün deyil" və Qərb ölkələrini gənclərə və kilsəyə informasiya hücumlarında ittiham edib.
Putin həmçinin bəyan edib ki, bircinsli nikahlara icazə verərkən və pedofiliyanı normaya çevirərkən, "Qərb elitaları ağıllarlnı itirir. O, qeyd edib ki, Rusiya hökuməti uşaqları qorumalıdır.
"Dövlət özəl həyata müdaxilə etmək fikrində deyil, lakin ailə-kişi və qadının ittifaqıdır", - bu yaxınlarda üzdəniraq "LGBT təbliğatı"nın qadağan edilməsi barədə qanun imzalayan Putin bəyan edib.
Putinin sözlərinə görə, Qərb "milli satqınlara" stavka edir və onları məsuliyyət daşıyacaqları ilə təhdid edib.
"Kim birbaşa xəyanət yolunu tutubsa, terror aktları və başqa hərəkətlər törədirsə, qanunla cəzalandırılacaq", - o, vəd edib.
Müraciətin xeyli hissəsi Rusiya iqtisadiyyatına həsr edilib.
"Sanksiyaların təşəbbüskarları özlərini cəzalandırır. Öz vətəndaşlarına isə deyir ki, ruslar günahkardır. Onların məqsədi vətəndaşlarımızın əzab çəkməsidir. Amma onlar yanılıblar", - Putin bəyan edib və, sanksiyalara rəğmən, Rusiya iqtisadiyyatının çökmədiyi üçün hökuməti tərifləyib.
"Rusiyanın xaricdən pul dilənməyə ehtiyacı yoxdur. Ölkə bankları sabit şəkildə fəaliyyət göstərir. İpoteka portfelinə 20, 4 % əlavə edilib. Bank sektoru 203 milyard gəlirlə işləyib. İnflyasiya məqsədli 4 % -ə yaxınlaşıb. Uzunmüddətli kredit stavkaları üçün şərait formalaşır. Deməli, kredit əlçatan olacaq", - Kreml rəhbəri bəyan edib.
Onun sözlərinə görə, Rusiya "keçmişin səhvlərini təkrarlamayacaq", "yağ əvəzinə top" şüarını rəhbər tutmayacaq.
O, həmçinin xaricdə öz biznesini quran Rusiya vətəndaşlarına müraciət edib.
"Məhkəmələr və kabinetləri dolaşaraq toz udmaqdan əzab çəkin", - prezident rusiyalı biznesmenlərin xarici banklardakı kapitalından danışarkən qeyd edib. O, deyib ki, onları Qərbdə, sadəcə, qarət ediblər. Lakin, onun sözlərinə görə, rusiyalılardan heç kim xarici banklarda öz kapitallarını, yaxta və saraylarından məhrum olan biznesmenlərə acımayıb.
"Hər kəsin seçim imkanı var. Kimsə ömrünü həbsdə olan malikanəsində bloklanmış hesabları ilə başa vurmaq istəyəcək. Bu, istənilən adamın hüququdur. Lakin Qərb üçün belələrinin ikinci növ yad adamlar olub və qalacağını anlamağın zamanıdır. Pulla alınan qraf və dvoryan titulları kömək etməyəcək. Amma başqa seçim də var-öz Vətəninlə birgə olmaq", - Putin deyib və qeyd edib ki, biznesmenlər Rusiyanın inkişafı üçün yatırım qoymalıdır.
O, həmçinin bəyan edib ki, Rusiya "dost olmağı, sözünü tutmağı və çətin vəziyyətdə kömək etməyi bacarır".
"Pandemiya zamanı biz müxtəlif ölkələrə, o cümlədən İtaliyaya kömək etmişik", - Rusiya prezidenti deyib və həmçinin zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardımı xatırladıb.
Putin Ukraynada müharibə iştirakçılarına, habelə həlak olanların ailələrinə yardım üçün dövlət fondu yaratmağı təklif edib. O, həmçinin ilyarımda bir dəfə müharibə iştirakçılarına 14 günlük məzuniyyət verilməsini təklif edib. O, Ukraynada döyüşənlərin hakimiyyət orqanlarına irəli çəkilməsini təklif edib.
İqtisadiyyat və sosial sahəyə həsr edilən blokdan sonra Putin yenidən Qərblə qarşıdurmaya keçib və bəyan edib ki, Rusiya Strateji Hücum Silahları barədə Müqavilədə iştirakını dayandırır. O, Qərb ölkələrini "Rusiyanın strateji aviasiya bazalarına zərbələr endirmək cəhdlərində əli olduqlarında" ittiham edib-ehtimal ki, pilotsuz uçuş aparatları ilə, bir çox mənbələrin məlumatlarına görə,
Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələrini nəzərdə tutub.
"Əgər ABŞ nüvə slnaqları keçirəcəksə, biz də keçirəcəyik", - o, deyib və əlavə edib ki, müdafiə nazirliyi və "Rosatom" (Atom Enerjisi üzrə Dövlət Korporasiyası-red.) "lazım gəldikdə" nüvə sınaqlarının keçirilməsinə hazırlaşmalıdır.
Qeyd edək ki, Putinin müraciəti zamanı Rusiya telekanallarının saytları haker hücumlarına məruz qalıb. Bu barədə "Navalnının komandası" məlumat verib və bəyan edib ki, hücumda o cümlədən könüllülər iştirak edib.































































































