Ukraynada Kosmik Qoşunların yaradılması ideyası diqqətçəkici və ambisiyalı görünür.
Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı ekspert Viktor Taran “Qazeta po-ukrainski” nəşrində dərc olunan məqaləsində yazıb. Lakin müəllif təşəbbüsün real icrasına şübhə ilə yanaşır.
Pilotsuz uçuş aparatları operatorları mərkəzi “Kruk”un rəhbəri olan Taran qeyd edir ki, Kosmik Qüvvələrin 3–5 il ərzində formalaşdırılması planı kağız üzərində real görünə bilər. Onun fikrincə, bu ideya müasir və cəlbedici səslənsə də, əsas problemlər hələ də həll olunmayıb.
Ekspert əsas sualın cavabsız qaldığını vurğulayır: niyə 2022-ci ildən bəri qanun layihəsi mövcud olsa da, Ukrayna Silahlı Qüvvələrinin Kiberqüvvələri yaradılmayıb?
Onun sözlərinə görə, ölkə artıq öz peyk qruplaşması və mürəkkəb şəraitdə işləyə biləcək müstəqil hərbi rabitə sistemləri planlaşdırır, lakin baza kiberinfrastrukturunun formalaşdırılması ləngiyir.
Taran hesab edir ki, kiber müdafiə olmadan peyk sistemləri üstünlük yaratmır, əksinə, idarəetmə və məlumat ötürülməsi baxımından yeni zəifliklər yaradır. Müasir müharibələrdə isə məhz kiberkomponentin həlledici rol oynadığı vurğulanır.
Ekspertin fikrincə, mövcud yanaşma dəyişməzsə, Ukrayna real hərbi imkanlardan daha çox bahalı və həssas layihələrlə üzləşə bilər.
O xəbərdarlıq edir ki, səs-küylü bəyanatlar və vədlər praktiki nəticələrlə müşayiət olunmasa, bu, “real güc aləti” deyil, yalnız onun imitasiya olunmuş forması ilə nəticələnə bilər.
Bizim.Media





































































































