“Səidə Sultanı çox sevirəm. Onun şıltaqlığı, sözü birbaşa üzə deməyi xoşuma gəlir. Çox gözəl oxuyur, mahnıları da gözəldir. O Vaqif Gərayzadə məktəbi keçib. Musiqini əla bilir, gərək o belə səhvlərə yol verməzdi. O deyib ki, muğam oxumaqla bahalı maşın sürmək, pul qazanmaq olmur. Bu qismətdən asılıdır. Hər kəsin ruzisini Allah verir. İstər xanəndə yox, kim olursan ol. Zəmanə elə gətirib ki, bu dəqiqə müəllimin də altında bahalı maşın var”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib.
“Bu dəqiqə bahalı maşın sürmək çətin iş deyil axı. Zəmanə o qədər gözəl zəmanədir ki. Düzdür, zəmanəni korlayanlar da var. Əlində 5-10 manat olsa kreditlə maşın ala bilərsən. Siz elə bilirsiniz ki, hamı nəğd pulla maşın sürür?! Əksəriyyəti kreditlə sürür. Məktəb müəllimi olan qonşum var, onun da altında bu dəqiqə bahalı maşını var. Mən özüm maşın idarə etməyi xoşlamıram, yoldaşım sürür. Əvvəl maşınım olub, pandemiyada satmışam. Bir az vəziyyətim yaxşı deyildi deyə satdım. Mən həmin maşını kreditlə almışdım. Bahalı maşın sürmək nəsə böyük bir iş görmək deyil ki. İnsan var ki, kiminsə gücünə bahalı maşın sürürlər. Salon işçilərinin əksəriyyətində maşın var. Şəhərdə kişilərdən çox qadınlardır maşın sürənlər. O demək deyil ki, hamı əyri yolla maşın alıb sürür. Bu yanaşma düzgün deyil” deyə xanəndə bildirib.
Əməkdar artist, sevilən xanəndə Nuriyyə Hüseynova da müğənni Səidə Sultanın dediyi fikirlərə münasibət bildirib.

“Səidə xanım mənim tələbəm olub, Mədəniyyət və İncəsənət Universitetində ona dərs demişəm. Onun sözündə hardasa bir həqiqət ona görə var ki, dünya ölkələrində böyük sənəti olan insanlar çox gözəl yaşayırlar. Geyimin ən bahalısını geyinirlər, ən bahalı evlərdə yaşayırlar, bahalı maşınları, malikanələri olur. Onlar uşaq evlərinə, qocalar və yetimlər evinə sponsorluq edirlər, himayədarlıq edib ordan uşaq götürüb saxlayırlar. Hətta deyərdim ki, böyük nazirlərdən, prezidentlərdən də, iş adamlarından da gözəl yaşayırlar. Amma bizdə belə deyil, böyük sənəti olanların heç biri bahalı həyat yaşamır. Heç orta da yaşamırlar. Ortadan bir az aşağı yaşayırlar. Əsl sənəti olan insanların hələ mən dəbdəbəli, cəhcəlallı yaşayışını görməmişəm. Bunlardan da biri bizim dünya çapında tanınan muğam ustadımız Alim Qasımovdur. Gedin onu araşdırın. Onun nə böyük ev-eşiyi, villaları, nə də bahalı maşınları yoxdur. Bildiyim qədərilə orta səviyyədə hər şeyi var, heç kimə möhtac deyil. Amma heç nəyi artıq deyil. Təbii ki, o boyda sənətin qarşılığında bahalı həyat yaşamır. Özümü də misal çəkmək istəyirəm. Gördüyüm işlər var. Nüfuzlu layihələr etmişəm, illərin sənətkarıyam, ansambllarda işləyirəm, böyük bir kollektivin rəhbəriyəm. 20 il universitetdə işləmişəm, Bülbül adına orta ixtisas məktəbində çalışıram, bütün bunlara rəğmən mən sadəcə maaşa baxıram. Olanda tədbirlərdən də, toylardan da qonorar alıram. Getdiyim səfərlərdə də qonorar olur. Amma o gəlir heç vaxt imkan vermir ki, bahalı maşınlar, evlər alım. Təbii ki, həyat yoldaşımın himayəsində yaşayıram. Hətta maşınımı da yoldaşım alıb. Səidə xanımın bu mənada sözündə həqiqət var” deyə sənətkar bildirib.




































































































